İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakı antiterror əməliyyatlarında beynəlxalq koalisiyadan dəstək ala bilər

Politoloq: “Çünki həmin güclər də çox yaxşı anlayır ki...”

“Azərbaycanın beynəlxalq antiterror koalisiyasının üzvü kimi beynəlxalq antiterror koalisiyasının üzvlərindən dəstək gözləmək haqqı var və biz bu dəstəyi əldə edə biləcəyik”. Bu barədə politoloq Anar Əliyev “Yeni Müsavat”a açıqlamasında bildirib. Anar Əliyev qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyev son Almaniya səfərində Azərbaycanın Qarabağdakı erməni azlığı və Ermənistan-Azərbaycan münasibətləri ilə bağlı dövlətimizin mövqeyini konkret şəkildə bəyan edib və Avropanın ən böyük ölkələrindən biri olan Almaniyadan ciddi dəstək qazanıb: “Azərbaycan Prezidenti Qarabağdakı erməni icmasının Azərbaycana reinteqrasiyası məsələsi və Laçın yolunda Azərbaycan tərəfindən nəzarət buraxılış məntəqəsinin quraşdırılması ilə bağlı ölkəmizin qəti mövqeyini ifadə edib. Əks arqumentlərə qarşı Azərbaycan Prezidenti adekvat arqumentlərini də ortaya qoyub. Qarabağda heç bir humanitar böhran mövcud deyil. Azərbaycan beynəlxalq antiterror koalisiyasının üzvüdür və bu koalisiyada fəaliyyəti həmişə yüksək qiymətləndirilib. Eyni zamanda beynəlxalq birlik Qarabağı Azərbaycanın tərkib hissəsi olaraq qəbul edib və edir. Odur ki, həm beynəlxalq antiterror koalisiyasının üzvləri tərəfindən, həm də beynəlxalq birlik tərəfindən Azərbaycanın öz ərazisində antiterror addımları atmasına beynəlxalq ictimai dəstək təmin olunacaq”.

Politoloq vurğulayıb ki, Azərbaycan uzun illərdir terrorla mübarizə aparan beynəlxalq koalisiyanın fəal üzvlərindən biri kimi müxtəlif ölkələrdə antiterror  fəaliyyətinə hər zaman dəstək verib. Həmçinin beynəlxalq güclərin ayrı-ayrı bölgələrdə həyata keçirdiyi sülhyaratma və antiterror əməliyyatlarında Azərbaycan çox uğurlu şəkildə iştirak edib: “Bu mənada hesab edirəm ki, Azərbaycanın da beynəlxalq antiterror koalisiyasının üzvlərindən eyni dəstəyi gözləmək haqqı var və biz bu dəstəyi əldə edə biləcəyik. Amma eyni zamanda hesab edirəm ki, Azərbaycan həm də bölgədə maraqları olan beynəlxalq güclər tərəfindən də dəstək ala biləcək. Çünki həmin güclər də çox yaxşı anlayır ki, Azərbaycan qalib tərəf kimi bölgəyə nəzarəti tam ələ keçirib, bundan sonra bölgədədki proseslər yalnız Azərbaycanın iradəsi hesabına və iradəsi ilə hesablaşmaqla həyata keçirilə bilər. Eyni zamanda Azərbaycanın irəli sürdüyü tələblər beynəlxalq hüququn prinsiplərinə və BMT nizamnaməsinə tamamilə uyğundur, qeyri-qanuni və beynəlxalq hüquqa zidd tələbdə Azərbaycan çıxış etmir, Azərbaycan tələblərində haqlıdır”. 

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR