İnsanlara hürriyət, millətlərə istiqlal!

İran Prezidenti Məsud Pezeşkiandan daha bir cəsarətli etiraf: “Bizdə Azərbaycanla bağlı travma var…”

Musavat.com xəbər verir ki, İran Prezidenti Məsud Pezeşkian Azərbaycan Respublikası ilə münasibətlərə dair ölkəsindəki yanlış yanaşmanı sərt şəkildə tənqid edib. O, açıq şəkildə bildirib ki, İran daxilində Azərbaycanın istənilən diplomatik addımına qarşı şübhə və düşmənçiliklə reaksiya verilməsi artıq travmatik hal alıb.

“Bizdə bir travma yaranıb. Azərbaycan Respublikası kimlə münasibət qurursa, onu dərhal İrana qarşı hesab edirik. Biz hansı addımları atmışıq ki, bu qədər Azərbaycandan ehtiyat edirik?”, – deyə Pezeşkian bildirib.

O qeyd edib ki, İran özü də müstəqil dövlət olaraq Ermənistanla münasibətlər qurur və bu münasibətləri rəsmi Tehran qonşuluq siyasəti çərçivəsində aparır. Eləcə də Azərbaycanın öz xarici siyasətini formalaşdırmaq və istənilən ölkə ilə əməkdaşlıq etmək hüququ var.

Pezeşkian əlavə edib:

“Azərbaycan müstəqil dövlətdir və onun bütün dünya ölkələri ilə münasibətlər qurmağa haqqı var. Azərbaycan rəhbərliyi öz davamlı mövqeyini hər zaman açıq şəkildə ifadə edib.”

Prezident, həmçinin 2020-ci ilin İkinci Qarabağ müharibəsində Azərbaycanın İsrail vasitəsilə İrana qarşı hərbi addımlar atması barədə iddiaları da qəti təkzib edib:

“12 günlük müharibədə Azərbaycan ərazisindən İsrailin İrana qarşı istifadəsinə dair heç bir sübut yoxdur.”

Bu cəsarətli və diplomatik baxımdan məsuliyyətli bəyanat İranın yeni siyasi kursunun xəbərçisi kimi qiymətləndirilir. Pezeşkianın sözləri təkcə münasibətləri normallaşdırmaq istəyi deyil, həm də Tehran daxilindəki bəzi dairələrin anti-Azərbaycan isteriyasına cavab kimi səslənir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR