Onlayn ictimai-siyasi qəzet
Bakıda Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsi və “Stratcom Public Forum”un təşkilatçılığı ilə “Daha ədalətli bir dünya mümkündür” adlı panel müzakirə keçirilib.
Musavat.com xəbər verir ki, Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun tədbirə ünvanlandığı videomüraciətdə BMT-nin fəaliyyətindəki problemlərdən danışıb.
O bildirib ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın “Dünya beşdən böyükdür” fikri BMT-də islahatlara ehtiyac olduğunu göstərir.
Fəxrəddin Altun qeyd edib ki, BMT-nin sülh və təhlükəsizliyi bərpa etməkdə qarşılaşdığı çətinliklər mövcuddur:
“Çalışırıq ki, daha hərtərəfli bir dünya inşa edək. Dövlətlər, QHT-lər və media təşkilatları arasında daha güclü əlaqələrin qurulmasına ehtiyac var. Türkiyə beynəlxalq ictimaiyyətin də iştirakı ilə daha ədalətli bir dünya qurmağın mümkün olduğuna inanır”.
Türkiyənin Azərbaycandakı səfirliyinin media müşaviri Alptekin Cihangir İşbilir beynəlxalq sistemin qlobal sülhü təmin etməkdə çətinliklərlə qarşılaşdığını vurğulayıb:
“Dünya sistemində islahatlara, dəyişikliklərə ehtiyac var. Bu məqsədlə tutarlı tədbirlərin görülməsi son dərəcə zəruridir. Dünya miqyasında sülhə və təhlükəsizliyə töhfə vermək üçün bir sıra qurumlar mövcuddur. Müharibələrin qarşısına sədd çəkmək elə sülhün təminatı mənasına gəlir. Ancaq biz qlobal qurumların bu qırğınları daha da alovlandırdığının şahidi olmaqdayıq”.
Azərbaycan Milli Müdafiə Universitetinin rektor köməkçisi Nurettin Acır deyib ki, beynəlxalq münasibətlərdə ən başlıca problem bir sıra beynəlxalq təşkilatın yetərli fəaliyyət göstərməməsi və bütün insanlara ədalətli şəkildə münasibət göstərməmisidir:
“Beynəlxalq münasibətlərdə Birləşmiş Millətlər Təşkilatı, Ümumdünya Ticarət Təşkilatı, Ümumdünya Səhiyyə Təşkilatı və digərlərinin rolu böyükdür. Bunun ən bəsit nümunəsini biz pandemiya vaxtı gördük. Yetərli olmasa da, ÜST ən azından qərarların bir yerdə toplanıb dünya ilə paylaşılması baxımdan mühüm idi. Bu cür təşkilatların varlığı dünyada insanların bir arada yaşaması üçün lazımdır”.
O bildirib ki, beynəlxalq münasibətlərdə ən başlıca problem bu təşkilatların yetərli fəaliyyət göstərməməsi və bütün insanlara ədalətli şəkildə münasibət göstərməmisidir:
“BMT təhlükəsizlik təşkilatıdır, ən təsirli birlikdir. 5 daimi, 190 qeyri-daimi üzvü var. Bu 190 qeyri-daimi üzvün edə biləcəyi bir şey yoxdur. Bu 5 daimi üzv 6-7 ola bilməzmi? Ölkələrin bir sıra təklifləri var. Türkiyənin də keçmişdən bəri vermiş olduğu təklifləri xatırlayaq. Qeyri-daimi üzvlüklərin vaxtı uzadılsın, yaxud da onlardan da 5-6 səs istənilsin. Lakin bu cür təklifləri qəbul etmirlər”.
APA Media Group-un baş direktoru Vüsalə Mahirqızının sözlərinə görə, bu gün danışılan önəmli mövzu - daha ədalətli bir dünya üçün çalışmaq, əlbəttə ki, mediasız olmaz:
“Amma bu peşənin təmsilçisi olaraq, təəssüflənərək, bu gün medianın dünyanın ədaləti üçün çalışdığını söyləməyə çətinlik çəkirəm”.
Vüsalə Mahirqızı qeyd edib ki, bəzi hallarda medianın işi dünyada ədalətin qurulmasından daha çox, müharibələrin alovlanmasına və informasiya manipulyasiyalarına yol açır:
“Bir dəfə Qərb ölkələrinin səfirlərindən biri mənə Azərbaycan mediasının Rusiya-Ukrayna müharibəsi ilə bağlı ədalətli və obyektiv mövqe ortaya qoyduğunu, hər iki tərəfin mövqeyinə yer verdiyini, bunu diqqətlə izlədiklərini və təşəkkür etdiyini bildirdi. O zaman da bildirdim ki, medianın funksiyası budur, medianın işi münaqişə tərəflərindən birinin mövqeyini işıqlandırmaq, digərini isə ofsaydda saxlamaq deyil. Bu, yalnız münaqişə tərəfi olan ölkənin mediası üçün başa düşülən ola bilər”.
Türkiyə Maarif Vəqfinin Azərbaycan üzrə təmsilçisi Sərdar Gündoğan bildirib ki, təəssüf ki, dünya yetərincə ədalətli deyil. Bunu hər kəs bilir:
“Bu nəticəni ortaya çıxaran səbəblər müxtəlifdir. Bura siyasi, iqtisadi ədalətsizliyi daxil etmək olar. Lakin ən böyük haqsızlıq təhsil sahəsində baş verir.
Bu gün dünyanın elə yerləri var ki, orada təhsil əlçatan deyil. Halbuki daha ədalətli dünyanın qurulmasında təhsilin böyük payı var. Türkiyə bu vəziyyəti öyrəndi və 2000-ci illərdən sonra təhsil diplomatiyasını fəallaşdırdı, təşkilat və qurumlar yaratdı. Maarif Vakfı da bunlardan biridir.
Kapitalist dünya düzənində ədalətsizliklər bizə normal şeylər kimi sırınır. Uqandanın kəndlərindən birində yaşayan Cəmil adlı gənc Türkiyədə 7 ay təhsil aldı. O deyirdi ki, buna qədər elə hesab edirmiş ki, Afrika ölkələri təbii ehtiyatlar baxımından kasıbdır. 7 aylıq təhsili ilə anlayıb ki, bu, əslində elə deyil, Afrika ölkələri təbii ehtiyatlarla zəngindir. Təhsilin ədalətsiz şəkildə alınması insanları məhdud düşünməyə vadar edir”.
Onun sözlərinə görə, 136 min əcnəbi tələbə təhsil almaqdadır ki, onların da 27 min nəfəri azərbaycanlıdır:
“Türkiyə Maarif Vəqfi olaraq təşkilatımızın 56 ölkədə rəsmi nümayəndəlikləri fəaliyyət göstərməkdədir. Vəqfimiz fəaliyyət göstərdiyi ölkələrdə 70 min nəfər gənci təqaüdlə təmin edir”.
Sonda tədbir iştirakçılarına hədiyyələr təqdim olunub.
Şahanə Rəhimli
Musavat.com
04 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ