İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyanı avro-seysmo-siyasi aktivlik gözləyirmi?..

Ötən həftənin ən mühüm hadisələri həm də Moldovada keçirilən parlament və qonşu Gürcüstandakı munisipal seçki oldu. Qısa müddət keçsə də Moldovadakı seçki xeyli müzakirə və təhlil olunub. Əsas odur ki, “siyasət qadın işi, nəcib qızlar klubu deyil” söyləyənlərə zərif bir xanım olan prezident Maya Sandu növbəti dərs keçdi və Rusiyanın bu kiçik ölkəyə təkrar qayıtmaq cəhdinin qarşısını aldı, ona Moldovada konstitusion çevriliş eməyə və Kişinyovu topsuz -tüfəngsiz götürməyə imkan vermədi.

Bəli, seçkini Avropaya inteqrasiya yolunun tərəfdarları uddu. Hiss olunur ki, Avropa liderləri onun nəticələrindən yetərincə məmnun qalıb.

Əgər bir azca unudulmuş GUAM geosiyasi formatını yada salsaq, onun təzədən bərpası üçün müəyyən zəmin var: Moldova NATO-dan bir az distansiya saxlasa da, Avropa İttifaqına inteqrasiyasını davam etdirəcək.

Ukrayna siyasətçiləri və diplomatları Rusiya ilə nəinki diplomatiya, hətta hərb meydanında vuruşmaqda davam edir: Dünya Kiyevin Moskva tərəfindən istilasına son qoymağın yollarını arayır, üstəlik, Brüssel Ukraynanın Aİ-yə üzvlüyü ilə bağlı yeni danışıqlara start verməyə qərarlı görünür. Onlar indi Macarıstan liderinin bu məsələ ilə bağlı yaratdığı çətinlikləri necə dəf etməyi düşünürlər və güman ki, adi səs çoxluğuyla qərar qəbuletmə mexanizmini reallaşdıra biləcəklər.

Qeyd edək ki, cənab Orban nə qədər müddətdir özünün veto hüququndan istifadə edərək Kiyevi Avropa strukturlarında bloklayır.

Niyə belə edir? Deyirlər ki, guya ölkəsilə Kiyev arasında probem var. Olsun! Amma onu başqa yolla həll etmək mümkün deyilmi? Doğrusu, bəlkə də səhv edirik, amma lap əvvəldən bizə elə gəlib ki, qədim hun babalarımızın törəməsi demokrat deyil və əslində demokratik Avropanı da qəti sevmir, hələ onu demirik ki, bəlkə özü də bilmədən çox vaxt Rusiyanın “əlinə oynayır”! Ona qonşu Polşanı misal gətirərdik: ölkə Ukraynaya (bütün Qərbi Ukryana vaxtilə onun olub) və Belarusa ərazi iddiası irəli sürə bilərdi, di, gəl, etmir. Keçək Gürcüstana. Nə qədər qəribə olsa da, Tiflis, hansı ki, bir vaxt GUAM-ın ən avropayönümlü həlqəsi idi, indi nəinki kənarda qalıb, hətta onunla Brüssel arasında çox “soyuq küləklər” əsir.

Prinsipcə, son munisipal seçkilər vəziyyəti azcacıq dəyişə bilərdi, amma əvvəldən aydın idi ki, bunu da hakim partiya udacaq. Sonuncunun qələbəsini isə Avropa yalnız müəyyən şərtlər daxilində qəbul edə bilər, bunlarısa Bidzina İvanişvili və komandası heç bir vəchlə qəbul etmir.

Üstəlik, gürcü hakimiyyəti bir neçə ildir iddia edir ki, guya ABŞ və Avropa Gürcüstanın təhlükəsizliyi üçün təhdid yaradır, halbuki təsəvvür etmək mümkün deyil ki, Avropanın, ABŞ-nin dəstəyi olmasaydı, Tiflis keçid dövrünün bir sıra çətin problemlərini necə həll edərdi!..

Nəhayət, sırada bizim Azərbaycanımız gəlir. Bakı əvvəldə qeyd etdiymiz ölkələrdən fərqli olaraq çoxdandır Avropa ilə bağlı başqa kurs götürüb: Qoca Dünya ilə demək olar yalnız iqtisadi əlaqələr saxlayırdıq.

Bunu həm də şimal qonşumuz Rusiyanın geosiyasi maraqlarını nəzərə almaq üçün edirdik.

Bir ara Moskva özü də buna qane olurdu, hətta bizi başqalarına nümunə kimi də göstərirdi. Amma məsəl var, deyir ki, iştah yemək vaxtı gəlir.

Bəli, Rusiya başladı Azərbaycana qarşı da ciddi təzyiqlər etməyə və Bakı bir xeyli özü ilə şimal qonşusu arasında yaranmış gərginliyi azaltmağa çalışdı. Amma görəndə ki, əbəsdir, yenidən Qərbə üz tutmağa məcbur oldu. Məhz Qərbin ən əsas ölkəsinin - ABŞ-nin iştirakı ilə avqust ayında Azərbaycan- Ermənistan münasibətləri ciddi impuls aldı, sülh və eləcə də Zəngəzur dəhlizi məsələsi demək olar ki, həll olundu.

Bir sözlə, Cənubi Qafqazda indi çox ciddi proseslər gedir, deyəsən, kölgələr artıq çəkilməkdədir və yaxud da çəkilmək istəyir.

Ən böyük yenilik ondadır ki, İrəvan indi az qala, bölgədə avropayönümlülük sahəsində lider ölkədir. Bakı bir ara Qərbdən tamam distansiya götürüb istiqaməti türk dövlətlərinə yönəltmişdi. Üstəlik, bizim siyasət və diplomatiya adamları, məsələn, Valday diskussiya toplantısında daha çox görünürdü, nəinki Qərbin tədbirlərində!

Vəziyyət dəyişir və həm də Kopenhagendə baş tutan son tədbir də göstərdi ki, Azərbaycana və onun liderinə böyük maraq var. Bir detalı da qeyd edək.

Azərbaycanla Fransa arasında soyuqluq yarananda, hətta qonşu Gürcüstanda rusiyapərət Bidzina və komandası ilə qərbpərəst Salome Zurabişvili arasında ciddi problemlər başlayanda deyirdik ki, tələsməyin: düzdür, Fransa Azərbaycanın dostu deyil, amma tamam düşməni də deyil. Qərəz, tədricən hər şey düzələcək.

Onda da bizə elə gəlirdi ki, heç bir Qərb ölkəsinin İrəvanı Bakıya qarşı qaldırmaq fikri yox idi və indi də yoxdur.

İndi hiss olunur ki, Emmanuel Makron prezident İlham Əlieylə özü arasında mövcud olan soyuq münasibətlərə son qoymaq istəyir. Bunu Kopenhagendəki tədbirdə də hiss etdik...

Həm də sanki Qərb bölgədə mövqelərini bərpa etmək istəyir. Sadəcə, problem ondadır ki, Cənubi Qafqazın problemləri yalnız geosiyasi və geoiqtisadi xarakter daşımır. Qərbin qarşısındakı maneə tək Rusiya deyil. Burada molla İranını ona görə hallandırmırıq ki, bölgədə geosiyasi faktor deyil, sadəcə, hərdən suyu bulandırır.

Qərb ən azı indiki mərhələdə-Rusiyanın bölgədən çıxarılmasında ciddi rol oynaya bilər. Odur ki, bölgə siyasətinin seysmo - siyasi aktivliyi arta bilər: yəni Moskva, özünü gözlə! Cənubi Qafqaz Qərb istiqamətində iki addım irəli, bir addım da geri atıb. Nəticəni Duqin çıxarsın...

 

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR