İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakılı FTX agenti Xankəndidə rusları başına toplayır

Sabah “rus icması”nın Qarabağda yaşayan Rusiya vətəndaşları ilə görüşü olacaq, ekspert: “Hər hansı oyunbazlıq mümkün olmayacaq, Azərbaycan  artıq Qarabağ erməniləri ilə qeyri-formal kontakt yaradıb”

Oktyabrın 22-də, yəni sabah Qarabağda yaşayan Rusiya vətəndaşlarının toplantısı olacaq. “Yeni Müsavat”ın verdiyi xəbərə görə, bu barədə məlumatı qondarma “Dağlıq Qarabağın rus icması” yayıb. Görüşün niyə keçirilməsi açıqlanmır, lakin Qarabağda Rusiya vətəndaşlarının olmasına işarə edilir. Məlumdur ki, Kremldə tez-tez Qarabağla bağlı “Donbas ssenarisi” haqda baş sındırırlar.

Hələlik bunun işartılarından biri Rusiyanın Qarabağda sülhməramlıların müvəqqəti nəzarət zonasında yerləşdirilməsindən sonra tələsik “rus icması” yaratmasıdır. Və onun rəhbəri kim olsa yaxşıdır, Moskvadan Federal Təhlükəsizlik Xidmətinin (FTX) Akademiyasının məzunu, Bakıda anadan olmuş, kökəncə erməni Aleksandır Bordov... Onun icmaya “sədr” göndərilməsi ilə Moskva tanış bir planı işə saldı. Bordov həmçinin “Dağlıq Qarabağın rus dünyası” üzdəniraq “mədəni-maarif” layihəsinin, başqa sözlə, Azərbaycan üçün “Donbas ssenarisi”nin müəllifidir. Onun təyinatından sonra Xankəndi və ətrafında “slavyan əsilli” şəxslərin siyahıya alınmasına başlanıldı. Sözügedən qondarma icmanın 2021-ci ilə aid hesabatında Qarabağın dağlıq hissəsində daimi yaşayan 1500 rus və 2500 slavyanın qeydiyyatdan keçdiyi yer alıb. Məlum məsələdir ki, Qarabağda deyildiyi qədər rusun yaşaması barədə göstərilən rəqəm ağ yalandır. Hətta dinc dövrdə belə Xankəndidə və ermənilər yaşayan ətraf bölgələrdə rusların sayı çox az idi. İndi də ola bilsin ki, Qarabağda qarışıq nikahı olan ruslar var, amma onların saylarının “icma yaratmaq” həddə olmadığı dəqiqdir.

Yeri gəlmişkən, Bordov ötən ay da Ermənistana gedib və bütün ermənilərin katolikosu II Qareginlə görüşüb. Erməni mənbələrinin məlumatına görə, katolikos “erməni xalqı ilə birlikdə müharibədən sonrakı çətinlikləri yaşayan” “rus icması”na xeyir-dualarını çatdırıb. A.Bordov Qarabağdakı qondarma “rus icması” adından “son yüz ildə Qarabağda tikilmiş ilk rus pravoslav kilsəsi olan "Məsihin Doğuşu" şərəfinə inşa edilən kilsənin tikintisinə göstərdiyi mühüm dəstəyə görə" baş erməni keşişinə təşəkkür edib. Separatçılar guya bu təşkilatın “müstəqil” olduğunu iddia etsələr də, əslində oyuncaq rejimin başçısı Araik Arutyunyan rusları “artsax vətəndaşı” adlandırmaqla şantaj edir. O, hazırda Xankəndidə yaşayan ruslardan Rusiyanın özünə qarşı istifadə edir, belə rəy yaratmaq istəyir ki, guya Qarabağda “rus icması” var və onlar da bu sərsəm “müstəqilliyi” arzulayırlar. Maraqlıdır, Bakı-Xankəndi danışıqlarının gündəmə gəldiyi bir vaxtda FTX agentinin “rusları” fəallaşdırmaqda məqsədi nədir?

Bundan əlavə, rus sülhməramlılarının müvəqqəti məsuliyyət zonasında olan hissəsində, keçmiş Ağdərə rayonunda “Rus mərkəzi” açılıb. Bildirilir ki, mərkəz “rus dili və mədəniyyətinin öyrədilməsi” ilə məşğul olacaq. Mərkəzin guya mesenatlar sayəsində açıldığı, xeyriyyəçilərin tədris materialları və mebel verdiyi iddia edilib. Ekspertlərin fikrincə, Rusiyanın Qarabağ iqtisadi rayonu ərazisində “Rus icması” yaratması, “Rus mərkəzi” açmasının heç bir ictimai-sosial məntiqi yoxdur. Çünki Qarabağda ümumilikdə 20-25 min erməni yaşayır. Rusların Qarabağa köçürülməsi də mümkün deyil. Buna baxmayaraq, burada “icma” yaradılır. Şübhəsiz, bunun səbəbi yalnız siyasi məqsədlərdir.

Sabiq dövlət müşaviri Qabil Hüseynli: "Türkiyə Qarabağ bölgəsində məsələnin  bitmədiyi qənaətindədir" - MÜSAHİBƏ

Qabil Hüseynli

Professor Qabil Hüseynlinin “Yeni Müsavat”a bildirdiyinə görə, həmin icmanın rəhbərinin bir tərəfi rus, bir yanı ermənidir: “Bu bir rus-erməni işbirliyidir. Bu addımı atmaqla, toplantılar keçirməklə Azərbaycana və dünyaya siqnal verirlər ki, rusların Qarabağda sayı arta, hətta gələcəkdə rus pasportu paylana bilər. Amma bütün bunlar əbəs cəhdlərdir. Əvvəla, Abxaziya və Cənubi Osetiyada oxşar hərəkətləri etdilər, çünki Rusiya ilə sərhəd idi. Dünya isə Azərbaycanın ərazi bütövlüyünü tanıyır, Qarabağın da Rusiya ilə sərhədi yoxdur. Belə olan halda "rus icması" üzərindən siyasət aparmağın perspektivi yoxdur. Çünki hər hansı oyunbazlıq mümkün olmayacaq. Artıq Azərbaycan Qarabağ ermənilərinin bəzi nümayəndələri ilə qeyri-formal kontakt yaradıb, təmaslar var, bu nöqteyi-nəzərdən siyasi manevr alınmayacaq. Xankəndi ilə Bakı arasında əlaqələr sürətlənərsə, “rus icması” iflas edəcək. Onların keçirdiyi iclaslar göstərmək naminədir. Amma süni şəkildə rus əhalisinin sayını artırmaq mümkün deyil. Azərbaycan bu gedişləri izləyir və Bordov kimi hoqqabazların addımları uğurlu olmayacaq". Q.Hüseynlinin sözlərinə görə, Paşinyan-Araik görüşündən yayılan informasiyada da bu tezislər keçirdi ki, İrəvan Xankəndi administrasiyasına Bakı ilə özlərinin əlaqə qurmasını tövsiyə edib: “Bu məlumatlar təsdiqləyir ki, separatçılar çarəsizliklə üzləşdiklərini dərk etməkdədirlər. Azərbaycan ərazisində uzun müddət separatizmin mövcud olmasına imkan verməyəcəyik. O baxımdan istər "rus icması", istərsə digər fəaliyyət növləri Xankəndi və ətraf ərazilərdə üçrəngli bayrağımızın dalğalanmasına mane ola bilməyəcək".

Polkovnik Üzeyir Cəfərov qeyd etdi ki, bu, yaxşı niyyətdən irəli gəlmir: “İcma yaradılanda deputat Aydın Hüseynova söylədim ki, həmkarınız Mixail Zabelin səsini ucaltmır, Azərbaycanda rus icmasının rəhbəridir. Çünki ikinci "icma" yaradılması xain planlara xidmət edir. Bu icma Rusiyadan gələn tapşırıqları yerinə yetirir və rəhbəri də FTX əməkdaşıdır. Bütün bunlar bizə heç nə demir? Niyə rus hərbçiləri bölgəyə yerləşən kimi “rus icması” ortaya çıxdı? Təəssüf ki, onun fəaliyyəti ilə bağlı heç bir narahatlıq dilə gətirmirik. Rəsmiləri başa düşmək olar, amma siyasətçilər, deputatlar danışmalıdırlar. Faktiki, xoşagəlməz cəhdlər görməkdəyik. Bu, gələcəyə hesablanmış plandır. Bu gün heç nə həll edə bilmirlər, amma ürəkaçan məsələ deyil".

Oxu.az - Ramiyə Məmmədova: “Ermənilər Türkiyədə pul qazanır, amma  Ermənistanda türk görmək istəmirlər”

 Ramiyə Məmmədova

Siyasi şərhçi Ramiyə Məmmədova hesab edir ki, rəsmi Bakı Moskvaya Azərbaycan ərazisində ikinci “rus icması”na ehtiyacın olmadığını izah etməlidir: “Bu prosesdə Azərbaycanın Rus İcmasının üzərinə də böyük iş düşür. Bordovu İcmanın "qara siyahı"sına salmalı, onlardan olmadığını elan etməlidirlər. Qarabağdakı rus əsilli olanlarla işləməlidirlər. Rusiya rəhbərliyinə Azərbaycan ərazisinə ikinci icmanın yaradılmasını qəbul etmədikləri haqda müraciət ünvanlamalı, ikinci icmanın yaradılmasının əsas icma ilə münasibətlərdə problemə yol açdığını anlatmalıdırlar. Azərbaycanın Rus İcması Qarabağda qondarma “rus icması” layihəsi dövriyyəyə salınandan indiyə kimi hələ də heç bir reaksiya verməyib. Biz bu məsələlərin üstünə getməliyik. Sən gəl Xankəndidə görüş keçir, biz də tamaşa edək, rus hərbçi də onları yeni yoldan Qarabağa buraxsın. Buna sərt cavabımız və tələbimiz olmalıdır. Separatçılara xidmət edən bütün vasitələrin, hərəkətlərin qarşısı alınmalıdır. Azərbaycan Rusiya ərazisində adekvat addım atarsa, Kremlin reaksiyası necə olardı?"

Ekspertin fikrincə, Rusiya Qarabağın dağlıq ərazisində Dnestryanı presedentini tətbiq edə bilər: “Qarabağla Rusiyanın sərhədi yoxdur, amma Moldovanın separatçı regionu ilə də yoxdur, gəl ki, Dnestryanıda separatizmi dəstəkləyir. Oxşar siyasət Xankəndi üzərindən aparılır. Rusiya bu gün bizimlə strateji müttəfiqlik sənədi imzalayıb, orada separatizmə qarşı birgə mübarizə bəndi göstərilib, lakin yenə tarixi maraqlarına görə öz siyasətindən əl çəkmir. Bəli, ola bilsin ki, bu gün reallaşmayacaq, amma təməli qoyulur, gələcəkdə Rusiya-Azərbaycan münasibətlərində dəyişiklik olarsa, Bordovun "rus icması" daha güclü şəkildə işinə başlaya bilər. Azərbaycan indidən “rus icması”nı beşikdə boğmalıdır, tədbirlər görülməli, ən əsası Araik rejimi orada demontaj edilməlidir ki, “rus icması” planı da dərhal süquta uğrasın".

Emil SALAMOĞLU
“Yeni Müsavat”

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR