İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakı “nöqtə”ni “vergül” etməyəcək! - İrəvan və ABŞ boşuna gözləyir

Ermənistanın 4 ildir Azərbaycanla sülh müqaviləsindən yayınmasının çox mühüm, bəlkə də əsas səbəbi bu ölkədə revanşizm ovqatının havadar dövlətlər tərəfindən israrla körüklənməsidir. Zaman isə gedir və əsla İrəvana xeyrinə işləmir. Rusiya Ukrayna “bataqlığı”ndan çıxa bilsə, heç işləməyəcək.

Yəni tələsmək məsələsi. Nə barədə ki, guya ABŞ-ın siyasi-diplomatik dairələrində də əndişə var. Ancaq bu haqda az sonra...

“Azərbaycan Ermənistanın ərazi iddialarından imtina etməsi ilə bağlı səmimiyyətinə əmin deyil”.

Bunu dünən Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov Vaşinqtonda Hudson İnstitutunda onlayn seminarda deyib.

Xüsusi nümayəndə səbəbi də açıqlayıb: “Ermənistan və Azərbaycan arasında çoxillik münaqişənin əsas səbəbi İrəvanın Azərbaycana qarşı konstitusiyada təsbit olunmuş ərazi iddialarıdır. Ona görə Azərbaycanın təhlükəsizliyinə bu ekzistensial təhlükə aradan qaldırılmadan sülhün etibarlı, davamlı və dönməz ola biləcəyini düşünmək sadəlövhlük olar. Mümkün sülhə yol açmaq üçün bu ziddiyyət aradan qaldırılmalıdır”.

Aydındır ki, bu ziddiyyət qaldıqca Azərbaycan və Ermənistan arasında münaqişə bitmiş sayılmayacaq. Sayılmır da. Sadəcə, növbəti qaynar faza bitmiş hesab olunur. Demək ki, bölgədə müharibə riski də qalır.

İki ölkə ta o vaxtadək müharibə vəziyyətində olacaq ki, rəsmi İrəvan öz konstitusiyasını beynəlxalq hüquqa, o sırada BMT Nizamnaməsinə uyğunlaşdıracaq - əgər beynəlxalq hüquq normalarına azacıq hörməti varsa. Söhbət həm də Türkiyəyə qarşı ərazi iddiasından (6 vilayəti ehtiva edən “qərbi ermənistan” anlayışından imtinadan) gedir...

Beləcə, rəsmi Bakı sülh müqaviləsi ilə bağlı qətiyyətli mövqeyini bir daha ortaya qoyub - bu dəfə ABŞ-da. Yəni Ermənistana məsələdə hər hansı güzəşt, böyük möhlət tanınmayacaq. Nəyinsə, kiminsə xətrinə, hansısa üçüncü dövlətin “hörmətinə” Azərbaycan “nöqtə”ni “vergül”ə çevirməyəcək. Boşuna gözləməsinlər. Çünki bu, bizim “qırmızı xətti”mizdir və nida işarəsi!

Ümid edək ki, Azərbaycanın prinsipial mövqeyi İrəvana real təsir rıçaqları olan güc mərkəzlərində, özəlliklə ABŞ-da və Avropa Birliyində (Brüsseldə, Parisdə) nəhayət, bütün ciddiliyi ilə nəzərə alınacaq. Nəinki kapitulyant ölkəyə boş vədlər veriləcək və ən təhlükəlisi, Azərbaycan əleyhinə silahlandırılacaq...

“Vəd” demiş, dünən Senatın Xarici Əlaqələr Komitəsinin dinləmələrində çıxış edən ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms OBrayen bildirib ki, Vaşinqton İrəvanın Rusiya ilə ənənəvi möhkəm münasibətindən əl çəkməsi üçün şərait yaratmağa çalışır. Obrayen Nikol Paşinyanın “Rusiya ilə münasibətləri qırmaq üçün atdığı cəsarətli addımları” alqışlayıb. Qeyd edib ki, “erməni əhalisinin çox böyük hissəsi Rusiyadan uzaqlaşmaq istəyir, ona görə də biz bunun baş verməsi üçün şərait yaradırıq”.

Yenə “atı arabanın arxasına bağlamaq” cəhdi. Çünki sağlam məntiq pıçıldayır ki, N.Paşinyanın “cəsarətli addımları” Rusiyadan uzaqlaşıb Amerikaya, Qərbə yaxınlaşmaq istiqamətində yox, ilk növbədə qonşu Azərbaycan və Türkiyə ilə sülh müqavilələrinin imzalamaq yönündə atmalıdır. Yolu bəlli. Məhz o zaman Ermənistan təbii və fəsadsız şəkildə Rusiya orbitindın uzaqlaşa, tutaq ki, onun enerji təchizatı da Azərbaycan hesabına təmin edilə bilər.

Nə qədər ki, Birləşmiş Ştatlar bunun baş verməsi üçün sözdən əmələ keçməyib, İrəvana təzyiq göstərmir, o zamana qədər onun sülh ritorikası da reallıqdan uzaq, fantastika janrında arzu olaraq qalacaq...

Deyilə bilər ki, konstitusiya məsələsi referenduma bağlı olduğu üçün Paşinyan problemlə üzləşə bilər. Amma cənab OBrayenin söylədiyi kimi, əgər doğrudan da “Ermənistan əhalisinin çox böyük hissəsi Rusiyadan uzaqlaşmaq istəyir”sə, o zaman Nikol referendumda niyə “yox”la üzləşsin ki? Cəmi 5-6 aya konstitusion əngəl aradan qaldırıla bilər.

İkincisi, nəyi bacarmasa da, Paşinyan gərək ki, öz xalqını müharibədən qaçmağın tək yoluna inandırmağı, ictimai rəyi hazırlamağı yaxşı bacarsın. Üstəgəl, ABŞ-ın Ermənistanda maliyyələşdirdiyi çox sayda QHT var. Onlara müvafiq təbliğat aparmaq üçün bircə göstəriş bəs edər. Yetər ki, həm İrəvanda, həm də Vaşinqtonda ortaq istək olsun. Sülh müqaviləsini deyirik...

Siyasət şöbəsi,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR