Onlayn ictimai-siyasi qəzet
Bakıda 55 yaşlı qadın qanunsuz sahibkarlıq və hədə-qorxu ilə tələbetmə cinayətlərinə görə həbs edilib.
Musavat.com xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, təqsirləndirilən Qönçə Məmmədova qanunsuz olaraq vətəndaşlara sələm verərək göstərdiyi xidmət qarşılığında müştərilərindən faiz alıb.
Q.Məmmədova 13 nəfərə 92 min 760 min manat sələm verib, hesabladığı faizlərlə birlikdə onlardan əlavə 51 min 675 manat pul alıb. Qadının bu və digər əməllərinin üstü müştərilərindən ikisini şantaj etdikdən sonra açılıb.
İstintaq materiallarında yazılıb ki, Q.Məmmədova ondan pul götürən G.Quliyeva və F.Fərzəliyevaya borclarından əlavə pul hesablayıb.
Zərərçəkmiş şəxslər sələmçinin tələbləri ilə razılaşmadıqda isə şantaj olunublar.
Təqsirləndirilən xanım həmcinslərini şantaj etmək üçün maraqlı yola əl atıb. O, zərərçəkmişləri üçüncü şəxs vasitəsilə tanıdığı, hazırda Almaniyada yaşayan bloqer Qabil Məmmədovla hədələyib.
Zərərçəkmiş xanımlar şikayətlərində yazırlar ki, Qönçə Məmmədova onlara yutub və digər sosial şəbəkələrdə Qabil vasitəsilə rüsvay edəcəyini, şərəf və ləyaqətlərini alçaldacağını deyib. Onlar razılaşmadıqda isə özlərinin və qohumlarının sosial şəbəkə hesablarından toplanmış şəkil və videolar Qabilə göndərilib. Bundan sonra sövdələşməyə əsasən, Qabil özünün sosial şəbəkə üzərindən fəaliyyət göstərən kanalında G.Quliyevanın və xalası qızının şəkillərini paylaşıb, guya onların müxtəlif cinayətlərdə iştirak etdiklərini deyib, onlar haqda rüsvayedici ifadələr işlədib.
Sələmçi qadın digər zərərçəkmişi də eyni cür şantaj edib.
F.Fərzəliyevanın sözlərinə görə, Qönçə Qabili xalası oğlu kimi təqdim edib. Deyib ki, əvvəl G.Quliyeva adlı müştəri də onun dediklərinə əməl etməyib, bu səbəbdən Qabil vasitəsilə onu rüsvay edib. F.Fərzəliyeva Qabilin nalayiq sözlərindən qorxduğu üçün sələmçi qadınla razılaşmağa çalışıb. Lakin sonradan qanunsuz tələblərindən bezərək prokurorluğa şikayət etmək qərarına gəlib.
Cinayət işinin istintaqı Baş Prokurorluğun İstintaq İdarəsi tərəfindən aparılıb.
İstintaq zamanı Qönçə Məmmədova G.Quliyeva və F.Fərzəliyevanın ikisi ilə də ayrı-ayrı üzləşdirilib. Zərərçəkmiş şəxslər əməllərini təqsirləndirilənin üzünə deyərək onu ifşa ediblər.
Qönçə Məmmədova özünü qismən təqsirli hesab edir. O, ilkin ifadəsində zərərçəkmişlərin ona olan borcunu qaytarmadıqlarını deyib. G.Quliyeva haqda məlumatları da Qabilə ona görə göndərib ki, bu yolla təsir etsin. Dediyinə görə, daha əvvəl G.Quliyeva barədə polisə şikayət edib. O, Qabil Məmmədovun xalası oğlu olmadığını, onunla digər şəxsin vasitəsilə tanış olduğunu bildirib.
Bu işlə bağlı Qönçə Məmmədova ilə birgə Qabil Məmmədov da cinayət məsuliyyətinə cəlb edilib. Lakin ölkə hüdudlarından kənarda olduğu üçün ona ittiham elan edilməyib. Bloqerin Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə başlanmış cinayət işi ayrıca icraata götürülüb.
Qönçə Məmmədovaya isə 182-ci maddə ilə yanaşı, 192-ci (qanunsuz sahibkarlıq) maddəsi ilə ittiham elan edilib. İş üzrə ilkin istintaq bu günlərdə tamamlanıb, yaxında məhkəmə başlayacaq.
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ