Onlayn ictimai-siyasi qəzet
10-14 iyul tarixlərində Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) Parisdə regional ofisi tərəfindən Bakıda “Rəsmiyyətin sadələşdirilməsi” üzrə seminar və “Hava limanlarının nəzarət edilməyən zonalarının təhlükəsizliyi” üzrə seminar-praktikum keçirilir. Seminarlar Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin “Beynəlxalq təşkilatlar çərçivəsində ölkəmizdə keçirilməsi məqsədəuyğun hesab edilən tədbirlər” çərçivəsində təşkil olunub.
Tədbir ICAO-nun “Aviasiya təhlükəsizliyi üzrə Yaxın Şərq (CASP-MİD) birgə proqramı” çərçivəsində Şərqi Avropa və Mərkəzi Asiya dövlətləri üçün nəzərdə tutulub.
10-11 iyul tarixlərində keçirilən “Rəsmiyyətin sadələşdirilməsi” üzrə seminarda 12 dövlətin 31 nümayəndəsi və ICAO-nun 4 nümayəndəsi iştirak edir. Seminarın əsas məqsədi hava limanında uçuşların təhlükəsiz, müntəzəm və səmərəli inkişafını təmin etmək üçün rəsmiyyətin sadələşdirilməsi üzrə prioritetlərin formalaşdırılması, sadələşdirilmə ilə bağlı müvafiq dövlət orqanlarının və xidmət təminatçılarının fəaliyyətinin əlaqələndirilməsi və onların vəzifələrinin müəyyənləşdirilməsi məsələlərinin müzakirəsidir.
12-14 iyul tarixlərində keçiriləcək “Hava limanlarının nəzarət edilməyən zonalarının təhlükəsizliyi” üzrə seminarda 11 dövlətin 31 nümayəndəsi və ICAO-nun 4 nümayəndəsi iştirak edir. Seminarın aktuallığı 2009-cu ildə Rusiya Federasiyasının Domodedovo, 2016-cı ilin mart ayında Belçikanın Brüssel və 28 iyun 2016-cı ildə İstanbulun Atatürk Hava Limanında törədilmiş və çoxsaylı insan ölümü ilə nəticələnmiş qanlı terror aktları və bununla əlaqədar hava limanlarının nəzarət edilməyən zonalarının terror hədələrindən və qanunsuz müdaxilə aktlarından qorunması üçün effektiv təhlükəsizlik sisteminin yaradılması zərurəti ilə müəyyən olunur.
Bu seminar çərçivəsində Heydər Əliyev Beynəlxalq Aeroportunda praktiki məşğələnin keçirilməsi və təhlükəsizlik sistemi ilə tanışlıq nəzərdə tutulub.
23 Noyabr 2024
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ