İnsanlara hürriyət, millətlərə istiqlal!

İvanişvilidən Abxaziya və Cənubi Osetiya konfederasiya eyhamı

Moskva Tiflisə Suxumi və Sxinvali ilə münasibətləri yaxşılaşdırmağa kömək etməyə hazırdır.

Musavat.com Rusiya mediasına istinadla xəbər verir ki, Rusiya hökuməti Gürcüstan hakimiyyətinin ərazi bütövlüyünü bərpa etmək ideyalarını belə şərh edib.

Buna cavab olaraq, hakim “Gürcü arzusu”nun siyahısında seçilmiş “Xalq hakimiyyəti” liderlərindən biri Quram Maçaraşvili xoşməramlılıq əlaməti olaraq Kremlə öz qoşunlarını Abxaziya və Cənubi Osetiyadan çıxarmağı təklif edib.

“Gürcü arzusu”nun qurucusu Bidzina İvanişvili bildirib ki, əgər onun partiyası seçkilərdə konstitusiya çoxluğunu qazanarsa, “doğru anda” ərazi bütövlüyünü bərpa etmək üçün ölkənin əsas qanununa yenidən baxacaq. Görünür ki, söhbət konfederasiya yaratmaqdan gedir, hərçənd bu barədə birbaşa deyilmir.

Siyasətçinin fikrincə, o zaman həmvətənlərinin çoxdankı arzusu gerçəkləşəcək: Gürcüstan birləşəcək və güclü olacaq. Eyni zamanda İvanişvili vurğulayıb ki, özünün dediyi kimi, xarici agentlərdən ibarət olan müxalifət, əksinə, respublikanı daim qarşıdurma şəraitində saxlamaq istəyir.

Xatırladaq ki, bundan əvvəl siyasətçi həmvətənlərini 2008-ci il müharibəsinə görə osetinlərin qarşısında tövbə etməyə çağırmışdı. Onun sözlərinə görə, Qərbin maraqları baxımından bunu Mixail Saakaşvili başlayıb və o, bu cinayətə görə mühakimə olunmalıdır. İvanişvili ümid edir ki, gürcülər Sxinvalidən üzr istədikləri andan onun Tiflislə birləşməsi prosesi başlayacaq.

Lakin həm Cənubi Osetiya, həm də Abxaziya bu məsələdə fərqli fikirdədir. Onlar “Gürcü arzusu” liderinin bəyanatlarını seçkiqabağı populizm hesab edir və israrla bildirirlər ki, Gürcüstan onların müstəqilliyini tanımalıdır.

Buna baxmayaraq, Rusiya hökuməti bildirib ki, “Gürcü arzusu” keçmişi düzgün qiymətləndirir. Moskva Suxumi və Sxinvalla münasibətlərin normallaşdırılması prosesində Tiflisə kömək etməyə hazırdır - əgər onlar bunda maraqlıdırlarsa. Bura hücum etməmək barədə razılaşmaların təmin edilməsi daxildir. Eyni zamanda, Rusiya hakimiyyəti barışığın hansı formada baş tutacağına qərar vermək fikrində olmadığını vurğulayır: bu suala Abxaziya, Cənubi Osetiya və Gürcüstanda cavab verilməlidir.

Lakin görünən odur ki, Gürcüstan hakimiyyəti hələlik belə əməkdaşlığa hazır deyil. “Rusiya əməli addımlar atsa və qoşunlarını Gürcüstan ərazisindən çıxararsa, bu bəyanat inandırıcı olacaq”, - hakim “Gürcü arzusu”nun siyahısında seçilən Quram Maçaraşvili cavab verib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR