İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanda Güneylə bağlı yeni qurum - niyə məhz indi...

“İran artıq öz ərazilərində ideoloji xəttini itirmiş vəziyyətdədir”

Xəbər verildiyi kimi, oktyabrın 15-də Bakıda Azərbaycanın Bütövlük Platformasının (ABP) təsis toplantısı keçirilib. Toplantını giriş sözü ilə açan təşəbbüs qrupunun sədri Bəhram İsmayılov təşkilatın məram və məqsədlərindən danışaraq bildirib ki, Azərbaycan Respublikasının güclənməsi, Güney Azərbaycanda aparılan istiqlal mücadiləsinə dəstək, Türk dövlətlərinin inteqrasiyasının sürətlənməsi üçün insanlarımızın ideoloji mübarizəsini, təşkilatlanmasının vacibliyini əsas hesab edərək Azərbaycanın Bütövlük Platformasını təsis etmək qərarına gəlinib.

Toplantıda AXP sədri Pənah Hüseyn, şair Rüstəm Behrudi, Ümid Partiyasının sədr müavini Taleh Əliyev, VHP Ali Məclisinin sədri Felmar Ələkbərli, BAXCP sədr müavini Əli Həziquliyev, hərəkatçı Elçin Paşayev və başqaları çıxış edərək ABP-nin yaranma zərurəti, fəaliyyəti və ideyası haqqında danışıblar. Çıxışlarda bildirilib ki, ABP Azərbaycanın bütövlüyü uğrunda mübarizə aparan şəxsləri və ictimai qurumları birləşdirən ideoloji hərəkatdır.

ABP-nin məqsədi Azərbaycan xalqının öz tarixi torpaqlarında bütöv, milli, hüquqi, demokratik və dünyəvi dövlətinin qurulmasıdır.

Bəs ideya niyə məhz indi ortaya çıxdı? Tehrana mesajmı? İranın buna neqativ reaksiyası mümkünmü?

Qeyd edək ki, indiyədək bir neçə buna bənzər qurumlar yaradılsa da, real işlər görə, fəaliyyət göstərə bilməyib. Bu qurumun da taleyi eyni olmayacaq ki?

Azərbaycanın Bütövlük Platforması elan olundu – FOTOLAR - Reportyor

Sabiq baş nazir Pənah Hüseyn tədbir iştirakçısı kimi “Yeni Müsavat”a bunları dedi: “Bu, Bəhram İsmayılovun sədri olduğu Təşəbbüs Qrupudur. Biz də toplantıya qonaq qismində dəvət olunmuşduq. Təsisçilər elə Təşəbbüs Qrupunun üzvləridir. Oradakı müzakirələr konkret olaraq, İranla bağlı deyildi. Hər kəsə məlumdur ki, Bütöv Azərbaycan ideyası var. Bu istiqamətdə maarifçilik, ideoloji işin aparılması üçün təşkilatın yaradılması bəyan olundu. Bu sırada olan digər təşkilatlar da var. Vaxtilə Əbülfəz Elçibəy tərəfindən əsası qoyulmuş Bütöv Azərbaycan Birliyi, Milli Hərəkatçılar Birliyi, Bütöv Azərbaycan Ocaqları, Yasamən Qaraqoyunlunun rəhbəri olduğu Bütöv Azərbaycan Hərəkatı və başqa bu tipli qurumlar mövcuddur. Bütöv Azərbaycan, Turan ideyalarının təbliği, təşviqi ilə məşğul olan ideoloji təşəbbüs kimi nəzərdə tutulub”.

Keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov: “...Rusiya Azərbaycanın cavab  zərbəsinə daha mülayim yanaşa bilər" - BBC News Azərbaycanca

Tofiq Zülfüqarov

Keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov burada əsas olan amili vurğuladı: “Doğrusu, mən heç vaxt daxili siyasi məsələləri şərh etmirəm. Bizdə plüralizmdir. Yəni insanların ən müxtəlif təşəbbüsləri ola bilər. Öz fikirlərini səsləndirmək hüquqlarına malikdirlər. İctimai təşəbbüsün irəli sürülməsi normal bir haldır. Burada əsas olan odur ki, Azərbaycan qanunları və beynəlxalq öhdəliklər pozulmasın. İndiki vəziyyətdə Azərbaycan üçün olan əsas meyar bundan ibarət olmalıdır”.

Sabiq nazir yeni təşkilatın taleyinin necə olacağı barədə proqnoz verməkdə çətinlik çəkdi: “Bu barədə nəsə bir fikir söyləmək asan deyil. Bir da deyim ki, daxili siyasətlə bağlı mövzularla maraqlanmıram. Onun üçün də mütəxəssis ola bilmərəm. İndidən bu təşkilatın uzunömürlü olması, geniş kütlə tərəfindən dəstək alması, yaxud almaması barədə fikir söyləməyim doğru olmazdı”.

125 saylı seçki dairəsi üzrə saxta nəticələrin ləğv ediləcəyinə inanırıq” –  Anar Əsədlinin Seçki Qərargahı • Cumhuriyyət

Bəhram İsmayılov isə təşkilatın görəcəyi işlərdən söz açdı: “Bunu İrana mesaj kimi qəbul edək. Tehranın bizə münasibəti neqativdir. Zatən müsbət münasibəti olsaydı narahat olardıq. İrandakı son hadisələr hər kəsi narahat etməlidir. Bu dövlət ideoloji dövlətdir və ölkəni də bu formada idarə edir. Bu azmış kimi, qonşu ölkələrə də bunu ixrac etməyə tez-tez cəhdlər edir. Amma son hadisələr göstərdi ki, İran xalqı bu formada yaşamaq istəmir və azad yaşamaq uğrunda mübarizə aparır. İran artıq öz ərazilərində ideoloji xəttini itirmiş vəziyyətdədir. Cənub qonşumuz Rusiyaya silah verir, Ermənistana silah verməyə cəhdlər edir. Var-dövlətini özünə yönəltmək əvəzinə, özünə oxşar dövlətlərə sərf edir, onlarla əməkdaşlıq edir. Xalq bunu görür və çox haqlı olaraq etiraz səsini ucaldır. Bizim İranla bağlı bir milli məsələmiz var ki, XIX əsrin əvvəllərindən bunun təməli qoyulub. Yəni Rusiya-İran müharibəsi ilə ərazilərimiz iki hissəyə ayrılıb. Güneydə Azərbaycan xalqı  hər zaman azadlığını istəyib. Təkcə ötən əsrin ilk 50 illində baş verən 3 etiraz hərəkatı bunun bariz sübutudur. Daim bütövlük uğrunda mübarizə aparmışıq. 44 günlük savaşımızda 30 illik həsrətə son qoyandan sonra xaricdə yaşayan soydaşlarımızın da Azərbaycan dövlətinə diqqəti daha da artdı. Bu qələbəmiz cənubdakı milli oyanış hərəkatını daha da gücləndirdi. Bir məsələnin reallaşması üçün ideya, tərəfdarlar, güc olmaq lazımdır. Soydaşlarımız daha çox Avropada təşkilatlanıblar. Bunun səbəbi də cənubdakı mövcud rejimdir. Amma artıq Güney Azərbaycanda da təşkilatlanma gedir. Biz Azərbaycan dövləti və xalqı olaraq, Cənubda gedən proseslərə dəstək verməliyik. Bu köməkliyi təşkilatlanmada, informasiya dəstəyində göstərə bilərik. Bütün gücümüzlə güneyli soydaşlarımıza mənəvi dəstək verməliyik. İrandakı son hadisələr göstərdi ki, İran əvvəlki dövlət olmayacaq. Yaxın vaxtlarda soydaşlarımızın etirazları daha da alovlanacaq. Biz də burada varıq. Bir çox məsələlər var ki, dövlət yox, vətəndaşlar öz sözünü deməlidir. 1998-2000-ci illərdə fəaliyyətin ən güclü vaxtları olan Bütöv Azərbaycan Birliyi Tehran rejimini daha çox narahat edirdi. Halbuki onda Türkiyə-Azərbaycan münasibətləri indiki səviyyədə deyildi, torpaqlarımız da azad olunmamışdı. İndi tamam fərqli vəziyyət yaranıb. Düşünürəm ki, o aktivliyi bərpa etmənin zamanı çoxdan yetişib. Cəmiyyət olaraq fəal olmalıyıq. Aktivləşmə ilə yanaşı, həm də təşkilatlanmalıyıq. Cənubi Azərbaycanın istiqlal savaşına dəstək verməliyik. Təşkilatın yaranma səbəbləri ən çox bu fikirlərdən və ideyadan doğub”.

B.İsmayılov bu təşkilatın əvvəlkilərdən ömrünün qısa olması ilə fərqlənəcəyinə inanır: “İnşallah, bizim təşkilatın fəaliyyəti uzunömürlü olmaz. Yəni məqsədlərimizə tez çatarıq. Güneydə millətimiz azad olar, istiqlalına qovuşar. Əbülfəz Elçibəy Cənubi Azərbaycan məsələsini təkcə Şimali Azərbaycanın deyil, dünyanın diqqət mərkəzinə gətirmişdi. Onun ölümündən sonra bu yöndə fəaliyyət göstərən təşkilatların fəaliyyəti çox zəiflədi. Bu da təbii məsələ idi. Amma indi 20 ildən sonra İranda vəziyyət çox dəyişib. Dünyada bürokratik rejimlərin çökməsi prosesi gedir. Bir növ şans da yaranıb ki, bu mövcud durumdan yararlanaq. Türkiyəmiz də çox güclənib. Güneyli soydaşlarımızın azadlığa qovuşmaları üçün amillər, şərtlər yetişib. Bu baxımdan düşünmürəm ki, bu ideya indi də məğlub olacaq”.

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR