Onlayn ictimai-siyasi qəzet
“Dayanacaqlarda gözləyən sərnişinlər avtobusların çatma vaxtlarını dayanacaq məntəqələrində quraşdırılmış avtobus informasiya terminalları vasitəsi ilə görə biləcək. Eyni zamanda, GPS izləmə cihazları vasitəsi ilə müntəzəm sərnişindaşımalarda istismar edilən avtobusların gün ərzində dövrələrinin sayına, sürücülərin avtobusları dayanacaqdan kənarda saxlamalarına, avtobusları hansı sürətlə idarə etmələrinə dair statistik məlumatlar qeydə alınacaq ki, həmin məlumatlar əsasında müntəzəm sərnişindaşıma xidməti göstərən daşıyıcıların, onların sürücülərinin qanunvericilikdə nəzərdə tutulan müddəaların tələblərinə hansı səviyyədə riayət etmələri müəyyənləşəcək”.
Bu sözləri 2016-cı ildə Bakı Nəqliyyat Agentliyinin rəsmisi demişdi.
O gündən az qala 10 il ötür, amma sərnişinlər Bakıda dayanacaqlarda quraşdırılmış avtobus informasiya terminallarının işlədiyi günü görməyiblər.
Hazırda bu terminallar nəinki informasiya verir, “özləri niyə işləmir” sualına cavab verən də tapılmır. İşıqları sönük, ekranları isə qeyri-işlək vəziyyətdədir. Sərnişinlər sönük ekranlara baxaraq avtobusun nə vaxt gələcəyini özləri təxmin edirlər.
Sual yaranır, bunlar informasiya terminalıdırsa, bu terminal işləmirsə, sərnişinlər məlumatı hardan almalıdır?
Səssiz qalan informasiya terminallarına baxmayaraq, dayanacaqlardakı sərnişinlərin səsini eşitdik. Sərnişinlərin sözlərinə görə, ağıllı cihazlar quraşdırılanda seviniblər. Artıq avtobusların nə zaman gələcəyini dəqiq biləcək və beləliklə, bütün işlərini rahatlıqla tənzimləyəcəkdilər.
Paytaxt sakini Bəylər Alıcanov deyir ki, dayanacaqlarda yerləşdirilən terminallara, büdcədən yəqin ki, yüz minlərlə manat pul ayırılıb:
“Əgər işləməyəcəkdisə, bunu quraşdırmağın faydası nə oldu ki? Ekranda məlumatlar əks olunanda heç olmasa, görürdük ki, avtobus nə vaxt gələcək. Gec gələrsə, bunu başqa alternativlə həll edək. İndi isə məcburuq ki, özümüz təxmin edək”.
“İşlək vaxtında həmişə ekrandan istifadə edirdim, bu da mənim işimi rahatlaşdırırdı. İndi ekrana baxmaq üçün zəhmət çəkmirəm, çünki ekran qaranlıqdır, heç nə yoxdur. Ancaq avtobus gələnə qədər yolu izləyirəm, hər avtobus yaxınlaşanda elə bilirəm mənə lazım olandır” - deyə tələbə Ruslan Nuriyev bildirir.
Paytaxt sakini Zərnişan Məmmədovanın sözlərinə görə, terminallar sərnişinlərin işini rahatlaşdırmaq üçün quraşdırılıb, lakin indi heç bir informasiya terminalı işləmir, digərlərində isə heç yoxdur. İşləməməsindənsə, olmamaması daha məqsədəuyğundur.
Dayanacaqda avtobus gözləyən sərnişin Şəhriyar Nəsirov deyir:
“Avtobus informasiya terminallarının bir çoxu işlək vəziyyətdə olmur, bu da sərnişinlər üçün çətinlikdir. Bəzən marşrutlar və vaxt cədvəlləri ekranda görünmür, yaxud köhnə məlumat nümayiş olunur. Terminalların ekranı tez-tez sıradan çıxır və toxunma funksiyası işləmir. Məsələn, mən tələsən və ya əraziyə yad olan zaman böyük narahatlıq yaradır”.
Qeyd edək ki, avtobus informasiya terminallarını 2011-ci ildə Nəqliyyat Nazirliyi quraşdırıb. Bu terminallar vasitəsilə sərnişinlər gözlədikləri avtobusun dayanacağa nə qədər vaxtdan sonra gələcəyini öyrənməli idilər.
Paytaxt sakinlərinin şikayətlərinə münasibət öyrənmək üçün Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə sorğu göndərdik. Agentlikdən verilən cavabı da təqdim edəcəyik.
Mənzər Novruzlu,
İnarə Hünbət
Fotolar müəlliflərindir
Musavat.com
ŞƏRHLƏRŞƏRH YAZ