İnsanlara hürriyət, millətlərə istiqlal!

İki dələduzun hökmü gecikir - sakinlərin gözləntisi

Vətəndaşlara qarşı dələduzluq etməkdə təqsirləndirilən “Sahil-S İnşaat” MTK rəhbəri Taley Alaverdiyev və suç ortağı Pənah Kərimovun cinayət işi üzrə məhkəmə 3 ildir ki, yekunlaşmaq bilmir.

Musavat.com-a müraciət edən zərərçəkmişlər deyirlər ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Elnur Nuriyev MTK rəhbəri Taley Alaverdiyevə hökm oxumağa tələsmir.

Onların sözlərinə görə, Taley Alaverdiyevin şəriki Pənah Kərimovu ev dustaqlığına buraxan hakim Elnur Nuriyev 3 ildir ki, prosesi başa çatdırmır.

MTK-nın tikdiyi binadan mənzil alan sakinlər və zərərçəkmiş şəxslər Taley Alaverdiyevin cinayət əməlinə görə layiq olduğu cəzaya çatdırılmasını, MTK üzərində səlahiyyətlərinə xitam verilməsini illərdir ki, səbrsizliklə gözləyirlər. Deyirlər ki, hakim Elnur Nuriyev prosesdə uzun fasilələr verir, ayda-ildə 1 dəfə proses təyin etməklə son qərarın çıxarılmasını yubadır.

Vətəndaşlar isə tezliklə məhkəmənin keçirilməsini və hökm oxunmasını istəyirlər. Onlar işin bu qədər uzanmasının əhəmiyyətsiz olduğunu bildirir, Alaverdiyevlə Kərimovun qanunsuz əməllərinin artıq sübuta yetirildiyini söyləyir, cinayət işi üzrə hər hansı mübahisəli epizod qalmadığını qeyd edirlər.

Yəni isbat olunub ki, müttəhimlər vətəndaşları aldadıb, bir mənzili bir neçə nəfərə satıb. Belə bir halda hakim Elnur Nuriyevin prosesi seriala çevirməsi, hökm oxunmasını ləngitməsi anlaşılmazdır. Zərərçəkmiş deyirlər ki, hökmün gecikməsi onların işini çətinləşdirir, binanın bir sıra sənədləşmə məsələlərinə əngəl olur, aidiyyəti qurumlardan müvafiq qərarların alınmasına problem yaradır.

Onlar Ağır Cinayətlər Məhkəməsinin sədri İsmayıl Xəlilov, Ali Məhkəmənin sədri İnam Kərimov, ədliyyə naziri Fərhad Əhmədov və hakim Elnur Nuriyevdən xahiş edirlər ki, bu işə tezliklə baxılsın, proses sürətləndirilsin.

Qeyd edək ki, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılan istintaq tədbirləri ilə “Sahil-S İnşaat” MTK-nın sədri vəzifəsində işləmiş Taley Şamil oğlu Alaverdiyevin “GG Company” MMC-nin direktoru Pənah Sudeib oğlu Kərimovla qabaqcadan əlbir olaraq rəhbərlik etdiyi MTK tərəfindən inşa olunan Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “A-B” massivində yerləşən yüksək mərtəbəli yaşayış binasında mənzil almaq üçün müraciət edən vətəndaşlara mənzillərin qanuni sahibləri olduğu halda saxta müqavilə və maliyyə arayışları tərtib edib vəzifə saxtakarlığına yol verərək çoxsaylı şəxslərin külli miqdarda pul vəsaitlərini ələ keçirməsinə əsaslı şübhələr müəyyən edilib.

İş üzrə toplanan kifayət qədər sübutlar əsasında Taley Alaverdiyev və Pənah Kərimova Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq - külli miqdarda ziyan vurmaqla törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilməklə barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

E.MƏMMƏDƏLİYEV
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

18 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR