Onlayn ictimai-siyasi qəzet
Azərbaycanlı iş adamı təyyarə qəzasında həlak olan Qazaxıstan vətəndaşlarının yaxınlarına ev bağışlayıb.
Musavat.com xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu özünün facebook səhifəsində məlumat yayıb.
“Qazaxıstanda yaşayan azərbaycanlı biznesmen Amil Yusifov kimdirsə, böyük ürək sahibidir. O 25 dekabrda təyyarə qəzasında həlak olanların xatirəsinə həsr olunmuş anım mərasimində Almatının yeni yaşayış kompleksində beş ikiotaqlı mənzilin açarlarını həlak olan qazaxıstanlıların yaxınlarına təqdim edib. Bundan başqa, xeyriyyəçi Mangistau vilayətinin Fövqəladə Hallar Departamentinə, Aktau xəstəxanasına və təcili və təxirəsalınmaz tibbi yardım stansiyasına üç yeni avtomobil hədiyyə edib”, –deyə Elxan Şahinoğlu yazıb.
Qeyd edib ki, digər ölkələrdəki azərbaycanlı biznesmenlərin də fədakarlıq göstərmələrinə ehtiyac var:
“Rusiyanın müxtəlif şəhərlərində miqrantların ovu başlayıb, sənədləri qaydasında olmayan azərbaycanlılara əziyyət verməyə başlayıblar. Azərbaycanın Moskvadakı səfirliyinin və Sankt-Peterburqdakı konsulluq xidmətinin işi artacaq. Eyni zamanda Rusiyada yaşayan imkanlı azərbaycanlıların soydaşlarımıza dəstəyinə ehtiyacı var. Eyni sözləri Ukrayna haqqında söyləmək olar. Bu ölkədə də biznesi olan azərbaycanlılar az deyil, bəziləri Avropaya köçsələr də, fəaliyyətlərini davam etdirənlər də var. Müharibəyə qədər Ukraynada təxminən 500 min azərbaycanlı yaşayıb. Yəqin indi sayları azalıb, bütün çətinliklərə rəğmən, Ukraynanı tərk etməyənlər də var. Onların bir qisminin dəstəyə ehtiyacı var. Bundan başqa atəşkəs olan kimi Ukraynada həm Prezident, həm də Parlament seçkisi keçiriləcək, heç olmazsa bu dəfə dost dövlətimizin qanunverici orqanında soydaşlarımızın təmsilçiliklərinə nail olaq”.
Xatırladaq ki, 2024-cü il dekabrın 25-də “Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkətinə məxsus "Embraer-190" təyyarəsi Bakı-Qroznı aviareysini həyata keçirərkən Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsindəki 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb. İlkin məlumatlara görə, təyyarə Rusiyanın Qroznı üzərindəki hava məkanında baş verən fiziki və texniki xarici müdaxilə nəticəsində qəzaya uğrayıb.
E.MƏMMƏDƏLİYEV,
Musavat.com
08 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ