Onlayn ictimai-siyasi qəzet
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə Sevinc Aslanova və Kamil Curayevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Musavat.com xəbər verir ki, hakim qarşısına çıxarılan bu şəxslər “Recent Group” və “Area Alfa Group” Məhdud Məsuliyyətli Cəmiyyətlərin direktorları olublar.
Prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib, zərərçəkmiş şəxslərin kimliyi müəyyənləşdirilib. Dövlət ittihamçısı işin məhkəmə baxışına verilməsini istəyib. Kamil Curayevin vəkili müdafiə etdiyi şəxsin barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilməsi barədə vəsatət verib.
Vəkil deyib ki, müdafiə etdiyi şəxsin barəsində qətimkan tədbirinin dəyişdirilməsi zərərçəkmiş şəxslərə dəymiş ziyanı ödəməsi üçün şərait yarana bilər. Dövlət ittihamçısı vəsatətin təmin edilməməsini xahiş edib. Məhkəmə vəsatəti təmin etməyib.
Hakim bildirib ki, Sevinc Aslanova istintaq dövründə özünə aid epizodlar üzrə 52 min manat ziyanı ödəyib. Sevinc Aslanovaya aid hissədə 100 min manat ziyan var, ödənilmiş məbləğ də həmin ziyanın yarısından çoxdur. Ona görə də Sevinc Aslanova barəsində seçilmiş polisin nəzarətinə vermə qətimkan tədbirinin məhkəmə araşdırması dövründə dəyişdirilməməsi qərarlaşdırılıb.
Qeyd edək ki, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində “Recent Group” və “Area Alfa Group” Məhdud Məsuliyyətli Cəmiyyətlərinin vəzifəli şəxslərinin qanunsuz yollarla vətəndaşların pulunu ələ keçirmələri faktı ilə bağlı cinayət işinin istintaqı aparılıb. İstintaqla həmin Cəmiyyətlərin direktorları olmuş Sevinc Aslanova və Kamil Curayevin cinayət əlaqəsinə girərək çoxsaylı şəxslərə müxtəlif Avropa ölkələrində işlə təmin olunmaları, həmçinin saxta müqavilələr hazırladıqları, iş vizasının alınmasına kömək edəcəklərinə vəd etməklə 217 min manat pul vəsaitini dələduzluq yolu ilə ələ keçirmələrinə əsaslı şübhələr müəyyən edilib.
Toplanmış sübutlar əsasında Sevinc Aslanova və Kamil Curayevə Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilməklə Kamil Curayev barəsində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında Binəqədi Rayon Məhkəməsinin qərarı ilə həbs, Sevinc Aslanova barəsində isə maddi ziyanı qismən ödəməsi və himayəsində azyaşlı uşağının olması nəzərə alınaraq polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.
Cinayət işi üzrə 171 nəfər zərərçəkmiş qismində tanınıb.
Proses yanvarın 21-də davam etdiriləcək.
E.MƏMMƏDƏLİYEV,
Musavat.com
08 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ