İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakı sahilindəki “əjdaha” və Trampın yalan zəngi

Kaşalotun Xəzərə gəlib çıxa bilməyəcəyini başa düşmək üçün sahilində yaşadığımız dəniz (gölün) haqda orta məktəb bilgiləri kifayətdir, amma “Washington Post”un xəbərinin feyk olduğunu anlamaq üçün 8-9 saat lazım gəldi...

ABŞ-ın hələ rəsmən görəvinə başlamayan yeni prezidenti Donald Trampın noyabrın 7-də rusiyalı həmkarı Vladimir Putinə zəngi ətrafındakı spekulyasiyalar bir sutkaya yaxın səsizlikdən sonra bitdi. Etiraf etmək lazımdır ki, Bakı sahilində qəfil peyda olan kaşalot ( dişli balinalar yarımdəstəsinə aid iri dəniz məməlisi növü) kimi “Washington Post”un xəbəri də ciddi diqqət çəkdi. Hər iki “hadisə”ətrafında qısa müddətdə bəzi ilginc şərhlər də oldu. 

237803357_0_0_0_0_1240x0_80_0_0_07f2a2e1f8fe0aff7697fb04c82c7bdc.jpg (163 KB)

Bakıdakı məlum “məxluqat” sahilə çıxmamışdan öncə həm də yaxşı teatrlaşdırılmışdı, bir gün əvvəl maketin sahilə yaxın hissədə “çırpıntıları” yayılmışdı. “Turan” agentliyinin bu hadisəyə reaksiyaların şərhi ilə razılaşmaq olar. Sitat: “Son iki gündə Tik-tok-da bakılıların dənizkənarı bulvarda gördükləri balina haqqında "xəbər" yayılıb. Sonra digər "şahidlər" bunun balina yox, köpək balığı olduğunu bildiriblər. Daha sonra sualtı qayıq haqqında versiya ortaya çıxıb. Bu ajiotaj əhalinin ümumiyyətlə, təbiət və Xəzərin faunası haqqında biliklərinin hansı səviyyədə olduğunu göstərir”. Doğurdan da, “o boyda əjdahanın” Xəzərə gəlib çıxa bilməyəcəyini başa düşmək üçün sahilində yaşadığımız dəniz(göl) haqda orta məktəb bilgiləri(məsələn, Xəzərin okeana çıxışı olmadığı) belə kifayətdir. Amma indi mövzu bu deyil, burada əsas “hadisənin” zamanında və inandırıcı təqdimatıdır ki, COP29 təşkilatçıları da, elə “Washington Post”da bunu bacarıb.

esa.jpg (67 KB)

“Washington Post” 11 noyabr sayında yazıb ki, Tramp noyabrın 7-də Floridadakı iqamətgahından Putinə zəng edib. Bu o vaxta təsadüf edib ki, iki gün əvvəl NBC News-a müsahibəsində Tramp Putinlə danışacağını söyləyib. Zəngin olduğu iddia edilən gün(noyabrın 7-də) “Valday” diskussiya klubunda çıxış edən Putin Trampı seçkilərdəki qələbəsi münasibətilə təbrik edib və onunla dialoqa hazır olduğunu bildirib.
“Washington Post” zamanlamanı tutub və iddia edib ki, Tramp Rusiya prezidentinə zəng edib, guya ABŞ vergi ödəyicilərinin Ukraynaya dəstək verməsi üçün çəkdiyi xərclərdən narahatlığını da ifadə edib. Həmçinin Ağ Evin gələcək rəhbəri Moskvanın Donbas, Zaporojye və Xerson vilayətlərini nəzarətində saxlayacağı sülh sazişini dəstəkləyəcəyini açıqlayıb. Hətta Putini yumşaqca “hədələyib” də, ABŞ-ın Rusiyanın sərhədlərinə yaxın Avropadakı hərbi gücünü unutmamağa çağırıb.

“Reuters”də bəlkə də bilərəkdən, bu “xəbər toruna” düşüb, Ukraynanın guya bu zəngdən xəbərdar edildiyinə Kiyevin reaksiyasını öyrənib. Ukrayna XİN onların əvvəlcədən məlumatlandırıldığı barədə iddianı yalanlayıb. Belə bir xəbər də yayılıb ki, NATO-nun yeni baş katibi Mark Rutte bu konteksdə “Tramp Ukraynanı Putinə təslim etsə, ABŞ-ı alyansdan şəxsən çıxaracaq” deyib... 

1181995_1_2019-06-28T061649Z_467048498_RC18797A2CE0_RTRMADP_3_G20-SUMMIT-TRUMP-PUTIN_big.jpg (114 KB)

Qərb mediasının yazdıqlarına həmişə şübhə ilə yanaşan Rusiya KİV-ləri, xüsusən Kremlə yaxın media feyk informasiyanı bu dəfə həvəslə tirajlayıb. Kreml sözcüsü Peskov günün istənilən saatında əlçatan məmur olsa da, o da özlərinə sərf edən zamanadək(təxminən 8-9 saat) gözləməyə üstünlük verib, sonra isə yazılanların “təxəyyül məhsulu” olduğunu deyib. Bir az sonra Trampın köməkçisi də zəng iddiasını xüsusi emosiya olmadan təkzib edib...

Amma bu xəbərə ilk andan şübhə ilə yanaşanlar da olub. Bizim də yaxşı tanıdığımız politoloq Sergey Markovun rəyini oxudum. O, “Washington Post” u nüfuzlu nəşr hesab etsə də, dərc olunan mətnin çox şübhəli olduğunu, telefon danışığını fakt deyil, hipotez adlandırıb. Onun sözlərinə görə, xəbər Tramp komandası tərəfinin dərhal təkzib edə bilməməsi və dünya mediasının onu tirajlaması üçün yayılması üçün zaman bazar günü axşam seçilib.

İndi də o müzakirələr başlayıb ki, bu “informasiya zibili”ni yaymaqda məqsəd nə olub? Əsas versiyalardan biri budur ki, demokratların seçkilərdə məğlubiyyətinə görə qlobalistlər “Washington Post”un köməyi ilə Trampı “tələyə” salmağa çalışıblar. Yəni Ukraynada müharibəni hətta andiçmə mərasimindən əvvəl, 24 saat ərzində bitirmək kimi vədlər vermiş Trampa “problemi torpaqları Rusiyaya verməklə həll edir” yalanı ilə sataşıblar. Üstəlik, torpaqları “Rusiyaya vermək barədə vədi” Ağ Evin yeni-köhnə sahibinin Moskvanın agenti olması haqda iddiaları yada salmaq məqsədi daşıyıb. Bu həm də o mesajdır ki, əvvəlki prezidentlik dönəmində olduğu kimi Tramp ABŞ mediası ilə münasibətlərinin yenə də gərgin olacağına hazırlaşsın.  

04654e7e47e8788b0962edf0f3bcf93d.jpg (358 KB)

Bəllidir ki, “Washington Post” saxta xəbərlərə görə dəfələrlə Trampın qəzəbinə gəlib, hətta üzr istəməli də olub. Seçkilərə bir neçə həftə qalmış, Trampla çətin, hətta pis münasibəti olan qəzetin sahibi milyarder Ceff Bezos proseslərin Dempartiyanın xeyrinə getmədiyini hiss edərək, nəşrin seçkilərdə neytrallığı qoruyacağı vədi verdi ki, bu da redaksiyada böyük narazılığa səbəb oldu. İndi də iddia olunur ki, saxta xəbəri sifariş verənlər Trampa Ukrayna və Rusiya ilə bağlı nələri etməmək barədə xəbərdarlıq edib. Yəni Tramp Ukrayna torpaqlarını güzəştə gedə, Avropadakı

ABŞ qoşunlarını azalda və Rusiya ilə münasibətlərdə yumşalda bilməz... 

Kaşalot maketini sahilə gətirənlərin verdiyi mesaj kifayət qədər aydındır, Trampın zəngi ətrafında isə feykin müəmmalı tərəfləri isə hələ çoxdur...

 

Nazim SABİROĞLU
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR