İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda olmuş Fransa prezidentindən mühüm bəyanat - Makrondan sonra...

Azərbaycana qarşı qərəzli siyasətindən əl çəkməyən, Sarkozi qədər də olmayan Emmanuelin hakimiyyətindən biabırçılıqla yola salınmasına çox qalmadı; rəqibləri və sələfləri bunu aksioma hesab edir; ekspertlərimiz deyir ki...

Fransada makronizm sona çatır. Bunu ölkənin keçmiş prezidenti (2012-2017) Fransua Olland “Frans Press” agentliyinə müsahibəsində deyib. “Fikrimcə, keçmiş baş nazir Eduard Filipp vəziyyəti ən yaxşı şəkildə dəyərləndirib. Yəni makronizmin sonu çatıb, əgər həqiqətən o mövcud olubsa. Amma o, artıq bitdi”, - sabiq prezident vurğulayıb.

Olland ölkədə yenidənqurma vaxtının yetişdiyini bildirib. Eks-prezidentin sözlərinə görə, makronizm Fransaya siyasi baxımdan baha başa gəlib, partiyalara və ictimai rəyə ziyan vurub. Qeyd edək ki, Makron partiyasının AP seçkilərini uduzduqdan sonra Milli Assambleyanı buraxıb. Ölkədə növbədənkənar parlament seçkilərinin birinci turu 30 iyunda, ikinci turu 7 iyulda keçiriləcək.

Makron erasının sona çatdığını təkcə Olland demir. Bundan öncə Milli Birlik Partiyasının parlament fraksiyasının sədri Marin Le Pen də bənzər fikirlər ifadə etmişdi. Fransada İntibah Partiyasının populyarlığının azalması fonunda yaranmış siyasi böhranı həll etmək üçün Makron istefa verməli olacaq. Bu sözləri mətbuata açıqlamasında  Marin Le Pen bildirmişdi. “Mən Makronu istefaya çağırmıram - güc institutlarımıza hörmət edirəm. Amma siyasi blokada və ya böhran baş verəndə üç variant var: kadr dəyişikliyi, ləğv və ya istefa. Belə bir şəraitdə kadr dəyişiklikləri mənim üçün faydalı görünmür. Ona görə də prezidentin qarşısında qalan yeganə seçim siyasi böhrandan çıxmaq imkanı əldə etmək üçün istefa verməkdir”, - deyə Le Pen əlavə edib.

Qeyd edək ki, iyunun 9-da Fransada keçirilən Avropa Parlamentinə seçkilər zamanı Milli Birlik Partiyası birinci yeri tutaraq 31 faizdən çox səs toplayıb, İntibah Partiyası isə 14,6 faizlə ikinci yerdə olub. Tərəfdarlarının məğlubiyyətindən sonra Makron Milli Assambleyanı (Fransa parlamentinin aşağı palatası) buraxmaq və növbədənkənar parlament seçkiləri elan etmək qərarına gəlib.

Azərbaycana qarşı qərəzli siyasətindən əl çəkməyən Emmanuel Makronun  biabırçılıqla yola salınmasına çox qalmadığını demək üçün kifayət qədər əsaslar var. Hikkəli siyasətinin nəticəsində Avropa Parlamentində uduzan “intibahçı”nın uğursuzluğa düçar olacağını rəqibləri və sələfləri də aksioma hesab edir. Bu yerdə xatırladaq ki, vaxtilə Oland Azərbaycana səfər edib. 2015-ci ildə o, İrəvanda olarkən Bakıya da gəlmiş, buradan vətəninə qayıtmışdı. Ondan əvvəl, 2011-ci ildə isə Fransa prezidenti Nikola Sarkozi Bakıda Fransız Liseyinin təməlqoyma mərasimində iştirak etmək üçün Bakıya gəlmişdi. Azərbaycana qarşı qərəzli siyasətindən əl götürməyən Emmanuel Makron isə 2018-ci ildə Ermənistana səfər etsə də, Azərbaycana gəlməyi özünə rəva bilməmişdi. Üstəlik, onun hakimiyyəti dövründə iki ölkə arasında əlaqələr ən aşağı səviyyəyə düşüb. Bəs Olland nəyin mesajını verir? Makron vaxtından əvvəl postundan gedə bilərmi? Ollandın özünün necə, siyasətə qayıtmaq fikri varmı? Makronizmdən sonra konkret olaraq Azərbaycan-Fransa münasibətləri necə görünür? Əlaqələrin əvvəlki, nisbətən sakit dövrünə qayıdışı mümkünmü? Paris “daşları” nə vaxt yığmağa başlayacaq?

Elxan Şahinoğlu namizəd olacaq » Ulusum.az

Elxan Şahinoğlu

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu “Yeni Müsavat”a bildirdi ki, Fransada prezident Emmanuel Makronun mövqeləri zəifləyib: “Bunu Avropa Parlamentinə keçirilən seçkilər açıq büruzə verdi. Makron məhz bu səbəbdən Fransa parlamentini buraxdığını və yeni seçkilər təyin etdiyini bildirdi. Fransada parlament seçkilərində də Makronun partiyasının məğlub olacağı proqnozlaşdırılır. Bu proqnozlar doğrularsa, Fransada Makronun istefasını tələb edənlərin sayı artacaq. Fransanın baş naziri Qabriel Attal seçki kampaniyası zamanı Emmanuel Makrondan getdikcə daha çox uzaqlaşır. Attal son çıxışlarında özünü azad baş nazir kimi təqdim etməyə başlayıb. Halbuki Qabriel Attalı bu vəzifəyə Makron təyin edib. Baş nazirin prezidentdən məsafə saxlamasının səbəbi Makronun reytinqinin azalması ilə bağlıdır”. E.Şahinoğlu xatırlatdı ki, Fransanın keçmiş prezidenti Fransua Olland da Makronun sərt tənqidçiləri arasındadır: “O, "makronizmin" sona çatdığı qənaətindədir. Fransada yenidənqurma vaxtının yetişdiyini bildirən Olland “makronizmin” ölkəyə baha başa gəldiyini bildirib. Fransua Ollandın gələcək prezident seçkisinə qatılacağı ehtimalı azdır. Onun da Makron kimi prezidentliyinin sonuna yaxın reytinqi aşağı düşmüş və növbəti prezident seçkisində iştirak etməmişdi". Politoloq əlavə etdi ki, ancaq Makrondan fərqli olaraq, Ollandın xarici siyasəti indiki qədər bərbad deyildi: “Makronun dövründə Fransa uzun illər mövcud olduğu Afrika qitəsində mövqelərini zəiflətdi, bir sıra dövlətlərdən çıxmaq məcburiyyətində qaldı. Yeni Kaledoniyada toqquşmalar zamanı ölənlər oldu. Makronun Cənubi Qafqaz siyasəti də fərqli oldu. Makron Ermənistana və erməni separatizminə simpatiyasını gizlətmədi, Azərbaycan əleyhinə açıqlamalar verdi. Bu, Fransaya xeyir gətirmədi. Fransa-Azərbaycan münasibətləri gərginləşdi, rəsmi Bakı Parisin Ermənistanla danışıqlar prosesində vasitəçilyindən imtina etdi, bundan istifadə edən Almaniya ön plana çıxdı”.

Ekspert qeyd etdi ki, Makronun dövründə Fransa-Azərbaycan münasibətlərinin normallaşacağını gözləmək çətindir: “Makron Azərbaycan siyasətini korrektə etmək istəmədiyini Ermənistana hücum silahları satmaqla sübut etdi. Ümid qalır Makrondan sonrakı dövrə. Ancaq Makronun əsas rəqibi Mari Le Pen də qatı ermənipərəst mövqedən çıxış edir. Buna baxmayaraq, Fransa Cənubi Qafqazda mövqelərinin möhkəmlənməsini istəyirsə, Azərbaycanla münasibətlərin normallaşdırılması yollarını axtarmaq məcburiyyətindədir, əks halda, rəsmi Paris yalnız Ermənistanla ittifaq qurmaqla Cənubi Qafqazda maraqlarını qoruya bilməyəcək”.

Ermənipərəst alim, Türkiyənin Erciyes Universitetinin professoru Qafar Çaxmaqlı bu fikirdədir ki, Makronun apardığı siyasətin Fransa üçün heç bir müsbət perspektiv vəd etmədiyini və onun iflas etdiyini yalnız keçmiş prezident Olland demir: “Fransanın qlobal anlamda məğlub duruma düşdüyünü fikirləşənlər və artıq uca səslə dilləndirənlər var. Fransa Afrikadan qovuldu, AB-də artıq söz sahibi deyil, ölkə içərisində problemlərini həll edə bilməyəcək duruma gəlib. Cənubi Qafqaza müdaxiləsi də Fransanın dövlət siyasətinə zərər vurub. Fransa Ermənistanın qara gözünə aşiq deyil. Ermənistanla bağlı atılan addımlar bizə qarşı təzyiq kimi dəyərləndirilməlidir. Guya Qərbin Rusiyanı bölgədən çıxarmaq planı kimi qələmə verilir, amma onun əks-effektini Fransa özü yaşayır. Azərbaycanla bağlı Fransanın sərgilədiyi siyasətin yanlışlığı da Fransa mətbuatında tənqid olunur. Faktiki olaraq Makron bölgədə sülhün əldə olunmasına əngəl törədir və Ermənistanı silahlandırmaqla gərginliyi artırır. Olland konkret bu məsələlərdən danışmasa da, makronizmin açıq şəkildə zərərlərini deyir. Fransanın başında kimin olacağı hələlik bilinməsə də, Makronun gedişi realdır. Yeni rəhbərlik Azərbaycanın önəmini anlayacaq və güman edirəm ki, Azərbaycanla siyasətində dəyişiklik ediləcəkdir”.

Gözlənilən Moskva görüşü sülhə deyil, böhranın davamına hesablanıb” – MƏHƏMMƏD  ƏSƏDULLAZADƏ – "ARAZ" Media Qrupu

Məhəmməd Əsədullazadə

Siyasi şərhçi Məhəmməd Əsədullazadə isə hesab edir ki, Fransa prezidenti Makronun prezidentliyi dövrü Fransanın beynəlxalq müstəvidə geosiyasi mövqelərinin kifayət qədər zəiflədiyi bir dövrdür: “Fransanın iqtisadiyyatı və sosial vəziyyəti getdikcə pisləşib. Xüsusilə fermerlərin etiraz aksiyası, yaşıl jiletlilər üsyanı Makronun daxili siyasətinin fiaskosudur. Fransanı öz kolonial siyasəti iflas edir. Çünki Fransa 21-ci əsrdə 19-cu əsr siyasətini tətbiq etməyə çalışır. Bu da Fransa prorektorluğunda olan xalqların təməl hüquqlarını əlindən alır. Yeni Koledoniyada baş verənlər Emmanuel Makronun imperialist siyasətinin göstəricisidir. Buna baxmayaraq, siyasəti tənəzzülə uğradı. Sabiq prezident Ollandın bu siyasəti tənqid etməsi, Makronun apardığı siyasətin Fransanın yeni qlobal çağırışlara hazır olmadığının təsdiqidir”. Ekspert qeyd etdi ki, həqiqətən Fransa prezidenti qeyri-adekvat siyasət aparır: “Avropa Parlamentində məğlub olması, yerli seçkilərdə də məğlub olması ilə nəticələnə bilər. Amma Makronun tezliklə, vaxtından əvvəl hakimiyyətdən getməsi gözlənilmir. Xalq onu növbəti seçkilərdə yola salacaq və siyasətə yolu bağlanacaq. Post-Makron dövrü Fransanın siyasətində dönüş ola bilər. Azərbaycanla yeni reallıqlara uyğun siyasət aparılır. Sabiq prezident Ollandın siyasətə dönüşü mümkündür. Əgər indiki hakimiyyətin sərt tənqid edirsə, demək seçkiyə gedə bilər”.

E.PAŞASOY,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR