İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropa gənclər gününə həsr olunmuş mətbuat konfransı keçirilib

Avropa gənclər gününə həsr olunmuş mətbuat konfransı keçirilib. Musavat.com xəbər verir ki, tədbirdə Aİ-nin Azərbaycandakı səfiri Peter Mixalko, "Young European Ambassadors" təşkilatının ölkə üzrə əlaqələndiricisi Nazənin Cavadova, Avropa gənclər səfiri Leyla Tağıyeva, layihə qrupunun rəhbəri İdat Erdener və Azərbaycan KİV-lərinin nümayəndələri iştirak edib.

Aİ-nin Azərbaycandakı səfiri Peter Mixalko bildirib ki, Aİ bir çox istiqamətlərdə gənclərə xüsusi diqqət yetirir: “Təkcə, 2020-ci ildə biz ümumi dəyəri 65 milyon avro dəyərində 43 layihə icra etmişik. 2020-ci ildə biz Azərbaycanda 17 min sahibkarlıq subyektinə dəstək göstərmişik. Azərbaycanın gənc sahibkarlarına dəstəyi davam etdirəcəyik. Həmçinin, Aİ təhsil və məşğulluq sahələrində də Azərbaycan gənclərini dəstəkləyir. Bununla əlaqədar Azərbaycanda gənclər kampaniyasına start verilib. Kampaniya çərçivəsində gənclər üçün bir neçə tədbir keçirilib. Aİ 2022-ci ili "Gənclər ili" elan edib. Biz bu kampaniya çərçivəsində gənclərin təhsili və məşğulluğu üçün bərabər imkanlar yaratmağı planlaşdırırıq. Pandemiyaya qədər dövr ərzində “Erasmus+” mübadilə proqramı çərçivəsində 3500 azərbaycanlı tələbəyə təqaüd verilib. Bu il biz bu göstəricini artırmışıq. Ötən il 500 tədris müəssisəsi bizim kredit proqramımız çərçivəsində kreditlərdən yararlanıb. Bu il müraciətlərin sayında artım müşahidə edirik. Üstəlik, Azərbaycanda 664 məktəb “EU Twınnıng” proqramından yararlanıb”.

Konfransda Avropa İttifaqı və Şərq Tərəfdaşlığı ölkələrindən olan gəncləri bir araya gətirən, “Gənc Avropa Səfirləri” təşəbbüsünün nümayəndələri könüllü əsaslarla, canlı ünsiyyət şəbəkəsi vasitəsilə gördükləri işlər barədə məlumat verilib. Şərq Tərəfdaşlığının altı ölkəsində toplam 492 Gənc Avropa səfiri var. 123 gənc səfirlə təmsil olunan Azərbaycan bu siyahıda birincidir. Avropa Gənclər İli boyunca Aİ-nin Azərbaycandakı Nümayəndəliyi Avropa Şəhərciyi, Avropa Yay məktəbi, Aİ Gənclər Yarışması, Avropada Təhsil Sərgisi olmaqla bir sıra tədbirləri dəstəkləyib. COVİD-19 koronavirus pandemiyası dövründə tibb sahəsində gənc peşəkarların səhiyyədə yaşanan böhranla mübarizə aparmaq və Aİ-nin maliyyə dəstəyi ilə həyata keçirilən peyvəndvurma proqramının dəstəklənməsinə qatılmaq kimi səylərinin əhəmiyyəti də vurğulanıb.

Qeyd edək ki, Aİ-nin "Avropa gənclər ili" kampaniyası çərçivəsində Azərbaycanda 13 layihənin icrası planlaşdırılır. Avropa Gənclər İlinin (2022) ölkədaxili tədbirlərinin zirvəsi 28 oktyabrda keçiriləcək “Gənclər üçün açıq günü” olacaq.

Nigar Həsənli,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR