İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan təhsilində ilk - 6 universitetimiz siyahıda öndə...

Ekspert: “Arzu edirik ki, növbəti illərdə digər universitetlərimiz də ilk 1000-likdə, ya heç olmasa ilk 1500-lükdə yer ala bilsin”

Ölkə tarixində ilk dəfə 6 universitetimiz “QS 2026 dünyanın ən yaxşı universitetlərinin reytinqi”ndə TOP 1000-ə daxil olub. Bu barədə Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, reytinqdə Azərbaycan universitetlərinin sayı 9-a yüksəlib. 3 universitetimiz mövqeyini ötən ilə nisbətən əhəmiyyətli dərəcədə gücləndirib. 6 universitetimiz isə ilk dəfə sözügedən qlobal reytinqə daxil olub. Ölkə üzrə ən yüksək nəticə əldə edən Bakı Dövlət Universiteti 300 pilləyə yaxın irəliləyərək 688-ci mövqeyə yüksəlib. Azərbaycan Dövlət İqtisad Universiteti (801-850) və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (851-900) mövqeyi ötən ilə nisbətən əhəmiyyətli dərəcədə yüksəlib. İlk dəfə olaraq Azərbaycan Texniki Universiteti (851-900), Bakı Mühəndislik Universiteti (901-950) və Xəzər Universiteti (951-1000) “QS 2026 dünyanın ən yaxşı universitetlərinin reytinqi”ndə TOP 1000-də yer alır. Azərbaycan Memarlıq və İnşaat Universiteti (1001-1200), Sumqayıt Dövlət Universiteti (1001-1200) və ADA Universiteti (1201-1400) də sözügedən qlobal reytinqə ilk dəfə daxil olub.

Sözügedən reytinqə yeni daxil olan universitetlərin sayına görə Azərbaycan təmsil olunan 106 ölkə arasında 2-ci sıradadır. “Akademik nüfuz”, “İşəgötürənlər arasında nüfuz”, “Müəllim-tələbə nisbəti”, “Əcnəbi müəllim payı”, “Əcnəbi tələbə payı” və “Məşğulluq nəticələri” indikatorları üzrə Azərbaycan universitetlərinin göstəricilərində müsbət dinamika müşahidə olunur.

Qeyd edək ki, “QS 2026 dünyanın ən yaxşı universitetlərinin reytinqi”ndə nəticələrinə görə Azərbaycan Cənubi Qafqaz regionunda liderdir. Azərbaycandan reytinqə daxil olan universitetlərin sayı digər Cənubi Qafqaz ölkələrindən reytinqə daxil olan universitetlərin toplam sayından 3 dəfə çoxdur.

Mütəxəssislər hesab edir ki, bu reytinqlər ali təhsil müəssisələrinin həm daxili idarəçiliyini təkmilləşdirir, həm də tələbə və müəllimlər üçün rəqabətə əsaslanan motivasiya mühiti yaradır.

Ekspert Elçin Əfəndi təhsillə bağlı suallara aydınlıq gətirib - ARB24 (Nə  baş verir?)

 Elçin Əfəndi 

Mövzu ilə bağlı təhsil eksperti Elçin Əfəndi “Yeni Müsavat”a danışıb:

“Azərbaycanın ali təhsil sistemində sevindirici bir hadisədir ki,  QS beynəlxalq reytinq təşkilatının 2025-ci il üzrə açıqladığı siyahıya ölkəmizdən tam 9 universitet daxil edilib. Bu, əvvəlki illərlə müqayisədə mühüm irəliləyiş kimi qiymətləndirilə bilər. Çünki uzun müddət yalnız məhdud sayda ali məktəbimiz bu cür beynəlxalq sıralamalarda təmsil olunurdu.

Xüsusilə vurğulanmalı məqam budur ki, daxil olan universitetlərin 6-sı ilk 1000-likdə yer alıb. Bu isə təkcə say artımı deyil, həm də keyfiyyət baxımından ciddi irəliləyişdir. Ən çox diqqətçəkən hadisə isə Bakı Dövlət Universitetinin (BDU) uğurudur: bu ali məktəb təkcə ölkə üzrə deyil, Qafqaz regionu miqyasında da ön sıralara yüksələrək nüfuzlu mövqe qazanıb. BDU-nun dünyanın ən yaxşı 700 universiteti arasında yer alması, şübhəsiz ki, Azərbaycan elminin və təhsilinin beynəlxalq müstəvidə nüfuzunun artmasından xəbər verir.

Bu reytinqdə həm dövlət, həm də özəl universitetlərin yer alması gələcək üçün mühüm mesaj verir. Belə ki, adı bu siyahıya düşən universitetlərə abituriyentlərin marağı artacaq, bu da plan yerlərinin dolmasına və qəbul göstəricilərinin yüksəlməsinə səbəb olacaq. Çünki valideynlər və tələbələr artıq anlayırlar ki, beynəlxalq reytinqdə olan ali məktəb təkcə diplom deyil, həm də etibarlı gələcək vəd edir.

Bu siyahı hazırlanarkən QS təşkilatı bir sıra ciddi meyarlara əsaslanır: akademik nüfuz, məzunların işəgötürənlər arasında tanınması, tələbə-müəllim nisbəti, alimlərin elmi məqalələrinin sayı və onlara edilən beynəlxalq istinadlar.

Azərbaycan universitetlərinin bu kriteriyalara uyğun gəlməsi və sıralamada önə çıxması təsadüfi deyil, bu, illərdir aparılan elmi-tədris fəaliyyətinin nəticəsidir.

Əlbəttə, arzu edirik ki, növbəti illərdə digər universitetlərimiz də ilk 1000-likdə, ya heç olmasa ilk 1500-lükdə yer ala bilsin. Bu həm ali təhsildə rəqabəti gücləndirəcək, həm də ölkənin beynəlxalq elmi və intellektual imicini yüksəldəcək. Artıq bəzi universitetlərimizin top-500 universitet arasında yer alması ehtimalı da real görünür və bu, yaxın illərdə daha konkret şəkildə özünü göstərə bilər".

Xalidə Gəray,
“Yeni Müsavat”

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR