İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakı mesajını verdi: “Səbrimiz bitir!..” - Moskva və İrəvan üçün tələsmək zamanı

Azərbaycan lideri sözünü dedi, xəbərdarlığını etdi; Ermənistan prezidenti isə öz xalqına səsləndi: “Vəziyyət dəyişib, realist qərar verməliyik...”

44 günlük Vətən müharibəsində tarixi zəfərimizin ikinci ildönümü yaxınlaşır. Hələ ki bu zəfəri tam maddiləşdirə bilməmişik. Söhbət özəlliklə kapitulyant Ermənistana 5 məlum prinsip əsasında sülh müqaviləsi imzalatmaqdan gedir. Lakin buna da bir şey qalmayıb. Rəsmi Bakı bütün siyasi-diplomatik və təbliğat resurslarını səfərbər edərək, səbr və təmkinlə yerdə qalan hədəflərə doğru da inamla irəliləyir. 

Bunun daha bir anonsunu Prezident İlham Əliyev ötən həftəsonu Astanada MDB Dövlət Başçıları Şurasının növbəti sammiti çərçivəsində elədiyi çıxışı zamanı verdi. Ermənistanı haqlı olaraq öz yazılı öhdəliklərinə laqeyd yanaşmaqda ittiham edən Prezident 10 noyabr üçtərəfli sənədinin iki mühüm bəndinin hələ də reallaşmamış qalmasını xüsusi vurğuladı. Söhbət erməni silahlı qüvvələrinin hələ də Azərbaycan ərazisindən çıx(arıl)maması və Zəngəzur dəhlizinin açılmamasından gedir. İlham Əliyev onu da dedi ki, “biz hələlik səbir edirik, lakin səbrimiz sonsuz deyil”.

Bu irad təbii ki, kapitulyasiya sənədində imzası duran Ermənistan baş naziri Nikol Paşinyandan daha çox, eyni masa ətrafında oturmuş Rusiya lideri Putinə, Kremlə ünvanlanmışdı. Ən əvvəl Rusiyadan narazılığın təzahürü idi. Eyni zamanda şübhə yox ki, tələsmək üçün Moskvaya bəlkə də son xəbərdarlıq mesajı idi. Bu da diqqət çəkəndir ki, yenə məhz Astana sammiti çərçivəsində V.Putin Azərbaycan və Ermənistan rəhbərlərinə Moskvada üçlü görüş keçirməyi təklif elədi.

Putin Ermənistanı niyə qurban verdi: "Erməni xəyalları"nı dəfn edən Kreml  sahibi Azərbaycanın regional perspektivlərini seçdi

Belə bir görüşün sıradan biri olmayacağı və əvvəlkilərdən yetərincə fərqlənəcəyi ilə bağlı ümidlər az deyil. Birinci ona görə ki, 10 noyabr sənədinin ikinci ildönümü gəlir, ancaq “yük” hələ də köhnə yerindədir: nə Zəngəzur dəhlizi (nəqliyyat kommunikasiyaları) açılıb, nə də erməni silahlı dəstələri Rusiya hərbi kontingentinin müvəqqəti məsuliyyət zonasından tamamilə çıxarılıb.

İkincisi isə Moskva yetərincə uğurla davam edən Brüssel sülh prosesi fonunda faktiki passiv və yaxasını kənara çəkmiş tərəf kimi görünməkdədir. Bu da onun haqqında böyük sülhdə maraqlı olmaması qənaətini formalaşdırır. Rusiya bu təəssüratı dağıtmaq üçün əlbəttə ki, konkret addımlar atmalıdır. Bundan ötrü Moskvada reallaşacaq Əliyev-Putin-Paşinyan görüşü Kreml üçün unikal fürsət, bəlkə də son şansdır.

Həm də o səbəbə ki, Avropa İttifaqı Şurası Prezidenti Şarl Mişelin moderatorluğu və ABŞ-ın da dəstəklədiyi sülh danışıqlarını ilin sonunadək sülh müqaviləsi ilə yekunlaşdırmaq iradəsi ortaya qoyulub. Hətta konkret sənəd layihəsinin olduğu bildirilir. Orada Moskvanın layihəsindən fərqli olaraq, Qarabağ ermənilərinə heç bir status nəzərdə tutulmur ki, bu da Azərbaycanı tam qane edir.

Bəs Rusiya bundan da optimal bir sənəd ortaya qoya biləcəkmi? Bilməyəcəksə, o zaman yenə oyundankənar duruma düşmüş olacaq. Tərələrin, xüsusən də Bakının ona etimadı sarsılacaq. Buna isə Kreml əlbəttə ki, yol vermək istəməz...           

*****

“Rusiya Prezidentinin Ermənistan və Azərbaycan başçıları ilə görüş keçirmək təşəbbüsü Moskvanın Qarabağ probleminin həlli istiqamətində səylərini davam etdirmək niyyətindən xəbər verir”.

Bunu rusiyalı tanınmış politoloq Sergey Markedonov sülh müzakirələri ilə bağlı durumu şərh edərkən deyib.

“Moskva bütün gücü ilə açıq şəkildə bildirir ki, münaqişəni Rusiyanın baxışına uyğun həll etmək səyləri davam edəcək. Noyabrın 10-da (2020-ci il) Ermənistan, Rusiya və Azərbaycan liderləri müharibənin üstündən xətt çəkən üçtərəfli bəyanat imzaladı. O zaman Moskva sülh prosesinin və Bakı ilə İrəvan arasında qarşıdurmanın həllinin müstəsna moderatoru kimi görünürdü. Onun xüsusi rolu təkcə Azərbaycan və Ermənistan deyil, ABŞ, Fransa, o cümlədən İran və Türkiyə tərəfindən də tanınıb”.

Lakin politoloqa görə, bu gün vəziyyət xeyli dəyişib: “Avropa İttifaqı (Aİ) 2021-ci ilin dekabrından indiyədək olan dövr üçün sülhməramlı səylərini əhəmiyyətli dərəcədə artırıb. Aİ sözügedən ölkələr arasında sülhün imzalanmasına zəmin yaradan bəzi ikitərəfli sənədlərin meydana çıxmasına nail ola bildi. ABŞ da geridə qalmayıb. Və bu baxımdan Pelosinin İrəvana səfəri aysberqin yalnız görünən hissəsidir”.

Маркедонов: блицкриг в Карабахе невозможен

Sergey Markedonov

Markedonovun fikrincə, Blinken və Sallivanın fəaliyyəti də xüsusi diqqətə layiqdir: “Bütün bunların fonunda Ukraynadakı müharibəyə görə Moskva son vaxtlar fasilə vermək qərarına gələn qüvvə kimi görünürdü. Amma Avropa liderlərinin Rusiyanı mühüm Qafqaz oyunçusu kimi, sadəcə olaraq, görməməzliyə vurduğu Praqadakı dördtərəfli görüşdən sonra Rusiya rəhbərliyi nəzərəçarpacaq dərəcədə fəallaşmaq qərarına gəldi. Xüsusilə Ermənistan-Azərbaycan sərhədində KTMT müşahidəçilərinin yerləşdirilməsi mövzusu daha fəal müzakirə olunmağa başladı, Kremlin Bakı və İrəvana təklif etməyə hazır olduğu "hərtərəfli sülh" şərtləri mövzusu qaldırıldı. Daha sonra Sergey Lavrov həmkarlarını üç ölkənin liderləri arasında əldə olunan razılaşmaların icrasını müzakirə etməyə dəvət edib. Və nəhayət, Rusiya Prezidenti imtina edilməsi asan olmayan təşəbbüs irəli sürdü (Putinin Moskvada liderlərin növbəti üçlü görüşünü keçirmək təklifi nəzərdə tutulur - red.)"

*****

Bu arada kapitulyant ölkədə də Azərbaycanla sülh sazişinin alternativinin olmadığını anlayanların sayı artmaqdadır.

Məsələn, Ermənistan prezidenti Vaaqn Xaçatryan bildirib ki, geosiyasi və regional vəziyyət dəyişdiyi üçün “Qarabağ məsələsi” ilə bağlı qərarlar erməni tərəfinin istəklərini təmin etməyəcək.

“Həqiqətən də bizim üçün çətin dönəmdir. Artıq hər şey həlledici mərhələyə qədəm qoyub. Bu, Ermənistanın mövcudluğuna və Qarabağ məsələsinin həllinə aiddir. Bizdən düzgün qərarların qəbulu üçün realizm tələb olunur”, - Xaçatryan bildirib.

Onun sözlərinə görə, qərar çətin olacaq. “Bu qərar xeyli dərəcədə bizim istəklərimizi təmin etməyəcək. Ona görə yox ki, istəklərimizdən imtina edirik, ona görə ki, geosiyasi və regional vəziyyət dəyişib və biz bunu nəzərə almaya bilmərik. Hər şey çox sürətlə dəyişir”, - deyə Ermənistan prezidenti əlavə edib.

Beləcə, erməni tərəfinə xam xəyallar və istəklər əsasında deyil, acı gerçəkliyə uyğun qərar vermək dilemması ilə üz-üzədir. Birinci yol - fəlakətlərə davam, ikincisi isə nə qədər çətin də olsa xülyalardan qurtulub, nəhayət, rifah və inkişaf yoluna çıxmaq demək olacaq.

Hansı yol seçiləcək - uzağı ilin sonunadək biləcəyik. Bir şey dəqiqdir: artıq İrəvan da, Moskva da  tələsməlidir...

Siyasət şöbəsi,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR