Onlayn ictimai-siyasi qəzet
Dünən saytımızda “Əkələrin yekə triumfu – Özbəkistan yığması 5-ci qızıl medalı qazandı” başlıqlı xəbər gedəcəkdi. Son anda düzəltdim, “Özbək qardaşların böyük triumfu - Olimpiadada 5 qızıl medal qazanıblar” oldu.
Düzü, oxuculardan qorxdum. Bir az xoşlarına gəlməyən başlıq görən kimi skrin-şot edib sosial şəbəkədə paylaşırlar, bədxahlar tökülüşür, 1993-cü ildən bəri kimin acığı-qıcığı varsa, qisas alır, başlıq qoyanları söyür, biabır edir. Sanki dünya düzəlmək üzrəyimiş, bir başlığa görə hər şey puç olub gedib.
Əslində isə “özbəklər” ifadəsi yerinə “əkələr” deməkdə, yazmaqda heç bir həqarət elementi yoxdur, özbəklər qardaşa, özü də böyük qardaşa, eləcə də hörmət etdikləri şəxslərə əkə (aka) deyirlər. Mənim özümə də Özbəkistanda olanda iltifatla əkə deyirlər və xoşuma gəlir. Mən də onlara deyirəm, xoşlarına gəlir.
Yadıma düşür ki, 10-15 il öncə bu sözün üstündə adından sonra “əkə” kəlməsi işlədildiyi üçün bir tanınmış şəxs redaksiyaya, müəllifin üstünə davaya gəlmişdi, qanqaraçılıq olmuşdu.
Bu ifadəni bizim ölkədə şişirdilmiş əsgərlik xatirələri danışan sovet əsgərləri bədnam eləmişdi. Bizimkilər hamısı əsgərlikdən “blatnoy” gəlirdi axı, hissədə “xleborez”, “kaptyorşik”, “pisar”, “komandirin sürücüsü” işləmiş olurdular, “story”a çıxmadıqlarından, o biri millətləri “çurban” eləməklərindən, “əkələr”ə qahmar çıxmaqlarından danışırdılar.
Beləcə, yüz min dəfə bu cür söhbətlərə qulaq asan yeniyetmə və gənclərdə belə qənaət hasil olmuşdu ki, biz çox güclüyük, döyüşkənik, o biri ölkələrdən olan adamlar isə zəif və əfəldirlər.
Vaxt keçdikcə aydın oldu ki, söhbətlər çox təhrif olunub, heç də hər şey deyildiyi kimi deyilmiş.
Budur, təkcə boksda 5 qızıl medal alıblar. güləş və cüdoda qazandıqları 2 gümüş, 3 bürünc medalları da var. Bəs biz nə qədər qızıl, gümüş, bürünc medal almışıq? Hərəsindən iki dənə (cəmi 6). Hələ o qızıl medalın biri də hədiyyə oldu: mübarizənin son saniyələrində qələbə qazanmaqda olan gürcü idmançı axmaqlıqdan, heç bir ehtiyac olmadan özünü yerə atdı, nəticədə cərimələndi, qızıl medal bizimkinə çatdı.
Yəni artıq yekə-yekə danışmağa, lovğalanmağa ehtiyac yoxdur. Reallığı düzgün qiymətləndirmək, dürüst danışmaq lazımdır. Son illərdə olimpiyaçılarımız çox zəifləyib. Ən çox medal gözlədiyimiz idman növlərində bu il əliboş qaldıq. Çox “güləş bizlikdir”, bir az da zarafatla “badalaq vurmağı bizdən yaxşı bacaran yoxdur” deyirdik, məlum oldu ki, bizdən qıvraqları da varmış.
“Təhminə” filmində bir epizod var, Zaur Leninqrada, sevgili-cananın dalınca getmək üçün çantasını yığanda anası soruşir ki, hara gedirsən. Zaur deyir, Leninqrada gedir, güləşməyə. Anası hiddətlənir: “Mən bilirəm, o nə güləşmikdir”. Parisə gedənlərə baxanda isə ölkədə bir kəs bilmədi ki, bu nə güləşməkdir.
Hələ nəzərə alaq ki, Parisə göndərdiyimiz idmançıların yarısı legioner idmançıdır və qazandığımız medalların çoxu onların payına düşür. Hidayətin kürəyinin arxasında gizlənmişik.
Özbək qardaşlar isə yarışa yalnız milli, yerli idmançılar aparıblar. Özbəkistanlı məşqçi Sardor Nodirov bu xüsusda verdiyi müsahibədə deyir ki, onlara legioner idmançılar və onların qazandığı medallar lazım deyil, əsas iş milli idmançılar yetişdirməkdir.
Hiss olunur ki, Sardor əkənin dilinə görə dilçəyi də var, ölkəsinin milli komandası 8 qızıl medalla (toplamda 13 medal) dünya reytinqində 13-cü yeri tutur. Kişilər işləyiblər, yaxşı idmançılar yetişdiriblər, bizim kimi, çox pul ilə ordan-burdan idmançı dartıb gətirməyiblər.
İndi dostlar ritorik sual qoyurlar ki, niyə belə oldu. Səbəb çox ola bilər, amma məncə, biri budur ki, son 10 ildə döyüş növləri üzrə ixtisaslaşan federasiyalarda 100-də 95 civarında məşqdən çox ibadət edən adamlar toplaşıb. Bir dəfə xaricə gedəndə hava limanının gözləmə zalında 30 atlet saydım, 29-u saqqalıydı, yalnız biri saqqalsız idi. O da güman ki, kosaydı, saqqalı çıxmırdı. Bu aaqqallı gənclər bir-birinə “əxi” deyir, eyzən Allahın köməyi ilə qazanacaqları qələbədən danışırdılar. Amma yarışan zaman son anda məlum olur ki, bir az artıq məşq etmək, heç olmasa, iki dəqiqə gec yorulmaq vərdişinə yiyələnmək lazım imiş.
Bu dəyişməlidir, dövlət dindən ayrıldığı kimi, din də idmandan ayrılmalıdır. Deyəcəklər ki, bunlar bir-birinə mane olmur. Xeyr, mane olur. Bunun namazı var, orucu var, ibadətə ayrılan vaxtı var, idmançının öz qüvvəsindən çox duaya, ilahi qüvvəyə güvənməsi var...
Yaxşı ki, İŞİD-in Suriya və İraqda apardığı müharibə qurtardı, yoxsa bəzi idmançılarımız Avropada bürünc medal qazanmış güləşçimiz Camsulvara Camsulvarayev kimi cihada gedəcək, şəhid olacaqdılar. Yeri gəlmişkən, Şimali Qafqazdan gətirdiyimiz idmançılar da saqqallıdırlar, amma bığsız.
Xüləs, arada əkələrin təcrübəsini öyrənmək lazımdır. Düzdür, sovet dövründə hərbi xidmət vaxtı biz daha qoçaq olmuşuq, amma indi onlar qabaqdadır, rinqdə qabaqlarına çıxanın ağzının payını babat verirlər.
22 Noyabr 2024
21 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ