Onlayn ictimai-siyasi qəzet
Ötən ay Azərbaycanda geyimə 632 milyon manatdan çox vəsait xərclənib. Bu göstərici keçən ilin müvafiq dövrü ilə müqayisədə 4.9 faiz çoxdur.
Maraqlıdır, statistikada özünü büruzə verən artım əhalinin, yoxsa geyimə olan marağın çoxalması ilə bağlıdır?
İqtisadçı Fuad İbrahimli “Yeni Sabah”a açıqlamasında bu tendensiyanın səbəbinə belə aydınlıq gətirib:
“Geyimə olan tələbatın 4,9 faiz artması bu sahəyə olan marağın artması kimi ifadə olunmur. Məsələ ondadır ki, bu sektorda statistik məlumat varsa, artıq orada şəffaflıq var. Şəffaflıq ondan ibarətdir ki, daha nağdsız, qəbzli ödənişlərə üstünlük verilir. Ona görə şəffaflıq müşahidə olunur”.
İqtisadçı bildirib ki, bu proses davam etdikcə rəqəmsal olaraq statistikada artım gözə çarpır:
“Əslində reallıqda say bundan iki dəfə daha çoxdur. Vətəndaşların bu sektora xərclədiyi vəsaitlər statistika ilə oxşarlıq təşkil etmir. Sadəcə olaraq, sözügedən sektorda mərhələli şəkildə statistik məlumatlarda əks olunmaqla biz bunun şəffaflığını görməyə başlamışıq. Vətəndaşlar tədricən müxtəlif proqramlardan, ban tətbiqlərindən, ədv-ni geri qaytarmaq üçün olan onlayn vasitələrdən istifadə edirlər. Həmin proses davam etdikcə, gələcəkdə də biz geyim sektorunda olan artımı müşahidə edəcəyik. Ancaq real rəqəmlər statistikada göründüyündən qat-qat artıqdır”.
21 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ