Onlayn ictimai-siyasi qəzet
Rusiya prezidenti Vladimir Putin İstanbulda baş tutan Rusiya–Ukrayna danışıqlarının nəticələrini müsbət qiymətləndirib.
Musavat.com TASS-a istinadən xəbər verir ki, o, danışıqlar nəticəsində yüzlərlə insanın vətəninə qayıtdığını vurğulayaraq, bunun önəmli və humanitar baxımdan əhəmiyyətli bir addım olduğunu bildirib.
"Ümumilikdə müsbət qiymət verirəm. Yüzlərlə insanın vətənə qayıtmasını necə müsbət qiymətləndirməmək olar? Bu, müsbət haldır", – deyə Putin jurnalistlərin sualını cavablandırarkən qeyd edib.
Xatırladaq ki, iyulun 23-də İstanbulda Rusiya ilə Ukrayna arasında birbaşa danışıqların üçüncü raundu keçirilib. Təxminən 40 dəqiqə davam edən görüşdə tərəflər memorandum layihələrində əks olunan mövqeləri müzakirə ediblər.
Görüşün sonunda hərbi əsirlərlə yanaşı, mülki şəxslərin də qarşılıqlı mübadiləsi barədə razılıq əldə olunub. Rusiya tərəfi, həmçinin, Ukraynaya siyasi, hərbi və humanitar məsələlərin həlli üçün üç onlayn işçi qrupunun yaradılmasını təklif edib.
Bundan başqa, Moskva Ukrayna Silahlı Qüvvələrinə məxsus daha 3000 hərbçinin cəsədinin təhvil verilməsi və yaralıların toplanması üçün cəbhə xəttində humanitar fasilələrin bərpasını təklif edib.
Musavat.com
03 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ