Onlayn ictimai-siyasi qəzet
“Dünən Prezident İlham Əliyevin Türkiyə-Azərbaycan Universiteti ilə bağlı imzaladığı sərəncama görə, universitetə tələbə seçimini müstəqil aparmaq hüququ verilib. “Tələbə seçimini müstəqil aparma” ifadəsi, müəyyən bir təhsil müəssisəsinə tələbə qəbulunun, dövlətin və ya hər hansı mərkəzi qurumun müdaxiləsi olmadan, həmin universitetin öz qaydalarına və meyarlarına əsasən həyata keçirilməsini nəzərdə tutur. Yəni, ali təhsil müəssisəsi tələbə seçim prosesini öz daxili qərarları ilə aparır və dövlətin qəbul imtahanı, məsələn, Dövlət İmtahan Mərkəzinin nəticələri ilə bağlı mütləq şəkildə tənzimləmə və ya tələb olmur”.
Medianews.az xəbər verir ki, bu barədə təhsil eksperti Kamran Əsədov bildirib.
O qeyd edib ki, burada əsas məqamlar dövlətin müdaxiləsi olmadan müstəqil seçim və şəffaf tələbə qəbulu prosesidir: “Birinci diqqət edilməli məqam müstəqil seçim prosesidir. Təhsil müəssisəsi tələbə qəbulunda öz şərtlərini və meyarlarını müəyyən edir. Bu, qəbul qaydalarının, imtahan tələblərinin, qiymətləndirmə meyarlarının universitet tərəfindən təyin olunduğunu göstərir. İkinci məqam dövlət müdaxiləsinin olmamasıdır. Adətən, Azərbaycanda tələbə qəbulu Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən mərkəzləşdirilmiş qəbul imtahanlarına əsaslanır. Amma “müstəqil seçim” hüququ veriləndə, universitet həmin imtahan nəticələrini mütləq qəbul etmək məcburiyyətində deyil və ya alternativ qəbul formalarını da tətbiq edə bilər. Məsələn, daxili qəbul imtahanı, müsahibələr və ya beynəlxalq sertifikatlarla qəbul və sair. Üçüncü məqam tələbə qəbulunun şəffaflığıdır. Tələbə seçiminin müstəqil aparılması universitetin qəbul prosesinin açıq və şəffaf şəkildə öz standartlarına uyğun həyata keçirildiyini göstərir”.
Təhsil ekspertinin qənaətincə, dövlət başçısının imzaladığı məlum sərəncamdakı “tələbə seçimini müstəqil aparmaq” ifadəsi universitetlərin tələbə qəbulu prosesində daha çox səlahiyyətə və azadlığa sahib olmasını nəzərdə tutur: “Bu ifadə, Türkiyə-Azərbaycan Universitetinə tələbə seçimi ilə bağlı yeni bir yanaşmanı nəzərdə tutur. Türkiyə-Azərbaycan Universiteti iki ölkə arasında təhsil sahəsində əməkdaşlığın simvolu olaraq yaradılan birgə universitetdir. Burada hər iki ölkənin təhsil sistemlərindən bəhrələnərək müştərək təhsil proqramları həyata keçiriləcəkdir. Azərbaycanın ali təhsil müəssisələri də universitetin fəaliyyətində yaxından iştirak edəcək, bəlkə də müəyyən fakültələr və proqramlar üzrə tədris və tədqiqat işlərinə qoşulacaqlar. DİM imtahanlarının nəticələrinə əsasən tələbə seçiminə gəlincə, burada əsas məqam sözügedən qurumun qəbul imtahanlarıdır. DİM Azərbaycan Respublikasında ali təhsilə qəbul üçün standartlaşdırılmış imtahanlar keçirir. Bu imtahanların nəticələrinə əsasən, tələbələr universitetlərə qəbul edilir. Bu təklif də DİM-in nəticələrinə əsaslanaraq, Türkiyə-Azərbaycan Universitetinə tələbə seçiminin müstəqil şəkildə həyata keçirilməsini nəzərdə tutur”.
K.Əsədov vurğulayıb ki, ölkə rəhbərinin imzaladığı sərəncamla, Türkiyə-Azərbaycan Universitetinə daha çox müstəqillik və seçim azadlığı verilir: “Müstəqil seçim hüququ universitetin və ya həmin təhsil müəssisələrinin DİM imtahanlarının nəticələrindən istifadə edərək tələbə seçimini öz qaydalarına, meyarlarına uyğun həyata keçirməsi deməkdir. Yəni, universitet dövlət tərəfindən tənzimlənmədən, öz daxili qərarlarına əsasən tələbə seçə bilər. Dövlət yalnız nəticələri təmin edir, lakin seçim prosesi tamamilə universitetin səlahiyyətindədir. Beləliklə, bu sərəncam Türkiyə-Azərbaycan Universitetinə daha çox müstəqillik və seçim azadlığı verilməsi deməkdir. Universitet öz tələbə qəbul siyasətini sərbəst şəkildə müəyyənləşdirə bilər, lakin DİM tərəfindən keçirilən qəbul imtahanlarının nəticələrinə əsaslanaraq tələbə seçimində iştirak edəcək. Bu da universitetin milli təhsil sistemində mövcud olan qaydalardan kənara çıxmadan, öz qayda və prinsipləri ilə fəaliyyət göstərməsini təmin edəcək”.
21 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ