Onlayn ictimai-siyasi qəzet
Rusiyanın Cənubi Qafqazdakı hərbi strategiyasında narahatedici dəyişikliklər müşahidə olunur. Bu dəfə söhbət adi rotasiya və ya hərbi hazırlıqdan getmir. Əksinə, hərbi alətlər siyasi rıçaqlara çevrilərək Ermənistanda daxili proseslərə müdaxilənin bir hissəsi kimi istifadə olunur.
Caliber.az-ın əldə etdiyi məlumata görə, son həftələr Ermənistanın Gümrü şəhərində yerləşən 102-ci Rusiya hərbi bazasının fəallığı xeyli artıb. Bu fəallığın məqsədi aydındır – Moskva Ermənistanda idarə olunan böhran ssenarisini işə salmaq üçün hazırlıq görür.
Saytın mənbələri bildirir ki, 2025-ci ilin iyun-iyul aylarında Moskva dəfələrlə Azərbaycandan hərbi-nəqliyyat təyyarələrinin hava məkanımızdan keçməsinə icazə istəyib. Məqsəd Ermənistana hərbi yüklərin daşınması olub.
Azərbaycan tərəfi bu müraciəti qətiyyətlə rədd edib. Bu qərar təkcə milli maraqlara deyil, həm də bölgədə artan risklərə adekvat cavabdır. Bakı açıq mesaj verdi: Cənubi Qafqazda yeni münaqişə ssenarisində iştirak etməyəcək və Rusiyanın planlarının reallaşmasına yardım göstərməyəcək.
Saytın mənbələrinin dediyinə görə, Ermənistana daşınması nəzərdə tutulan yüklərin nomenklaturası ciddi suallar doğurur. Gümrüyə təkcə ağır texnika yox, həm də şəhər şəraitində yaxın məsafəli döyüşlər üçün nəzərdə tutulan silahlar gətirilməyə çalışılıb. Bu isə sərhəddə Azərbaycanla qarşıdurmadan daha çox, İrəvanda küçə toqquşmaları və təxribatlar üçün hazırlıqların getdiyini ortaya qoyur.
Əldə edilən məlumatlara görə, Moskva Ermənistanın baş naziri Nikol Paşinyanı hakimiyyətdən uzaqlaşdırmaq üçün plan hazırlayır. İrəvana birbaşa təsir imkanlarını itirən Rusiya idarə olunan böhran modeli ilə nəzarəti bərpa etməyə çalışır.
Bu model 2014-cü ildə Krımda “kiçik yaşıl adamlar” və xaos fonunda siyasi fiqurların dəyişməsi ilə eyni ssenari üzrə həyata keçiriləcəyinə daha çox yaxındır. Moskvanın ehtiyatında Ermənistanın siyasi səhnəsində yaxşı tanınan “köhnə qvardiya”nın üzvləri var - Robert Köçəryan, Serj Sarkisyan və Samvel Karapetyan.
Yaranacaq xaosdan sonra bu fiqurlar “milli alternativ” kimi irəli sürülə bilər. Əslində isə, onların səhnəyə çıxarılması Kremlin planının bir parçasıdır. Ekspertlərin ehtimalına görə, Paşinyanın devrilməsindən sonra Ermənistanın siyasi kursu kəskin şəkildə dəyişdiriləcək. Yeni hakimiyyətin Moskvaya bağlılığı təmin ediləndən sonra isə növbəti mərhələ – Azərbaycana qarşı eskalasiyanın başlaması ola bilər.
Bu ehtimal 102-ci bazaya göndərilməyə çalışılan ağır silahların təyinatını da izah edir.
Bu ssenari həyata keçərsə, Azərbaycan üçün sərhədlərdə gərginlik və qeyri-sabitliyin artması deməkdir. Rusiya bölgədə təsirini bərpa etməklə yanaşı, Ermənistanı yenidən özünün forpostuna çevirmək və Bakı üzərində təzyiq mexanizmi qurmaq istəyir.
İrəvan hansı oyunda iştirak etdiyini anlayırmı?
Paşinyan hökuməti və Ermənistan elitası baş verənlərin fərqindədir, yoxsa Moskvanın qurduğu oyunda yenidən alətə çevrilməyə razıdır?
Əgər bu plan işə düşərsə, Ermənistan yenə də özünü subyekt yox, başqasının siyasi oyununun obyektinə çevirəcək.
Azərbaycan bu oyunda kənarda qalmayacaq. Bakı hava dəhlizinin bağlanması ilə artıq mesajını verib. Azərbaycanın kifayət qədər siyasi iradəsi, hərbi-siyasi alətləri və diplomatik resursları var ki, regionun başqasının ssenarisi üzrə oynanmasının qarşısını alsın.
Siyasi şərhçi Kamran Məmmədli Musavat.com-a açıqlamasında bildirib ki, Rusiyanın Cənubi Qafqazdakı son addımları çox təhlükəli meyillər göstərir: "Bu, təkcə Ermənistana təsir deyil, bütün regiona yönəlmiş planlı xaosdur. Gümrüdəki aktivlik Moskvanın Paşinyanı dəyişmək və Ermənistanda nəzarəti bərpa etmək üçün hazırladığı ssenaridir. Əgər bu plan uğur qazanarsa, növbəti mərhələdə Azərbaycanla eskalasiyanın baş verəcəyi ehtimalı böyükdür. Azərbaycan bu proseslərdə passiv müşahidəçi olmayacaq. Bakı artıq hava dəhlizini bağlamaqla öz mövqeyini ortaya qoydu. İndi əsas məsələ proseslərin strateji qiymətləndirilməsi və qabaqlayıcı addımların atılmasıdır. Ermənistanın siyasi qüvvələri anlamalıdır ki, Moskvanın ssenarisi onların suverenliyini qorumaq üçün deyil, Kremlin maraqları üçün hazırlanıb. Bu yola razılaşmaq, ölkəni yenidən böhran bataqlığına sürükləmək deməkdir. Azərbaycan isə öz təhlükəsizliyini təmin etmək üçün bütün vasitələrdən istifadə etməyə hazırdır”.
Elşən MƏMMƏDƏLİYEV,
Musavat.com
02 Avqust 2025
01 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ