İnsanlara hürriyət, millətlərə istiqlal!

Azad olunan ərazilərə qayıdışda dövlət-vətəndaş tərəfdaşlığı

Vüqar Bayramov: “Məskunlaşmanın müəyyən mərhələsində bu formatdan istifadə istisna edilmir”

Azərbaycanın işğaldan azad olunan ərazilərinə əhalinin Böyük Qayıdışına start verildi. Dünəndən etibarən Zəngilan rayonunda “Ağıllı kənd” konsepsiyası əsasında yenidən salınmış Ağalı kəndinə sakinlərin köçürülməsinə başlanılıb.

İşğala qədər bu inzibati ərazi 3 kəndi birləşdirib. Həmin dövrdə Birinci Ağalıda 40 ailə (154 nəfər), İkinci Ağalıda 60 ailə (245 nəfər), Üçüncü Ağalıda isə 161 ailə (675 nəfər) yaşayıb. Hazırda bu kəndlərdən olan ailələrin ümumi sayı 352-dir (1504 nəfər). Qaçqın və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsindən verilən məlumata görə, Yeni Ağalı kəndinə birinci mərhələdə 41 ailə köçürülür. İlkin mərhələdə köçürülən ailələr əsasən müvəqqəti məskunlaşma yerlərində ən ağır şəraitdə yaşayanlar arasından seçilib və bu zaman köçürülmə üçün təqdim edilən yaşayış sahələrinin həcmi nəzərə alınıb. Köçürülənlər arasında Birinci, İkinci və Üçüncü Ağalı kəndlərinin hər birinin sakinləri var. Evlərin bölgüsü məcburi köçkünlərə yeni yaşayış sahələrinin verilməsinin hazırda qüvvədə olan qaydaları əsasında, şəffaflıq və ədalətlilik prinsipləri əsasında püşkatma ilə aparılıb.

Ağalıya köçürülən ilk sakinlər arasında təqaüdçü, tələbə, evdar qadınlar olmaqla yanaşı, mühəndis, satıcı-kassir, gözətçi, bağban, aqronom, müəllim, həkim, kiçik sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər və s. xidmət, səhiyyə və təhsil sahələri üzrə ixtisaslaşmış kadrlar var. Köçürülən ailələrə peşələrinə uyğun iş yerləri təklif olunub. Mövcud qanunvericiliyə əsasən, məcburi köçkünlər daimi yaşayış yerlərinə qayıtdıqdan sonra üç il müddətində dövlətin onlar üçün müəyyən etdiyi sosial müdafiə tədbirlərindən yararlana biləcəklər.

Kənd meydanında Dövlət Xidmətləri Mərkəzi yaradılıb. Burada “Azərpoçt” MMC-nin rayon şöbəsi, “ASAN xidmət” mərkəzi, DOST mərkəzi, Kiçik və Orta Biznesin İnkişafı Mərkəzi fəaliyyət göstərəcək. Ağalı kəndində müasir şəhərsalma standartları tətbiq olunub. Küçələrin “ağıllı” işıqlandırılması, isti və soyuğadavamlı ekoloji evlərin inşası, məişət tullantılarının idarə olunması, günəş panellərinin quraşdırılması kimi amillər bu konsepsiyanın tərkib hissələridir. Kənddə ailə sağlamlıq mərkəzi, uşaq bağçası, həmçinin kənd tam orta məktəbi də sakinlərin istifadəsində olacaq.

Beləliklə, Azərbaycan azad olunan ərazilərdə həm infrastrukturu, həm də yaşayış məntəqələrini ən müasir standartlar əsasında bərpa etməyə çalışır. Prezident İlham Əliyev 2022-ci ilin birinci yarısının sosial-iqtisadi yekunlarına dair müzavirədə bildirib ki, azad olunan ərazilərdə bütün işlər plan üzrə gedir: “İnfrastruktur işləri - artıq yaşayış binalarının inşasına başlanılıb, Ağalı kəndi istifadəyə verilib, beş şəhərin Baş planı təsdiqlənib, yeni yaradılacaq kəndlərin yerləri müəyyən edilib. Ola bilsin ki, biz bu il yeni kəndlərin inşası, yaradılması ilə məşğul olacağıq. Həmçinin tarixi abidələrin bərpası. Yəni burada hər şey plan üzrə gedir. Qeyd etdiyim kimi, bu bölgə nəinki Azərbaycan üçün, dünya üçün nümunəvi bölgə olacaq. Biz hər şeyi planlı şəkildə edirik. Əlbəttə ki, tələsirik, amma eyni zamanda tələskənliyə yol vermirik”.

Qeyd edək ki, Vətən müharibəsinin başa çatmasından iki ilə yaxın vaxt keçir. Azad olunan rayonların sakinləri doğma torpaqlarına daha tez qayıtmaq üçün səbirsizlənir, bəzən vaxtın uzanmasından narazılıq edirlər. Bir çox ictimai-siyasi xadimlər azad olunan ərazilərimizdə məskunlaşma prosesində vətəndaşların iştirakına şərait yaradılmasını təklif edirlər. Bildirilir ki, xüsusilə kəndlərdə əhaliyə evinin bərpası üçün müəyyən məbləğdə dövlət yardımı ayrılmaqla, tikintinin qalan hissəsinin vətəndaşlar tərəfindən həyata keçirilməsini təmin etmək olar. Dövlət-vətəndaş tərəfdaşlığını nəzərdə tutan bu format ərazilərin daha sürətlə məskunlaşmasına imkan verər.

Байрамов, Вюгар Ибад оглы — Википедия

Vüqar Bayramov

İqtisadçı-alim, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirir ki, Azərbaycan dövləti işğaldan azad olunan ərazilərdə məskunlaşmanı sürətli həyata keçirmək üçün böyük işlər görür: “Hökumət Böyük Qayıdışın daha tez reallaşması üçün intensiv tədbirlər həyata keçirir. Artıq bu gün Ağalı kəndinə köçürülmə başlandı. Gələn ilin sonlarında Şuşa şəhərində məskunlaşmanın başlanması gözlənilir, artıq 21 yaşayış binasından ibarət kompleksin tikintisinə başlanıb. Bu baxımdan, təbii ki, infrastrukturun formalaşdırılması, məskunlaşmanın genişlənməsi üçün tədbirlər həyata keçirilir. Amma təbii ki, burada digər məsələ azad olunan ərazilərdə minaların çox olmasıdır. İndiyədək 70 min ədəd mina zərərsizləşdirilib, lakin hesablamalara görə, azad olunan ərazilərdə 200 minədək mina basdırılıb. Buna görə də vətəndaşlarımızın təhlükəsizliyi çox önəmlidir - indiyədək 200-dən artıq vətəndaş minaya düşüb, həlak olanlar, sağlamlığına ciddi zərər dəyənlər var”.

Millət vəkilinin fikrincə, azad olunan ərazilərdə yaşayış məntəqələrinin bərpa prosesində vətəndaşların şəxsi qoyuluşlarından istifadə olunması istisna edilmir: “Hazırda infrastrukturun qurulması, minaların təmizlənməsi və digər bütün işlərAzərbaycan dövlətinin öz hesabına həyata keçirilir. Lakin məskunlaşmanın daha genişləndiyi dövrdə, xüsusilə də fərdi evlərin tikintisində dövlətin vətəndaşların iştirakçılığına şərait yaradacağı istisna edilmir. Bu, yəqin ki, ümumi qayıdış proqramı təsdiq olunduqda daha aydın bilinəcək. Bunun reallaşması üçün ilk növbədə ərazilər tamamilə minalardan təmizlənməlidir. Bundan sonra isə ayrı-ayrı yaşayış məntəqələrində məskunlaşmaya vətəndaşların da töhfə verməsi məsələsinə baxılacaq”.

Dünya SAKİT

 

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR