İnsanlara hürriyət, millətlərə istiqlal!

Azay Quliyev: "Ermənistanı silahlandıranlar bu mesajı düzgün oxumalıdırlar"

"Bütün dünyaya barış və sülh mesajı verən Liderlər haqlı olaraq bildirdilər ki, Zəngilan Hava Limanı Şərqi Zəngəzurun və Qarabağın dirçəliş dastanının yazıldığının bariz nümunəsidir".

Musavat.com xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Azay Quliyev parlamentin oktyabrın 21-də keçirilən plenar iclasında çıxışı zamanı deyib.

Millət vəkilinin Milli Məclisdə çıxışını təqdim edirik:

1) Zəngilan Beynəlxalq Hava limanının açılışı

Azərbaycan və Türkiyə Prezidentləri cənab İlham Əliyev və cənab Rəcəb Tayyib Ərdoğan oktyabrın 20-də Zəngilan Beynəlxalq Hava Limanının açılışını etdilər.

Zəngilanın işğaldan iki il öncə, 20 oktyabr 2020-ci ildə azad olunduğu gündə açılış törəninin keçirilməsi həm rəmzi, həm də tarixi məna daşıyır.

Bütün dünyaya barış və sülh mesajı verən Liderlər haqlı olaraq bildirdilər ki, Zəngilan Hava Limanı Şərqi Zəngəzurun və Qarabağın dirçəliş dastanının yazıldığının bariz nümunəsidir.

Zəngilan görüşü Azərbaycan-Türkiyə birliyinin, dostluğunun və sarsılmaz müttəfiqliyinin təkcə, bölgənin inkişafının deyil, eyni zamanda Cənubi Qafqazda sülhün və təhlükəsizliyin yeganə qarantı olduğunu bir daha nümayiş etdirdi.

Ermənistanı silahlandıraraq regionda gərginliyi artırmağa çalışanlar bu mesajı düzgün oxumalıdırlar.

2) Beynəlxalq Ədalət Məhkəmənin Ermənistanın Azərbaycana qarşı olan iddiasını rədd etməsi

Bildiyiniz kimi, Beynəlxalq Ədalət Məhkəməsi Ermənistanın Azərbaycana qarşı iddiasını əsassız sayaraq rədd edib.

Söhbət Ermənistanın bu ilin 12-14 sentyabrında törətdiyi hərbi təxribatı zamanı Azərbaycan odrusu tərəfindən əsir alınan və humanitar əsasda bir jest olaraq oktyabrın 4-də İrəvana təhvil verilən 17 hərbiçiyə qarşı güya zoraklıq hallarının baş verməsi və Azərbaycanın bu sahədə qüvvədə olan beynəlxalq konvensiyanı pozması ilə bağlı Ermənistanın rəsmi iddiasının rədd edilməsindən gedir.

Baxmayaraq ki, Beynəlxalq Qırmızı Xaç Komitəsi də əsir götürülmüş ermənilərə hər hansı bir işgəncə verilmədiyini və onlarla beynəlxalq humanitar qanunların tələblərinə uyğun rəftar edildiyini təsdiq etmişdi.
Beynəlxalq Ədalət Məhkəməsinin 3 hakimi Ermənistanın bu qanunsuz tələbini dəstəkləsə də, təqdirə layiq haldır ki, Məhkəmənin 13 hakimi bu tələbi rədd etdi.

Hesab edirəm ki, ədaləti müdafiə edən həmin 13 hakimə hamımız təşəkkür etməliyik.

3) ATƏT-in özbaşına Ermənistana missiya göndərməsi

ATƏT-in hazırkı sədrliyinin və Beynəlxalq Katibliyinin “ATƏT-in ehtiyacların qiymətləndirilməsi missiyası” adlandırılan qrupun Ermənistana göndərilməsi haqqında qərarı ciddi səhvdir və qanunsuzdur.

ATƏT-də bütün qərarlar konsensusla qəbul olunur və belə bir missiyanın göndərilməsi məsələsini müzakirə və kollektiv qərar qəbul etmədən göndərmək ATƏT-in təməl prinsiplərinin kobud şəkildə pozulması deməkdir.
Belə çıxır ki, ATƏT mövcud qaydalara zidd olaraq və gizli şəkildə belə bir qərar qəbul edib və üzv ölkələrin ödədiyi büdcə hesabına bu “missiyanı” maliyyələşdirməyi planlaşdırır.

Minsk Qrupunun iflasa uğramasından sonra ATƏT-in belə bir “partizanlığa” əl atması acı təəssüf hissi doğurur və təşkilatın bir neçə dövlətin maraqları naminə istismar edildiyini göstərir.

Azərbaycan XİN-nin açıqladığı kimi, heç bir halda bu, qrup ATƏT-in mandatına malik ola bilməz, ATƏT-lə heç bir şəkildə əlaqələndirilə bilməz.

Əminəm ki, bu qanunsuz missiyanın hər hansı bir nəticəsi və ya hesabatı təkcə Azərbaycan tərəfindən deyil, bir çox ölkələr tərəfindən də ATƏT sənədi kimi qəbul edilməyəcək.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR