İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda regionun ən böyük kitab sərgisi keçiriləcək -FOTO  

10-cu Bakı Beynəlxalq Kitab Sərgisi Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə  oktyabr 2-8-də Bakı Ekspo Mərkəzində keçiriləcək.

Musavat.com xəbər verir ki,  Mədəniyyət Nazirliyinin Media və kommunikasiya şöbəsinin müdiri Aynur Kərimova bu gün konfrans barədə mətbuat nümayəndələrini məlumatlandırıb.

Mətbuat konfransında Nazirliyin Kitab sənayesi şöbəsinin müdiri Akif Marifli  bildirib ki, iki gündən sonra ölkəmizdə regionun ən böyük kitab sərgisi keçiriləcək:

"Dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illik yubileyinə həsr olunan 10-cu Bakı Beynəlxalq Kitab Sərgisi müəyyən edilmiş indekslər üzrə (iştirakçı, ziyarətçi, keçirilən tədbirlər,  yerli və xarici müəlliflər iştirakına və s.) regionun ən böyük kitab festivalıdır. Sərgidə 4 qitəni təmsil edən 18 ölkədən 56 xarici təşkilat, 110 yerli nəşriyyat-poliqrafiya və kitab sənəti ilə əlaqəli müəssisə iştirak edəcək, Türkiyə, İtaliya, Çin, Rusiya, Koreya, Macarıstan, Qazaxıstan, Qətər, Özbəkistan, Oman, Argentina, Mərakeş, Venesuela, Gürcüstan, Meksika, Kolumbiya, Çili, Monqolustanın adını çəkə bilərik".

A.Marifli əlavə edib ki, sərgi çərçivəsində 300-dən çox  tədbir keçiriləcək: "Xarici nəşriyyat və təşkilatlar da sərgidə təmsil olunacaqlar,  "The Replika Publishing and Printing, Çikolata" Yayınları, "Kayıhan Yayıncılık", "Phoenix Publishing & Media Group", "East China Normal University Press ltd.", Phoenix Fine Arts Publishing Ltd.", "Veritas and Mercurius Publishing ltd.", "UMBUM" və digərlərini qeyd edə bilərik".

Bildirilib ki, sərginin fəxri yazarları arasında Salam Sarvan, Rövşən Abdullaoğlu  təmsil olunurlar.

Sərginin fəxri qonaqları isə dünya şöhrətli irland yazar Con Boyn, alman yazar Vulf Dorn və Azərbaycan əsilli Fəriba Vəfidir.

Sərginin fəxri yazarı Rövşən Abdullaoğlu qeyd edib ki, yazıçının tanınması üçün onun  öz fəaliyyəti və beynəlxalq sərgilərdə iştirakı önəm daşıyır: "Dünyada beynəlxalq arenaya çıxmaq üçün minlərlə yazıçı var, bu baxımdan yazıçının özünü tanıtması çox çətindir. Beynəlxalq kitab sərgiləri hazırda ən effektiv üsuldur. Bizim üçün sərgilər hava, su kimi vacibdir". 

Qanun Nəşriyyatının direktoru Şahbaz Xuduoğlu isə kitabın, mütaliənin insan üçün önəmindən, sərginin keçirilməsinin vacibliyindən danışıb.

Sərgi çərçivəsində uşaqlar və böyüklər üçün master klaslar, inklüzivlik və digər aktual mövzular üzrə kitab təqdimatları, imza günləri, konfranslar, simpoziumlar, müsabiqələr, qiraət və musiqi saatları formatında 327 tədbir keçiriləcək. Bu statistika Bakı Beynəlxalq Kitab Sərgisinin 15 illik tarixində ən yüksək göstəricidir.

Qeyd edək ki, sərginin açılış mərasimi 2 oktyabr 2024-cü ildə Bakı Ekspo Mərkəzində olacaq. Sərginin iş vaxtı hər gün 10:00-dan 20:00-dək davam edəcək. Sərgiyə gediş -gəliş isə Ziyarətçilərin “Elmlər akademiyası”, “28 may” və “Koroğlu” metrostansiyalarından Bakı Ekspo Mərkəzinə xüsusi avtobuslar vasitəsilə təmin ediləcək.

 

Afaq Mirayiq,

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR