İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycana pislik etmək istəyən parlament dağıldı

Adam düşünür ki, bu uzaq Skandinaviya ölkələri niyə bizə bu qədər qərəzli mövqe sərgiləməyə meyllidirlər?

Tərslikdən kimə çəpik çalırıq, tərifləyiriksə,  hərlənib-fırlanıb gəlib ölkəmizə düşmənçilik edirlər. 

Atlantik okeanın şimal hissəsində yerləşən ada-dövlət İslandiyanı (tərcüməsi “Buzlar ölkəsi” deməkdir) Azərbaycanda tanıyan azdır. Xəritədə yerini göstərən bilən də... Çünki bizimlə alış-verişi olmayıb, heç onlar da yəqin ki, Azərbaycan haqda çox az məlumatlıdırlar. Amma futbolla maraqlananlar bu ölkənin milli komandası haqda çox danışa, həm də yaxşı sözlər deyə  bilər. Xüsusilə 2016-cı il Avropa çempionatına vəsiqə qazandıqdan sonra bu komanda haqda ən xoş sözləri bəlkə də Azərbaycan mediası yazmışdı, stadionda “hörüldəyən” azarkeşlərini vəsf etmişdi.  Onları Azərbaycan milli komandasına nümunə kimi göstərilmək də dəb idi o zamanlar. 

793091_src.jpeg (44 KB)

Əhalisi 400 min civarında olan  bu ada həm də vulkanlar ölkəsidir. 2010-cu ildə  Eyafyadlayekyudl vulkanı püskürmüşdü və bir neçə yaxın ölkənin səması tozladığından diqqətlər bu ölkəyə yönəlmişdi. Yadımdadır ki, İslandiya millisi 2016-cı il Fransa çempionatında  “püskürdü” və bu balaca ölkə googledə axtarış sayına görə rekord da vurdu.  

İki il sonra İslandiya millisi bu dəfə dünya çempionatına vəsiqə qazandı və Argentina ilə oyunda qapıçısı Hannes Tur Halldorsson Messinin penaltisini qaytardı. Bu penalti isə bizə “baha başa gəldi”. Belə ki, qapıçı almağa həmişə həvəsli olan “Qarabağ” 2018-ci ildə Haldorssonu uzaq şimal ölkəsindən Bakıya gətirdi, onunla iki illik müqavilə də bağladı. 

793089_src.jpeg (32 KB)

Bir-iki oyundan sonra onun haqda yazdım ki, Messinin vura bilmədiyi penaltinin zibilinə düşdü “Qarabağ”...İş elə gətirdi ki, Haldesson təkcə qapıçısından çox top buraxmadı, həm də   zədələndi. 2018-ci ilin elə bu ayında-oktyabrda isə gecə klubundan çıxıb idarə etdiyi “Wolksfagen Tuareg”lə Bülbülədə bir adamı maşınla vurdu, ona ağır xəsarətlər yetirdi, hətta onun bir daha yeriyə bilməyəcəyi də deyilirdi. Beləliklə, islandiyalı  2019-cı ilin ilk aylarında “Qarabağ”dan yarımçıq getdi. Son olaraq islandiyalıları UEFA Millətlər Liqasında  Türkiyə millisi ilə qarşılaşmada  gördük. Türkiyə tarixində ilk dəfə bu şimal ölkəsini öz meydanında 2:4 məğlub da etdi. 

İndi gələk əsas mətləbə. Bu uzaq şimal ölkəsinin parlamentinin iki deputatı  - Bjarni Jonsson (Sol-Yaşıllar Hərəkatı) və Birgir Thorarinsson (Müstəqillik Partiyası) bu ilin yanvarında Azərbaycan nümayəndə heyətinin AŞ PA-dakı mandatının dondurulmasına səs veriblər. Bundan sonra avqustun ayının 25-də Azərbaycan Xarici İşlər Nazirliyi AŞ PA-nın yanvar ayındakı sessiyasında Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərinin dondurulmasına səs verən 74 deputatlı “arzuolunmaz şəxslər” siyahısına daxil etdiyini açıqlayıb. Prezident İlham Əliyev ötən ay İtaliyada Beynəlxalq Çernobbio Forumunda moderatorun bu barədə sualını birmənalı cavab da verib. “Bu ilin yanvarında baş verənlər qırmızı xətti keçdi. Keçən il biz öz suverenliyimizi tamamilə bərpa etdik. Beləliklə, ötən ilin sentyabrında Azərbaycan ərazisində separatizmin kökü tamamilə kəsildi. Biz Ukraynanın etməyə çalışdığından fərqli heç nə etməmişik. Qərbin böyük dəstəyinə baxmayaraq, Ukrayna öz suverenliyini bərpa etmək üçün uğursuz səylər göstərir. Biz heç bir dəstək olmadan öz suverenliyimizi bərpa etdik. Məhz bundan bir neçə ay sonra AŞ PA bizim nümayəndə heyətini səsvermə hüququndan məhrum etmək qərarına gəldi. Yəni biz öz suverenliyimizi bərpa etdiyimiz üçün bizə qarşı sanksiyalar tətbiq edilib”- İlham Əliyev deyib.

scale_1200.png (1.06 MB)

Prezident nümayəndə heyətinin səlahiyyətlərinin uzadılmasının əleyhinə səs verən AŞ PA üzvlərinin “persona non-qrata” elan edilməsi qərarının adekvat olduğunu qeyd edib. “Qərarımız onlara cavab idi. Əgər qərarlarını dəyişib bizim haqqımızı bərpa etsələr, o zaman bu embarqo deyilən şey də aradan qaldırılacaq. Nümayəndə heyətimiz qayıtmalıdır, bundan sonra qadağa da götürüləcək” deyə, Prezident əlavə edib.

İndi həmin 74-lər sırasında olan iki nəfər  deputat İslandiya hökumətini noyabrda Bakıda keçiriləcək COP29 iqlim sammitini boykot etməyə çağırıb. Guya biri  “sol” olsa da,  Yaşıllar Hərəkatını təmsil edir.  Soyuq ölkənin bu “qızmış başları” öz ağıllarınca Azərbaycandan bu yolla “intiqam” almaq istəyiblər. Amma bu dəfə “Dərviş Parisi deyil, paytaxt Reykyaviki” bu səsvermədən əvvəl “dağıdıb”. Vulkan-filan püskürməyib, İslandiyanın özündə siyasi böhran yaranıb. 

scale_1200.jpg (118 KB)

İslandiyanın prezidenti Halla Tomasdottir baş naziri Bjarni Benediktssonun koalisiya üzvləri ilə görüşündən sonra ada-ölkənin parlamentinin buraxılmasına qərar verib. Məlumatlara görə,  yeni seçkilər noyabrın 30-na təyin edilib. Yəni indi Azərbaycan əleyhinə haqsız olaraq COP29-u boykot etməyə çağıran bu iki deputatın özlərinin taleyi sual altına düşüb, çünki növbəti seçkilərdə mandat almaya da bilərlər.  

Adam düşünür ki, bu uzaq Skandinaviya ölkələri niyə Azərbaycana qarşı bu qədər qərəzli mövqe sərgiləməyə meyllidirlər? Bugünlərdə Norveçin baş naziri Yonas Qar Styore də Bakıda keçiriləcək COP29-da iştirakdan imtina etdiyini demişdi.  Bəlkə İslandiya “Qarabağ”da bəxti gətirməyən sabiq milli komandanın qapıçısının acığını belə cırtqozlıqla  çıxmaq istəyirdi? Bəlkə, Azərbaycanı Günəş daha çox isidir deyə,  COP29-u boykot etmək istəyirlər? Bizim axı  islandiyalılara nə pisliyimiz keçə bilərdi ki? Ən önəmlisi, axı COP29 Azərbaycanın ev sahibliyi etdiyi tədbir olsa da, bu BMT-nin egidası altında keçirilir. O zaman bu qarın ağrısına səbəb nədir? 

Nazim SABIROĞLU, 
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR