İnsanlara hürriyət, millətlərə istiqlal!

Baba Vəziroğlu: “İndiki cücələr cip-cip etməyəndə Flora xanım Sovet hökumətinə türk sevgisi ilə meydan oxuyurdu”

Əməkdar incəsənət xadimi, tanınmış şair Baba Vəziroğlu Xalq artisti Flora Kərimovaya aid olduğu iddia edilən türk xalqına qarşı təhqir dolu ifadələrdən ibarət səs yazısının yayılmasına münasibət bildirib.

B.Vəziroğlu Pravda.az-a açıqlamasında səs yazısının Flora Kərimovaya aid olduğuna inanmadığını deyib.

“Flora xanım elə bir ömür, həyat, sənət yolu keçib ki, onun bu gün bəraətə, dəstəyə ehtiyacı yoxdur. Əlbəttə ki, yayılan səs yazısı montajdır. Mən bu sahədə mütəxəssis deyiləm, amma Flora xanımın bir-iki çıxışına baxıb ondan da qəşəng montaj edərəm. İndiki cücələr cip-cip etməyəndə Flora xanım hələ Sovet dönəmində öz türk sevgisi, türk təəssübkeşliyi ilə Sovet hökumətinə meydan oxuyurdu. Flora Kərimovanın bir tərəfi təmiz Qəbələ türküdür, bir tərəfi Şuşa türkü, necə oldu, gəlib türk paşasına qarşı təhqiramiz ifadə işlətdi? Mən heç o sözləri dilimə də gətirmək istəmirəm. Flora xanıma bu gündən sonra belə şeylər yapışmaz. “Canlı korifey” sözündən zəhləm gedir, çünki dünən toyda oxuyanlara da “korifey” deyirlər. Flora Kərimova Azərbaycan mədəniyyətinin canlı heykəlidir. Dəfələrlə demişəm ki, azərbaycanlıların 90%-i oxuyan, yazan, çalıb-oyanayandı, yəni istedadlı xalqdır. Amma mədəniyyətdə hadisə olmaq, mərhələ, məktəb, universitet, akademiya olmaq tamam başqa bir şeydir. Flora xanım həm öz şəxsiyyəti, həm sənəti ilə bu xalqın adını həmişə ucaldıb. Quraşdırıb onun adından yazıblar. Vallah, ayıbdır. Boş-bekar, kölgədə qalan adamlardır. Özlərinə reytinq, reklam qazanmaq istəyirlər. İndi reklamı hər cür qazanmaq olar. Sabah “Tarqovı”da, yaxud İstiqlaliyyət küçəsində soyunub, əcaib hərəkət etməklə də iki-üç aylıq trend olmaq, məşhurlaşmaq olar. Amma sənətdə zirvədə öz yerini tutmaq istəyən adama Flora xanımın ömrü lazımdır ki, o zirvəyə çatsın. Heydər Əliyevə həsr etdiyim bir misram var: “Sən elə bir zirvəsən, küləklər neyləyəcək?” Elə bilirsiniz ki, vaxtilə Ulu Öndərin arxasınca deyilən, yazılan şeylər olmayıb? Mən bunları görmüşəm. Bəs zirvəyə nə oldu? Zirvədən bir daş qopdu? Yox! O zirvəyə daş atanlar indi haradadırlar? Allah bilir… Nə meydandadırlar, nə siyasətdə, nə də insanlığın sırasında. Bu, təkcə Heydər Əliyevə aid deyil ki. Öz sahəsində ucalan bütün insanlara aiddir. Heydər Əliyev siyasət olimpinin zirvəsində idi, Flora Kərimova isə sənət zirvəsində. İstəyir, lap tufanlar qopsun, dağdan çınqıl da qopara bilməz. Özü özünü təsdiq etmiş, 200 milyonluq Turan ellərində sənət zirvəsini qazanmış adamın Baba Vəziroğlunun, yaxud Ramiz Rövşənin dəstəyinə ehtiyacı var? Əlbəttə, yox…”, – B.Vəziroğlu deyib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR