İnsanlara hürriyət, millətlərə istiqlal!

Bəhruz Məhərrəmov: “Artıq şəhid ailələrini prosesə cəlb edirlər, bu, sadəcə iyrənclikdir...”

Deputat Bəhruz Məhərrəmov Milli Məclisdəki çıxışında konkret ad çəkməsə də, gündəmin aktual mövzularından biri barədə danışdı.

MM üzvü bildirdi ki, bu gün Azərbaycanda çox pis tendensiya formalaşıb, bəlli dairələr tərəfindən belə bir yersiz mövqe aşılanır ki, siyasi partiya mənsubu, yaxud sosial media fenomeni istənilən cinayəti törədə bilər, amma o, mühakimə edilməməlidir: “Yaxud onlar düşünürlər ki, hakimiyyəti tənqid edən şəxsin törətdiyi konkret ictimai təhlükəli əmələ münasibətdə onun barəsində cinayət təqibi başlamaq olmaz. Əks halda, sistemli mexanizmlər işə düşür ki, filankəs siyasi mövqeyinə görə təqib olunur. İndi belə çıxır ki, Azərbaycanda istənilən şəxs hakimiyyəti tənqid etdərək toxunulmazlıq statusu qazana bilər? Yaxud hakimiyyəti tənqid edən adam dələduzluğa, oğurluğa, qətlə görə məhkum edilibsə, o siyasi məhbusdur? Bütün insan hüquqları mexanizmlərində ilk qızıl qayda budur ki, hamı qanun və məhkəmə qarşısında bərabərdir. Hər hansı şəxs tərəfindən və hər hansı səbəbdən məhkəmə icraatına qanuna zidd təsir, hədə və müdaxilə edilməsi yolverilməzdir. Amma iclas öncəsi məhkəmələrin qarşısında aksiyalar keçirirlər. Tələbləri də odur ki, hakim maddi və prosessual qanunvericiliyi bir kənara atıb, bunların siyasi sifarişlərini yerinə yetrirməlidir”.

B.Məhərrəmov əlavə etdi ki, həmin şəxslər yeni metod tapıblar: “Artıq şəhid ailələrini prosesə cəlb edirlər. Bu sadəcə iyrənclikdir, bu insanların öz dərdləri özlərinə bəsdir, niyə şəhid analarını murdar siyasətə alət edirsiniz? Azərbaycan dövləti üçün hər bir vətəndaşın həyatı qiymətlidir. Amma heç bir vətəndaşa o hüquq da verilməyib ki, özünü hüquqdan, qanundan üstün tutsun. Məhkəməni aclıqla, susuzluqla, şantaj etmək, hakimin iradəsinə təzyiq etmək nə deməkdir?”

E.Paşasoy,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR