Onlayn ictimai-siyasi qəzet
Çox deyirdilər: “Zelenski oyuncaq prezidentdir”, “ABŞ-nin layihəsidir”, “təlxəkdir”, “o, hakimiyyətə özü gəlməyib, gətiriblər” və sair və ilaxır.
Rusiya-Ukrayna müharibəsinin yeni başladığı vaxt başqa sözlər də deyirdilər: “Çox çəkməz, 3-4 günə qaçacaq”; “Putin onu ələ keçirib güllələyəcək”, “Saakaşvili kimi onu da axırda türməyə salacaqlar” və s. və i.s.
3 ildən çoxdur ki, Zelenski bütün deyilənləri puça çıxarır, nə qaçır, nə təslim olur, nə də onu ələ keçirə bilirlər.
Əgər Ukrayna xalqı ondan fərqli düşüncədə olsaydı, yəqin ki, ya xalq etirazları sayəsində, ya da ordudakı silahlı birləşmələrin qiyamı nəticəsində o, devrilərdi.
Ancaq bu üç ildə belə bir təşəbbüs olmadı. Bu onu göstərir ki, Ukrayna xalq Zelenskinin Rusiyaya qarşı dirənişini dəstəkləyir. Bəlkə də Zelenski təslimçi mövqe tutsaydı, devrilərdi.
Dünən gecə Zelenskinin Ağ Evdə Donald Trampla görüşündən yayılan videolar, şəkillər, söhbətin məzmunu haqda fraqmentlə göstərdi ki, bu, bədxahlarını qələmə vermək istədiyi adam deyil.
Hanı bu söhbətdə onun ABŞ-nin marionetkası olmasına dair ən xəfif bir eyham?
Tramp onun rəsmi “dress-kod”da olmamasına işarə edərək deyir: “Sizin ümumiyyətlə kostymunuz var?”
Qaba sataşmadır. ABŞ-nin Trampdan əvvəlki 44 prezidentinn heç biri özünə bunu rəva görməzdi. Çünki Zelenskinin müharibədən qabaq şıq kostyumlarda çəkilən yüzlərlə şəkli var.
Zelenski isə ona ləyaqətli biçimdə , ancaq bir az da tikanlı cavab verir: “Mənim kostyumum var, sadəcə bura geyinməmişəm”.
Ardınca o, Trampın danışıq tonu ilə bağlı iradını dilə gətirir: “Sizin də səs tonunuz mənim xoşum gəlmir”.
Tramp özü də qırmızı adam olduğundan və dünyada diplomatiya deyilən şeyin D-sindən xəbəri olmadığından birbaşa deyir ki, Zelenski ona və ABŞ-yə hörmət etmir.
ABŞ prezidenti belə deyir və cavabını alır. Zelenski ona başa salır ki, Vaşinqtona danlaq eşitməyə, məktəb direktorunun qarşısında boynu buruq duran şagird kimi görünməyə gəlməyib.
Həkə vitse-prezident Cey Di Vens də arada di-ceylik edir, özünü direktora dəstək verən dərs hiss müdiri kimi aparır, iki prezidentin söhbətinə qarışır. Halbuki protokol qaydasına görə bu düzgün deyildi.
Söz yox, ABŞ Rusiyaya qarşı dirəniş göstərməkdə Ukraynaya çox kömək edib. Amma bu yardım barədə qərarları eks-prezident Bayden və onun komandası verib.
Tramp isə ötən ilin yayından Ukraynadakı müharibəni sona çatdırmağın yeganə yolu kimi Kiyevin kapitulyasiyasını görür və dilə gətirir.
Ən pisi odur ki, onun milyarderlər komandasının üzvləri də bir-birinin ağzına tüpürübmüş kimi eyni sözləri deyirlər.
Görüşdən əvvəl xəbər vardı ki, Zelenski Vaşinqtona Trampın təklifi ilə razılaşmaq üçün gedib və ölkənin mineral ehtiyatlarının istismarını ABŞ-yə verməklə bağlı sazişi imzalayacaq. Bu, bir tərəfdən hazırkı situasiyanın çıxılmazlığı ilə bağlıdırsa, digər tərəfdən, Uklrayna onsuz da mədənləri hansısa təcrübəli ölkələrlə birlikdə istismar etməlidir.
Ancaq Tramp və Vens görüşdəi necə hozuluq etdilərsə, Zelenski sazişi imzalamaqdan vaz keçdi. Lap Tramp ona “söhbət bitdi, gedə bilərsən” deyibsə də, əmin olun ki, söhbəti Zelenski bitirib.
Bir sözlə, dünyanın intizarla gözlədiyi bu sövdə də tutmayıb.
Görüşdən sonra Ukrayna tərəfinin jurnalistlərə açıqlama verməməsi də onun göstəricisidir ki, deyiləcək söz yoxdur. Əksinə olsaydı, fotokameraların qarşısında gülümsər çöhrə ilə bol-bol poza verilərdi.
Trampın verdiyi açıqlama isə rüsvayçılığın yeni levelidir. “Mənə üstünlük lazım deyil, sülh istəyirəm. O, Amerika Birləşmiş Ştatlarının müqəddəs oval ofisində ona hörmətsizlik etdi. O, sülhə hazır olanda geri qayıda bilər”.
“Sülhə hazır olanda” ifadəsini bu gün hamı “təslim olmağa hazır olanda” kimi başa düşür və bu, məhz belədir. Tramp aqressoru yerində oturmaq cəsarəti göstərmir, hücuma məruz qalana, yaralanana “görürsən, səni öldürür, təslim ol, canını qurtar” deyir. Zelenski xalqı və Ukrayna bunu 2022-ci ilin martın 1-də, ortalıqda Tramp olmadan da edə bilərdi.
Zelenskinin Trampla mükaliməsi, özünü ötkəm aparması isə onun Avropa sarıdan belinin bağlı olmasına görədir. Avropa liderləri dünən Zelenskiyə “diktator” deyib, bu gün sözünü danan Tramp kimi davranmaq fikrində deyillər. Onlar Ukraynanı Rusiyaya yem etməyin “qoca qitə”yə baha başa gələcəyini anlayırlar.
Ona görə də dünən gecə Tramp-Zelenski duelindən sonra hamısı sözləşibmiş kimi Zelenskini müdafiə etdi.
İndi əsas məsələ odur ki, bundan sonra nə olacaq.
Müharibə bundan sonra da davam edəcək. Ağırlıq Avropanın üzərinə düşəcək. Tramp ya ölkəsinin beynəlxalq nüfuzuna zərbə vurmaqda, ABŞ-ni oyundankənar vəziyyətə salmaqda davam edəcək, ya da ziyanın yarısından qayıdaraq müharibəni sona çatdırmağın yolunun aqressoru ram etməkdə olduğunu başa düşəcək.
P.S. Trampın özünü türmələrdəki “oğrubaşı” kimi aparması isə həm gülməlidir, həm də dünyəvi bir dramdır.
01 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ