İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan nazir müavinini Talibanla danışıqlara göndərib

 

Bu ölkəyə investisiya yatırmaq və ticarət üçün risklər qalırmı?

Bu günlərdə Kabildə Əfqanıstan, Özbəkistan və Azərbaycan arasında üçtərəfli danışıqlar baş tutub. Haqqın.az Əfqanıstanın “Tolo News” nəşrinə istinadən verdiyi məlumatına görə, bu müzakirələri Taliban hökumətinin sənaye və ticarət naziri təşkil edib. Danışıqlarda Özbəkistanı sənaye, ticarət və investisiyalar naziri, Azərbaycanı isə iqtisadiyyat nazirinin müavini təmsil edib.

Taliban hökumətinin Sənaye və Ticarət Nazirliyi bildirib ki, görüşdə regional əməkdaşlıq, ticarət və tranzitin təşviqi və Əfqanıstana sərmayələrin cəlb edilməsi müzakirə olunub.

“Qazaxıstan və Özbəkistan Əfqanıstan vasitəsilə Cənubi Asiyaya çatmağa və qlobal layihələr həyata keçirməyə çalışır və rəsmilərimiz əməkdaşlığa hazır olmalıdır”, - deyə iqtisadi ekspert Məhəmməd Nəbi Əfqan bildirib.

Məlum olduğu kimi, region ölkələri əvvəlcə Talibanın gücünü tanımaqdan çəkinsələr də, sonradan ehtiyatla da olsa, yeni siyasi reallığı qəbul etdilər. Xüsusilə Rusiya hökuməti Taliban hökumətini tanıdı və Əfqanıstanla ikitərəfli diplomatik və siyasi əlaqələri bərpa etdi.

Azərbaycan Asiya ilə Avropanı birləşdirən nəqliyyat dəhlizlərində yerləşən ölkə olmaqla Əfqanıstanla əlaqələrin inkişafında maraqlıdır.

Əfqanıstan Azərbaycana çox uzaq ölkə deyil. Tarixi, mədəni əlaqələr var, hazırda iqtisadi baxımdan Əfqanıstan mühüm enerji və nəqliyyat dəhlizinin üzərində yerləşir.

Xatırladaq ki, Azərbaycan Prezidentinin 28 iyul 2021-ci il tarixli sərəncamı ilə İlham Məmmədov ölkəmizin Əfqanıstan İslam Respublikasındakı səfiri təyin olunub. O, bu il fevralın ortalarında Kabilə gedib və Talibanın xarici işlər naziri Əmir Xan Müttəqi ilə görüşüb.

Onu da bildirək ki, Əfqanıstan Azərbaycanın müstəqilliyini 1991-ci il dekabrın 21-də ilk tanıyan dövlətlərdən biridir. 1994-cü ildən ölkələr arasında diplomatik münasibətlər mövcuddur. 2012-ci ildən Bakıda Əfqanıstanın səfirliyi fəaliyyət göstərir.

Azərbaycan Əfqanıstanın keçmiş hakimiyyətləri ilə sıx əməkdaşlıq edirdi. İndiyə qədər Azərbaycan Respublikası ilə Əfqanıstan İslam Respublikası arasında 15 sənəd imzalanıb.

Bu ölkəyə investisiya yatırmaq və ticarət üçün risklər qalırmı?

Fikrət Yusifov.jpeg (199 KB)

Fikrət Yusifov

Sabiq maliyyə naziri, siyasi və iqtisadi məsələlər üzrə ekspert Fikrət Yusifov Əfqanıstanın təbii sərvətlərinə xüsusi diqqət çəkdi: “Əfqanıstan qızıldan və qiymətli daşlardan tutmuş mis və ən qıt litiumlara qədər bütün dünyanın marağı olan təbii sərvətlərlə sonsuz zəngindir. Mütəxəssislər bütün bu resursları ilkin olaraq 1 trilyon dollardan çox dəyərləndirirlər.

Dünyanın aparıcı ölkələrinin geoloqları iddia edirlər ki, xaşxaş plantasiyalarının salındığı və piyada əleyhinə minaların basdırıldığı Əfqanıstan dağları və dərələrində on milyonlarla ton mis və boksit, milyardlarla ton dəmir filizi, həmçinin qızıl, mərmər və s. qiymətli minerallar çoxdur. Ancaq indiyə qədər Əfqanıstan bütün bunları çıxarıb satmaq, əldə olunan gəliri vətəndaşların həyat səviyyəsinin yaxşılaşdırılmasına, tibbə, təhsilə, elmə, heç olmasa rəhbərliyin və onlara yaxın olan şəxslərin zənginləşməsinə belə xərcləmək imkanlarına malik olmayıb. Amerikalılar 20 illik işğaldan sonra Əfqanıstanı tərk etmək qərarına gələn kimi Taliban Əfqanıstanda hakimiyyəti ələ keçirdi. Əsrlər boyu müharibələr nəticəsində parçalanan ölkədə rejim dəyişikliyi nəhayət ki, Böyük İpək Yolunun mərkəzində, quru yollarının kəsişməsində yerləşən təbii sərvətlərdən, insan kapitalından və əlverişli coğrafi mövqedən yararlana biləcəkmi sualını bir daha gündəmə gətirdi.

Bu gün az-çox sabit həyat yaşayan Əfqanıstana beynəlxalq kapitalın böyük marağı olsa da hələ ki ölkədə təbii resursların istifadə edilməsinə ciddi rəvac verilməyib. On illər boyu müharibələr, hakimiyyət dəyişiklikləri yaşamış Əfqanıstanda sabitliyin olacağına şübhələr hələ də investorların şüurundan silinməyib.

Təbii ki, bu qədər zəngin və mühüm coğrafi mövqeyi olan bir ölkə ilə əməkdaşlıq barədə düşünmək lazımdır. Lakin risklərin minimallaşdırılması üçün zamanla ölkə daxilində gedən prosesləri izləmək gərəkdir. Azərbaycan hökuməti də Əfqanıstanla iqtisadi müstəvidə münasibətlər qurarkən bu incəlikləri diqqətdən qaçırmamalıdır. Əfqanıstanda uşaq dünyaya gələndə ilk olaraq ona silahdan gələn barıtı qoxuladırlar. Uşaq gözünü silahla açır və bütün ömrünü əlində silah yaşayır, sonda da əlində silah ölür. Bu əfqan xalqının gerçək həyat fəlsəfəsidir. Odur ki, Əfqanıstanla əməkdaşlıq edən hər bir tərəf bu reallığı nəzərdən qaçırmamalıdır. Taliban neçə illər dağlarda yaşayıb, vuruşdu. Onu heç kim dayandıra bilmədi və sonda da hakimiyyətə gəldilər. Bilirik ki, Əfqanstanda başqa güclər də mövcuddur. Heç bir zəmanət yoxdur ki, bir vaxtlar onlar da Taliban kimi silahlı yolla hakimiyyətə gəlməyəcəklər. Bütün bunlar düşündürücü olmalıdır..."

Elxan Şahinoğlu son çıxışı ilə özünü və “ağalarını” belə ələ verdi -  ƏTRAFLI | KONKRET

Elxan Şahinoğlu

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu Taliban amili ilə hesablaşmağı vacib sayır: “Rəsmi Bakı bir müddət əvvəl Azərbaycanın Əfqanıstandakı səfirliyinin bərpasına qərar verdi və səfir Kabilə qayıtdı. Bu doğru qərar idi. Taliban Əfqanıstanda hakimiyyətdədir və bu amillə hesablaşmaq lazımdır. Qərb ölkələri keçmiş illərdə Talibanı radikal təşkilat kimi qəbul etsələr də, sonrakı illərdə Talibanın gücü ilə hesablaşmaq məcburiyyətində qaldılar. ABŞ qoşunları Əfqanıstanı tərk etdi və Taliban Kabili nəzarətə götürdü. Qərb ölkələrinin bir qisminin bu gün də Talibanla əlaqələri və diplomatik münasibətləri yoxdur. Buna baxmayaraq, Əfqanıstana qonşu olan ölkələr Talibanla əməkdaşlığa qərar veriblər. Bunun bir neçə səbəbi var. Birincisi, Mərkəzi Asiya ölkələri və Çin Əfqanıstan ərazisindəki bəzi silahlı qrupların fəaliyyətindən narahatdır. Həmin silahlı qrupların Mərkəzi Asiya ölkələrinə və Çinə müdaxilə etməmələri üçün Talibanla əməkdaşlıq vacibdir. Pekin Talibanla sıx əlaqələr qurub, qarşılıqlı səfərlər reallaşıb. Bundan başqa, Çin Talibanla əməkdaşlıq sayəsində Əfqanıstana böyük yatırımlar cəlb edib. İkincisi, Əfqanıstan ərazisindən nəqliyyat dəhlizlərinin keçməsi diqqət mərkəzindədir. Bu məsələ Azərbaycanın da diqqətini çəkib. Azərbaycan gələcəkdə Əfqanıstanın nəqliyyat dəhlizlərindən istifadə etməyi planlaşdırır. Əfqanıstan tarixən də Azərbaycana yaxın ölkədir. Orta əsrlərdə Azərbaycanı idarə edənlər Əfqanıstana da nəzarət ediblər. Bizi ortaq tarix birləşdirir. Əfqanıstan ərazisində türk xalqları yaşayır ki, bizi onlarla qardaşlıq əlaqələri birləşdirir. Azərbaycanla Əfqanıstan arasında müxtəlif illərdə imzalanan 15 sənəd əlaqələri inkişaf etdirmək üçün yaxşı zəmindir. Azərbaycan keçmiş illərdə Əfqanıstana humanitar yardımlar edib. Bu yardımları bərpa etmək mümkündür. Əgər Taliban rejimi Azərbaycanla əməkdaşlığa maraq göstərirsə, bundan faydalanmaq lazımdır. Azərbaycan Mərkəzi Asiyanın qardaş dövlətləri ilə Əfqanıstanda ortaq layihələrin reallaşmasında iştirak edə bilər”.

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR