İnsanlara hürriyət, millətlərə istiqlal!

Sülh bəyanatının arxasındakı...döyüş hazırlığı - diqqət şərti sərhədlərə!

Ermənistan silahlı qüvvələri döyüş hazırlığı vəziyyətinə gətirilib. Bunu biz demirik, erməni jurnalist Voskan Sarkisyan iddia edib və Ermənistan mediası tirajlayıb. Düşmən kimə qarşı müharibəyə hazırlaşır? Cavab bəllidir. Mövcud durum bir daha mart ayında Ermənistanın yeni müharibəyə hazırlaşdığı barədə Caliber.az saytının ilk dəfə yaydığı xəbəri təsdiqləyir.

Ermənistan hakimiyyəti xarici auditoriyaya yönəlmiş sülhə hazır olması barədə bəyanatlara baxmayaraq, Azərbaycanla yeni müharibəyə fəal şəkildə hazırlaşır. Sözügedən məlumatda bildirilirdi ki, rəsmi İrəvanın son hərəkətlərinin bütün məntiqi, revanşist əhval-ruhiyyə ilə dolu və güclü şəkildə militarizasiya olunan, regionun tezliklə erməni tərəfinin təhrik etdiyi növbəti müharibə ilə partlayacağını göstərir.

DOYUS.jpg (114 KB)

“Üstəlik, Ermənistan artıq qarşıdurmanın yeni mərhələsinə hazırlıqlarını gizlətmir: keçən həftə hökumətin iclasında elan edilib ki, ehtiyatda olanların növbəti toplanışları Ermənistanda 1 aprel - 13 iyun tarixlərində keçiriləcək”, məlumatda deyilirdi. Budur, “Bez Tormozov” da Ermənistanın müharibə hazırlıqlarından bəhs edir.

Nikol Paşinyan sülh müqaviləsini belə “imzalamağa” hazırlaşır: 44 günlük müharibədə və bir günlük antiterror əməliyyatında sınıq-salxaq vəziyyətinə düşmüş fərari ordusunu müharibəyə hazırlamaqla. Martın 19-da yazmışdı: "Ermənistan və Azərbaycan arasında sülh sazişinin layihəsi razılaşdırılıb və imzalanmağı gözləyir. Mən razılaşdırılmış sənədi imzalamağa hazıram”.

Düzdür, rəsmi Bakı da təsdiqləyib ki, Azərbaycan və Ermənistan arasında sülh sazişinin layihəsi razılaşdırılıb. Amma razılaşdırılan maddələr hələ sülh demək deyil, əsas məsələ 17 maddə qədər ciddi əhəmiyyət kəsb edən Minsk Qrupundan imtina və Ermənistan Konstitusiyasının dəyişdirilməsi barədə rəsmi Bakının tələbidir.

RESMİ SON.jpg (244 KB)

Dünən, aprelin 5-də Ermənistan Xarici İşlər Nazirliyi “Azadlıq” Radiosunun sorğusuna cavab olaraq bildirmişdi ki, keçmiş Dağlıq Qarabağ ermənilərinin məcburi (?!-E.P.) köçürülməsi və Dağlıq Qarabağın ləğvi haqqında fərman dərc edildikdən sonra bu məsələ - yəni Dağlıq Qarabağ məsələsi - Ermənistan və Azərbaycan arasında dövlətlərarası münasibətlərin normallaşdırılması üçün gündəlikdən çıxarılıb. Rəsmi İrəvanın məsələyə reaksiya verməsi səbəbsiz deyil. Azərbaycan prezidenti Əliyev Almaniya prezidenti ilə birgə keçirdiyi mətbuat konfransında bildirib ki, danışıqlarda əsas maneə 2024-cü ilin yanvarına qədər “Ermənistan israrla qondarma “Dağlıq Qarabağ Respublikasının taleyi”ni sülh müqaviləsinə daxil etməyə çalışıb”.

Göründüyü kimi, Ermənistan ikibaşlı mövqeyini davam etdirir. Nikol Paşinyan özü demişdi ki, Qarabağ ermənilərinə qarşı hər hansı təzyiq olmayıb və onlar könüllü çıxıb gediblər. İndi Ararat Mirzoyanın “kontor”u ermənilərin hansı “məcburi” köçürülməsindən danışır? Yaxud “Əvvəllər biz dəfələrlə bəyan etmişik ki, Azərbaycanla danışıqlar zamanı Ermənistan Dağlıq Qarabağ ermənilərinin təhlükəsizliyini və hüquqlarını təmin etməyə, o cümlədən bu məsələlərin həlli üçün beynəlxalq mexanizm yaratmağa çalışır”, iddiası sarsaqlıdan başqa bir şey deyil. Qarabağ erməniləri Azərbaycanın təkidli müraciətlərinə baxmayaraq, qanunlarımız çərçivəsində təhlükəsiz yaşamağa razı olmadılar, çıxıb getdilər. Hətta birgəyaşayışla bağlı ən yüksək səviyyədə edilən müraciətlərə, bunun üçün xüsusi portalın yaradılmasına baxmayaraq, təqribən 40-50 nəfərdən başqa Qarabağda qalmaq istəyən olmadı. Xankəndidə yaşamaqda davam edən ermənilərə ötən üç ilə yaxın müddətdə hansı təhlükə oldu ki? Hətta bir erməni sakin öz əcəli ilə Xankəndidə öldüyü halda, Ermənistan rəhbərliyi onun meyitini aparmaq istəmir, budur Paşinyan-Mirzoyan hakimiyyətinin Qarabağ ermənilərinə münasibəti. Sadəcə oyunbazlıq edirlər, özü də çox təhlükəli şəkildə.

PASİN.jpg (156 KB)

Qarabağ ermənilərinin Qarabağa qaytarılması məsələsi bitdi! Azərbaycan dövlətdir, oyuncaq Ermənistandan fərqli olaraq! Bir də ki, qanunlarımızı, bayrağımızı qəbul etməyərək Ermənistana, oradan da Rusiyaya, Avropaya üz tutan ermənilərdən fərqli olarq, Ermənistandan 1988-89-cu ildə deportasiya edilən sonuncu 300 min azərbaycanlı öz yurdlarına dönməkdə israrlıdır, Paşinyan hakimiyyəti diqqəti yayındırmağa cəhd göstərməsin! İkibaşlı oyun Ermənistanın öz başında çatlaya bilər, ötən dərsləri unutmasın!

Azərbaycan Prezidenti çağırış etmişdi: Paşinyan Qərbi Azərbaycanlılarla danışsın! Bəli, sülh müqaviləsinin nə dərəcədə davamlı olub-olmayacağını şərtləndirən əsas amillərdən biri Qərbi Azərbaycandan olan sakinlərin öz evlərinə qayıdışının təmin olunmasıdır! Ermənistan rəhbərliyi gələcəkdə, yəni kadastr sənədini Azərbaycandan aldıqdan sonra bu ölkənin vətəndaşları olacaq Qərbi Azərbaycanlılarla danışmalı, bu prosesi gecikdirməməli, elə bu gündən addımlar atmalıdır. Kim bilir, bəlkə elə Gorusdakı mer seçkilərində məğlubiyyətinin əsası qoyulan Paşinyanı bu məsələdə ədalətli yanaşma xilas edəcək. Amma görünən budur ki, 2019-cu ildə Xankəndidə böyük səhfə yol verən Paşinyan yenə də doğru-düzgün siyasət sərgiləyə bilmir. Ordunu döyüş hazırlığına gətirməyin başqa adı yoxdur. Ermənistan hakimiyyəti odla oynayır. Hərçənd, başına Dəmir Yumruq dəymiş adamın anlaqsız vəziyyətdə olması anlaşılandır...

SERHED SON.jpeg (33 KB)

“Ermənistanla sülh sazişinin yekunlaşdırılması münasibətilə sizi təbrik edirəm. Prezident Tramp həmin sazişin imzalanma və ratifikasiya prosesini səbirsizliklə gözləyir”. Bunu ötən həftə ABŞ Dövlət Departamentinin Enerji Resursları Bürosunun baş məsləhətçisi Erik Ceykobs Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 11-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 3-cü iclaslarında çıxışı zamanı demişdi. Erik Ceykobs yəqin ki, ölkəsinə qayıdıb. Amma real vəziyyəti Trampa çatdırıbmı? Üstəlik, Ermənistan ordusunun döyüş hazırlığı vəziyyətinə gətirilməsini...

ERİK.jpg (65 KB)

Elə bu yazını yazarkən Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşının Cəbrayıl rayonunda minaya düşdüyü xəbəri yayıldı. Mehdili kəndi ərazisində baş verən mina hadisəsi zamanı Agentliyin əməkdaşı xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə minaya düşüb, sağ ayağın topuq nahiyyəsi amputasiyası olunub. Bu minalar Ermənistanda elə bu gün də istehsal olunmaqdadır. Ermənistanın mina terroru ilə də üz-üzəyik, gerçək mina xəritələri belə təqdim olunmadı. Okeanın o tayında da sülh müqaviləsi eyforiyası var.

Ermənistan ordusunun döyüş hazırlığı vəziyyətinə gətirilməsi, şərti sərhədlərdə səngərlərin, tunellərin qazılması, ağır texnika və artilleriyanın cəmlənməsi, şəxsi heyətin sayının artırılması sülhün anonsu deyil, müharibə xəbərdarlığıdır. Son həftələr ərzində atəşkəsin davamlı pozulması, erməni hərbçilərin səngərlərdən çıxıb təxribatçı hərəkətlər etməsi, Avropa İttifaqının kəşfiyyatçılarının aktivləşməsi də buna şübhə yeri qoymur. Savaş ssenarisi hazırlanıb və rollar bölüşdürülüb, Azərbaycanın əsəblərini tarıma çəkirlər bu günlərdə. Sülh müqaviləsinin imzalanması üçün əsas şərt - Ermənistan ordusunun ləğvi barədə qərarın verilməsidir!

SULHAM.jpg (98 KB)

Sağlamlığı yerində olmayan insanlara silah saxlamaq yasaq edildiyi kimi, belə anormal hakimiyyət və “ölkəyə” də ordu qadağası qoyulmalıdır. Üstəlik, Paşinyan etiraf edirsə ki, o, orduya atəşkəsə əməl etmək tapşırığı versə də, tapşırığına əməl olunmur, demək vəziyyət hardasa bəllidir...

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR