Onlayn ictimai-siyasi qəzet
ABŞ-ın başlatdığı qlobal ticarət müharibəsi Çinin neftə tələbat artım tempinin iki dəfə azalmasına səbəb ola bilər.
Musavat.com xəbər verir ki, bu qiymətləndirmə ilə Norveçin Rystad Energy konsaltinq şirkəti çıxış edib.
Şirkət analitiklərinin fikrincə, Çin iqtisadiyyatının artım tempinin ləngiməsinə səbəb olacaq uzunmüddətli ticarət müharibəsi neftə tələbatın artımının hazırda proqnozlaşdırılan sutkada 180 min bareldən sutkada 90 min barelə qədər azalması ilə nəticələnəcək. Çində tələbin ən böyük azalması dizel yanacağı və neft-kimya məhsulları üzrə ola bilər.
Qeyd olunur ki, neft bazarı geosiyasi fona, o cümlədən Tehranın nüvə proqramının gələcəyi ilə bağlı İran-Amerika danışıqlarına, eləcə də Ukraynada Pasxa barışığına əvvəlkindən daha az sərt reaksiya verir. Rystad Energy hesab edir ki, bazarda gələcək dalğalanmalar ilk növbədə Çin-Amerika münasibətlərinin dinamikasından, xüsusən də ABŞ-ın Çin neftayırma zavodlarına qarşı sanksiyalarının ləğvi imkanından asılı olacaq.
Qeyd edək ki, Çin dünyanın ən böyük istehlakçı ölkəsi kimi qlobal neft bazarındakı qiymətlərə mühüm təsirə malikdir. Bu ölkədə tələbatın azalması neft qiymətlərinin kəskin düşməsinə səbəb ola bilər. Donald Tramp administrasiyasının başlatdığı tarif siyasəti nəticəsində martın sonlarından neft qiymətləri 12 dollardan çox ucuzlaşaraq 64-65 dollar civarına enib. Ağ Evin Çinə qarşı başlatdığı təzyiq prosesinin davamlı olması bu qiymətlərin 55-56 dollara qədər düşməsinə gətirib çıxara bilər.
Musavat.com
22 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ