Onlayn ictimai-siyasi qəzet
2023/2024-cü ilin məlumatına görə, ölkədə fəaliyyət göstərən ümumi təhsil müəssisələrində 150 min 800 nəfər müəllim çalışır. Elm və Təhsil Nazirliyindən Musavat.com-un sorğusuna cavabda məlumat verilib ki, 2023-2024-cü tədris ilində ümumi təhsil müəssisələrində çalışan kişi müəllimlərin sayı 21226 nəfərdir.
Təhsil eksperti Kamran Əsədov Musavat.com-a şərhində təhsil sistemində kişi müəllimlərin sayının qadın müəllimlərə nisbətdə çox aşağı olmasını belə əsaslandırıb: “Bu, cəmiyyətin sosial quruluşu, mədəni təsəvvürlər və təhsil sektorunun özünə xas olan bəzi xüsusiyyətləri ilə bağlıdır. Rəsmi statistika göstərir ki, ümumi təhsil müəssisələrində çalışan 150 min 800 müəllimin yalnız 21 min 226 nəfəri kişidir. Yəni müəllimlərin təxminən 14%-i kişilərdir. Bu rəqəm, xüsusilə regionlarda, daha kəskin gender disbalansını əks etdirir. Azərbaycanda bəzi bölgələrdə, xüsusilə kəndlərdə kişi müəllimlərin daha az olması müşahidə olunur. Bu, mədəniyyət və mentalitet ilə əlaqədardır. Məsələn, dağlıq və kənd yerlərində, xüsusilə cənub bölgələrində (Lənkəran, Masallı, Lerik) və Naxçıvanda kişi müəllimlərin sayı çox aşağıdır. Bunun əsas səbəblərindən biri təhsilin ənənəvi olaraq qadın peşəsi kimi qəbul edilməsi, kişi müəllimlər üçün isə daha çox digər sektorlarda iş imkanlarının axtarılmasıdır. Müəllimlərin orta maaşlarının nisbətən aşağı olması da kişilərin bu sahədə çalışmaq istəməməsinin əsas səbəblərindən biridir. Kişilər daha çox maaş təklif edən sektorlara üstünlük verirlər. Bundan başqa, təhsil sektorunda kişilərin peşəkar inkişafı üçün kifayət qədər motivasiya yaradılmır.
Bu da onları digər sahələrə yönəldir. Müqayisəli olaraq, 2019-cu ilin məlumatına əsasən, ümumi təhsil müəssisələrində çalışan kişi müəllimlərin sayı 17 min nəfər idi, yəni son illərdə kişi müəllimlərin sayında müəyyən artım olsa da, qadın müəllimlərin üstünlük təşkil etdiyi görünür. 2017-ci ildə isə ümumi müəllimlərin yalnız 12%-i kişi idi”.
Ekspert digər ölkələrdə müəllimlərin gender balansına diqqət çəkib:
“Bu tendensiya yalnız Azərbaycana xas deyil, bir çox ölkələrdə, xüsusilə ibtidai təhsil səviyyəsində, qadın müəllimlərin üstünlük təşkil etməsi geniş yayılıb. Məsələn, Finlandiyada ibtidai təhsildə qadın müəllimlərin faizi 80%-dən çoxdur. ABŞ-də də müəllimlərin təxminən 75%-i qadınlardır. Bəzi ölkələrdə isə kişi müəllimlərin sayı daha da azdır. Məsələn, Böyük Britaniyada ibtidai təhsildə kişi müəllimlər cəmi 15%-i təşkil edir. Qonşu Türkiyədə kişi müəllimlərin sayının qadın müəllimlərə nisbəti 40%-ə yaxındır. Bunun səbəblərindən biri təhsilin ənənəvi olaraq qadın peşəsi kimi qəbul olunması və bu sahədə işləyən kişilərin sosial statusla bağlı narahatlıqlarıdır”.
K.Əsədov kişi müəllimlərin az olmasının təhsil sisteminə mənfi təsirlərini və kişi müəllimlərinin sayının artırılması üçün çıxış yollarını belə şərh edib:
“Kişi müəllimlərin sayının az olması şagirdlər üçün kişi rol modellərinin azlığını yaradır. Təhsilin təkcə qadınlar tərəfindən həyata keçirilməsi cəmiyyətdə balanssızlıq doğura bilər. Kişi müəllimlərin təhsildə iştirakı şagirdlərə daha geniş baxışlar verir və cinslər arasında bərabərliyi təşviq edir. Kişi müəllimlərin sayının artırılması üçün bir neçə vacib addım atıla bilər. Kişi müəllimlərin təhsildə daha aktiv iştirakı üçün onların maaşlarının artırılması, daha geniş motivasiya proqramlarının tətbiqi önəmlidir. Dövlət tərəfindən təhsil sektoruna əlavə maliyyə dəstəyi göstərilməlidir. Kişilərin təhsildə iştirakı ilə bağlı stereotiplərin qırılması üçün geniş sosial kampaniyalar aparılmalıdır. Bu sahədə kişi müəllimlərə daha çox dəyər verən bir yanaşma olmalıdır. Kişilərin təhsildə qalıcı olmaları üçün geniş, peşəkar inkişaf imkanları yaradılmalıdır. Bu, kişi müəllimlərin karyera inkişafında daha çox maraqlı olmalarına şərait yaradar. Azərbaycanda kişi və qadın müəllimlər arasında balansın yaradılması təhsil sektorunun daha inkişaf etmiş və şagirdlər üçün daha geniş perspektivlər təklif edən bir sahə olmasına kömək edəcəkdir. Bununla bağlı daha geniş statistik məlumatların və rəsmi hesabatların işlənməsi gələcək islahatlar üçün mühüm rol oynayacaqdır. Bu dəyişikliklərin həm təhsil sisteminə, həm də cəmiyyətin ümumi inkişafına müsbət təsir göstərəcəyi açıqdır”.
Nigar HƏSƏNLİ,
Musavat.com
03 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ