Onlayn ictimai-siyasi qəzet
“Prezident İlham Əliyevin bir neçə gün əvvəl Macarıstana işgüzar səfəri zəngin olub. Azərbaycan Prezidenti səfər çərçivəsində Budapeştə keçirilən Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə də iştirak edib. Zirvə görüşünün əhəmiyyətindən danışan Macarıstanın Baş naziri Viktor Orban öncə, Azərbaycan - Macarıstan münasibətlərinin yüksək səviyyədə olmasından söhbət açıb və bu münasibətlərin strateji səviyyəyə yüksəldiyni xüsusi vurğulayıb. O, ötən il Azərbaycandan Macarıstana ilk qazın nəql edilməsi ilə əlaqədar dövlətimizin başçısına səmimi qəlbdən minnətdarlığını bildirib. Prezident İlham Əliyev də Macarıstana səfərləri barədə məlumat verərək deyib ki, bu, onun 6-cı səfəridir. Baş nazir Viktor Orbanın isə Azərbaycana 7 dəfə səfər etməsi Macarıstanla Azərbaycanın etibarlı strateji tərəfdaş olmasından xəbər verir”.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə bildirib.
Hüquq müdafiəçisi Budapeştdə keçirilən TDT Dövlət başçılarının Zirvə görüşündən söhbət açaraq deyib ki, bu nüfuzlu qurum Türk dövlətlərinin ortaq talelərini, qarşıda duran məqsədlərini müəyyənləşdirilmək və reallaşdırılmaq üçün mühüm bir platformadır. Təşkilatın keçirdiyi Zirvə görüşləri Türk dövlətləri arasında iqtisadi, sosial, mədəni əlaqələrin möhkəmləndirilməsi, təhlükəsizliyin təmin edilməsi, yeni istiqamətlərin müəyyən olunması baxımından çox əhəmiyyətlidir. Azərbaycan Türk Dövlətləri Təşkilatının ən fəal üzvlərindən biridir və qurumun tədbirlərində yaxından iştirak edir. Dövlətimizin başçısı da çıxışında bu məqamları xüsusi vurğulayıb. Qeyd edib ki, TDT Dövlət başçılarının ilk qeyri-rəsmi Zirvə görüşü keçən il Azərbaycanın təşəbbüsü ilə Şuşada keçirilmişdir. Bu il isə Azərbaycanın qurumun Zirvə görüşünə ev sahibliyi edəcəyini bəyan edən Prezident tədbir iştirakçılarını həmin tədbirdə iştirak etmək üçün Azərbaycana dəvət edib. Azərbaycanın, ümumilikdə, təşkilatın üzv ölkələrinə 20 milyard ABŞ dollarından çox sərmayə qoymasını bildirən dövlətimizin başçısı ölkəmizin bu təşkilatın ən fəal üzvü olduğunu bir daha təsdiqləyib. Qeyd edilib ki, bu il Türk İnvestisiya Fondunun rəsmi olaraq fəaliyyətə başlaması da nəzərdə tutulur.
Ç.Qənizadə dövlət başçımızın çıxışından bəzi məqamları diqqətə çatdıraraq deyib ki, Türk dövlətləri ilə nəqliyyat sahəsində əməkdaşlığımız güclənir. Son illər ərzində Azərbaycanda nəqliyyat infrastrukturuna - avtomobil yollarına, dəmir yolu xətlərinə, dəniz limanına, gəmiqayırma zavoduna, hava nəqliyyatına böyük həcmdə sərmayələr qoyulmuşdur. Bunun nəticəsidir ki, hazırda Azərbaycan Avrasiyanın nəqliyyat-logistika mərkəzlərindən birinə çevrilmişdir. Bununla yanaşı, Türkiyənin vә Mərkəzi Asiya dövlәtlәrinin Azәrbaycan ərazisindən tranzit keçәn daşımalarının hәcmi 2024-cü ildә 11 milyon ton təşkil etmişdir. Orta Dəhlizin bir hissəsi olan Bakı – Tbilisi - Qars dəmir yolunun daşıma qabiliyyəti keçən il Azərbaycanın vəsaiti hesabına 5 milyon tona çatdırılmışdır. Azərbaycan Prezidenti Xəzər dənizində 50-dən çox ticarət gəmisi olan Azərbaycanın Türk dövlətləri üçün önəmli tranzit xidmətləri göstərməsi barədə də məlumat verdi.
Qeyd edildi ki, hazırda Azərbaycanda 8 beynəlxalq hava limanı fəaliyyət göstərir. Sayca 9-cu hava limanı yaxın zamanlarda istifadəyə veriləcək. 9 beynəlxalq hava limanından 3-ü Azərbaycanın erməni işğalından azad edilmiş ərazisindədir.
Tanınmış hüquqşünas Zirvə görüşündə ötən ilin noyabrında Azərbaycanda COP29 kimi mötəbər tədbir barəsində də məlumat verildiyni bildirib: “Dövlətimizin başçısı dedi ki, hazırlıq üçün cəmi 11 ay vaxt olmasına baxmayaraq, COP29-u yüksək səviyyədə təşkil etməyə nail olduq. Qeydiyyatdan keçmiş 77 min iştirakçı 197 ölkəni təmsil edirdi. Konfransda 70 dövlət və hökumət başçısı iştirak etmişdir. Azərbaycan COP29-da Qlobal Cənubla Qlobal Şimal arasında körpü qurmağa müvəffəq oldu. Bakıda qlobal iqlim gündəliyi ilə bağlı ciddi qərarlar qəbul edildi. Əsas nailiyyət inkişaf etməkdə olan ölkələrə maliyyə yardımının 100 milyarddan 300 milyard ABŞ dollarına qədər artırılmasını nəzərdə tutan yeni maliyyə hədəfi barədə razılaşmadır. Tədbirin sonunda Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə Bəyannamə imzalanıb. Sənəddə TDT-nin müvafiq beynəlxalq təşkilatlarla əməkdaşlığının gücləndirilməsini təşviq etməyə, mümkün olduqda bir-birinin namizədliklərini, qətnamələrini, bəyanatlarını və beynəlxalq təşkilatlar çərçivəsində ortaq maraqlara əsaslanan digər təşəbbüsləri daha güclü qarşılıqlı əlaqələndirməyə və dəstəkləməyə çağırış ifadə olunur” – deyə Ç.Qənizadə bildirib.
23 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ