Onlayn ictimai-siyasi qəzet
Bu gün fələstinlillərin hərbi-siyasi təşkilatı HƏMAS-ın İsrailə hücumunun ikinci ildönümüdür. Bu hücum və onun məşum nəticələri günü bu gün də bütün dünyanın diqqət mərkəzindədir.
2023-cü ilin 7 oktyabrında Qəzza sektorunda hakimiyyətdə olan HƏMAS-ın başçılığı ilə fələstinli silahlı qruplaşmaların sərhədi yarıb İsrail ərazisinə sızarkən hansı məntiqə əsaslandıqları hələ də düz-əməlli bilinmir. Söz yox, fələstinli silahlı qruplar İsrail şəhərlərini və hərbi obyektlərini götürmək istəyirdilər. Amma bunun sonrasının necə olacağını düşünürdülərmi, hesablamışdılarmı?
Onlar “əl-Kaidə” və ya İŞİD kimi güclü, İsrail dövləti isə İraq və Suriya kimi zəif deyildi ki, pikap növlü avtomobillərin üstünə pulemyot qoymuş silahlılar müqavimətə rast gəlmədən bir günün içində böyük bir dövlətə bəs edəcək qədər ərazini işğal etsinlər.
Oktyabrın 7-də hücuma başlayanlar bilməliydilər ki, onlar elə ertəsi gün ciddi müqavimətə, əks-hücuma məruz qalacaqlar. 3 min nəfər yaraqlı ilə nizami hərbi birləşmələrə, hər cür müasir və effektiv silaha malik olan nüvə dövlətinə qalib gəlmək olardımı? Mümkün deyildi. İsrail hərbçiləri hələ 50-60 il öncə 4-5 ərəb dövləti ilə vuruşaraq gücünü ortaya qoymuşdu.
Bu baxımdan HƏMAS-ın 2 il öncə bu gün İsrail ərazisinə hücum etməsini hərtərəfli düşünülümüş hərbi əməliyyat hesab etmək olmaz. Bu, heç birdəfəlik terror aktı deyildi. Çünki HƏMAS İsrailə 3 yöndən (quru, dəniz, hava) hücum etmişdi və “vurub-qaçmağı” düşünmürdü. HƏMAS-ın hücumu İsrailə müharibə elan etmək idi. Durumu ağırlaşdıran daha bir məqam hücumçuların Sderot şəhərində təxminən 1200 dinc insanı (o cümlədən 364 musiqi festivalı iştirakçısını) öldürməsi və daha 253 nəfər girov götürməsiydi. Bu, qisas aksiyasının amansız olacağına səbəb olacaqdı. Yəhudilər belə aktları hələm-hələm bağışlamırlar.
Ona görə də gözləmədiyi vaxtda ağır zərbə alan İsrail dövlətinin hökuməti bu təcavüzə cavab olaraq Yom Kippur müharibəsindən (1973) sonra ilk dəfə hərbi vəziyyət elan etdi və Qəzza zolağında xüsusi hərbi əməliyyata başladı.
İlk vaxtlarda düşünülürdü ki, İsrail hücumçuları zərərsizləşdirəcək və verdiyi qurbanların 3-5 misli qədər adam öldürəndən sonra sakitləşəcək. Elə olmadı. İsrail hərbçilərinin Qəzza zolağı üzərinə əks-hücumu 2 ildir davam edir və bu savaşda ölənlərin sayı artıq 7 oktyabrda həlak olanların 50 mislinə çatıb (ya da ötüb – statistik rəqəmlər ziddiyyətlidir).
2023-cü ilin 7 oktyabrından sonra Qərb ölkələri, eləcə də Ukrayna, Qazaxıstan, Hindistan, Sinqapur və Yaponiya HƏMAS-ı kütləvi qətllərə və müharibə cinayətlərinə görə qınamış, onun taktikasını terrorizm adlandırmışdılar. Demək olar ki, bütün ərəb və bir çox müsəlman ölkələri, əksinə, günahı İsrailin üzərinə ataraq, münaqişənin səbəbinin İsrailin Fələstin ərazilərini işğal etməsində olduğunu iddia etmiş, HƏMAS-ın adını çəkməmişdilər.
Ayrıca, İranda HƏMAS-ın 7 oktyabrda İsrailə vurduğu zərbəyə görə təşkilatın rəhbərliyinin ünvanına öygülər yağdırılmış, əməliyyat “uğurlu zərbə” adlandırılmışdı.
Üstündən iki il keçəndən sonra artıq 1-2 dövlət istisna olmaqla İsrailin Qəzza üzərinə hücumuna bəraət qazandıran, onu zəruri hesab edən yoxdur. Bütün dövlətlər İsrailin Fələstin ərəblərinə qarşı aqressiyasını dayandırmağı, qoşunları geri çəkməyi tələb edir, sərt şəkildə Binyamin Netanyahunu qınayırlar.
İsrailin baş naziri Netanyahu isə dediyindən dönmək, yola gəlmək fikrində deyil. O, HƏMAS-ı tamamilə məhv etməyi qarşısına məqsəd qoyub. Ara yerdə Qəzzanın dinc xalqı məhv olur.
Çünki HƏMAS ya silah gücünə, ya da özünü mübariz təşkilat kimi sevdirərək xalqı öz ətrafında birləşdirib. Qəzzada HƏMAS-a alternativ təşkilat ya yoxdur, ya da çox zəifdir. HƏMAS da sıradan çıxsa, Qəzza xalqı başsız qalacaq. Ona görə də xalq onu güllə, mərmi qabağına verib qırdıran təşkilatdan üz döndərmir. Əslində buna onun gücü də yoxdur.
HƏMAS isə xalqın qırılmasından çox da narahat deyil. Təşkilat rəhbərliyində qırğınlara görə peşmançılıq hissi olsaydı, çoxdan silahı yerə qoyar, hakimiyyətdən gedər, başqa ölkələrə dağılışardılar. Təşkilatın rəhbər şəxsləri və ailə üzvləri də bombardmana məruz qalaraq həlak olub deyə, onların yerinə gələnlər tutulmuş yoldan imtina etmək niyyətinə düşmürlər, hesab edirlər ki, xalq bunu onlara bağışlamaz, xəyanət sayar.
Hazırda Qəzza sektorunda insanlıq faciəsi elə bir hala gəlib çatıb ki, dünya birliyi yaşananlara biganə qala bilmir və İsrailə təzyiq göstərir. Söhbət on minlərlə günahsız insanın (qoca, qadın, uşaq) qətlindən gedir. ABŞ və bir neçə başqa dövlət istisna olmaqla, demək olar ki, bütün dövlətlər Fələstini müstəqil dövlət kimi tanıyır, İsrail-Fələstin münaqişəsinin həllini yeni bir dövlətin yaradılmasında görürlər. Ancaq Netanyahu administrasiyası bu fikirlə razılaşmır, Fələstin dövlətinin yaradılmasına imkan verməyəcəyini israrla söyləyir.
Böyük ehtimalla İsraildə Netanyahu və komandası, Qəzzada isə HƏMAS hakimiyyətdən getsələr, bölgədə gərginlik azalar, münaqişə səngiyər. Ancaq bu, eləcə də Fələstin dövlətinin hamı (o cümlədən BMT) tərəfindən tanınması hələ İsrail-Fələstin münaqişəsinin sona çatması demək olmayacaq. Sadəcə, münaqişə yeni bir fazaya keçəcək, iki dövlətin ərazi davası kimi davam edəcək.
Araz Altaylı, Musavat.com
07 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ