İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan tarixində İLK dəfə: Kipr Türk Dövlətinin rəhbərliyi Bakıya gəlir - EKSKLÜZİV

İLK yayım saatı: 18:11

Musavat.com mötəbər qaynaqlara istinadən bildirir ki, gələn həftə Azərbaycanda Şimali Kipr Türk Cümhuriyyəti Günləri keçiriləcək.

Bununla bağlı hər iki ölkə arasında müvafiq anlaşma əldə edilib. Bu münasibətlə Kipr Türk Dövlətinin rəhbərləri tarixdə ilk dəfə Azərbaycana gələcəklər.

Musavat.com-un məlumatına görə, gələn heyət mötəbərdir və Kipr (Kıbrıs) Türk Dövlətinin rəhbərliyini əhatə edir.

Qaynaqlarımıza görə, heyətdə KTD (ŞKTR) prezidenti Ersin Tatar, xarici işlər naziri Tahsin Ertuğruloğlu və digər yüksək rütbəli dövlət adamları da var.

Bir daha qeyd edək ki, belə bir hadisə Azərbaycan tarixində bir ilkdir. Bəlli olduğu kimi, Şimali Kipr Türk Cümhuriyyəti (əslində Kipr Türk Dövləti) dünya dövlətlərinin mütləq çoxluğu tərəfindən tanınmayan bir ölkədir. Yalnız qardaş Türkiyə onu müstəqil dövlət kimi tanıyıb.

"Azərbaycan bu sırada ikinci ola bilərmi?" sualına cavab vermədən öncə dövlətimizin bu istiqamətdə konkret addımlar atdığını görmək mümkündür. Belə ki, Azərbaycanda KTD Günlərindən başqa, həm də Azərbaycan dövlətinin Bakı-Lefkoşa birbaşa təyyarə xəttini açması da gözləniləndir.

Qeyd edək ki, Qarabağdakı separatçı ermənilərin varlığı və orada qondarma rejim yaratması ucbatından Azərbaycan Şimali Kipr Türk Cümhuriyyətini (KTD) tanıya, yaxud da ona ən müxtəlif platformalarda açıq dəstək verə bilmirdi. Yaxud da birbaşa təyyarə reysi açaraq, turizm sahəsində əməkdaşlıq edə bilmirdi. Çünki Yunanıstan dərhal Azərbaycanı şantaj edir və ərazimizdəki qondarma rejimi dövlət kimi tanıyacağı ilə təhdid edirdi. İndi Qarabağ məsələsi həll olduğu, qondarma rejim isə "cəhənnəmə getdiyi" üçün Azərbaycan manevr etmədən "Yavru Vatan"la birbaşa əlaqə qura bilər.

Bugünlərdə yaşadığımız böyük tarixi proseslərə biri də əlavə olunmaqdadır. Xeyirli-uğurlu olsun!

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR