Onlayn ictimai-siyasi qəzet
Ermənistan pasportu olanların qaçqın adlandırılması absurddur, üstəlik, İrəvan onlara bu statusu verməyib, məqsəd xaricdən maliyyə almaqdır; “Beynəlxalq konvensiyalara görə “qaçqın” o şəxslərə deyilir ki...” - rəy
Ermənistan Qarabağdan 100 min erməninin köçdüyünü iddia etsə də, yalnız 1143 nəfəri yataqxana və ictimai mənzillərdə yaşayır.
“Yeni Müsavat”ın xəbərinə görə, bu barədə erməni mediası məlumat yayıb. Bu ermənilərin böyük əksəriyyətinin isə Qarabağ sakini olmadığı, işğal illərində qanunsuz məskunlaşdırıldığı və yaxud Ermənistan vətəndaşı olduğu haqda dəfələrlə yazılıb. İndi Ermənistan mediasının əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Terteryana istinadla yaydığı həmin məlumatdan da görünür ki, Qarabağdan gedənlərin böyük əksəriyyətinin Ermənistanda evi, yaşamağa şəraiti var. Həmçinin onların əksəriyyəti Ermənistan pasportu daşıyır. Belə vaxtda isə Bakı-xeber.com yazır ki, ATƏT PA-nın prezidenti Pia Kaumanın Ermənistana səfəri barədə yaydığı məlumat diqqət çəkir.
Bildirilir ki, Pia Kauma Ermənistan baş naziri Nikol Paşinyan, Milli Assambleyanın sədri Alen Simonyan və xarici işlər nazirinin müavini Vahe Gevorqyanla görüşüb və əsasən sülhdən danışıb. Görüşdə Qarabağı könüllü tərk edən ermənilər “Azərbaycandan gələn qaçqınlar” adlandırılıb.
Məgər Qarabağı öz xoşu ilə tərk edən etnik ermənilər qaçqındır? Hələ onların statusunu heç Ermənistanın özü müəyyənləşdirmədiyi halda ATƏT PA sədri indidən onları hansı əsaslarla “qaçqın” adlandırır? Etnik erməni əhalisi öz xoşu ilə Qarabağı tərk edibsə, onlar qaçqın yox, sadəcə, yaşayış yerini dəyişmiş miqrantdırlar. Onları necə qaçqın hesab etmək olar ki, böyük əksəriyyətində Ermənistan pasportu var? Ermənistanın özünün onların statusunu müəyyən etməkdə çətinlik çəkdiyi bir vaxtda ATƏT sədrinin onlara qaçqın deməsi nə dərəcədə doğrudur?
Xəyal Bəşirov
Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin rəhbəri Xəyal Bəşirov “Yeni Müsavat”a açıqlamasında xatırlatdı ki, Azərbaycan lokal xarakterli antiterror tədbirləri keçirməyə məcbur oldu: “Çünki Ermənistan öhdəliklərini yerinə yetirmirdi. Bölgədə hələ də qanunsuz silahlı birləşmələr qalırdı. Amma beynəlxalq təşkilatlar bu mövzuda danışmırdılar, İrəvana çağırış etmirdilər. Qərb təsisatları Paşinyan hökumətinə demirdi ki, Ermənistanın Azərbaycan ərazisində hərbi qüvvələri, qondarma hökuməti niyə olmalıdır, hansı əsasla fəaliyyət göstərməlidir? Odur ki, biz özümüz problemi həll etməyə məcbur qaldıq. Bundan sonra da həmin beynəlxalq təşkilatlar Azərbaycanı ittiham etməyə başladılar və indi də "qaçqın" ifadəsini dilə gətirirlər. Beynəlxalq konvensiyalarla “qaçqın” təhlükəli şəraitdə məcbur qalaraq bölgəni tərk edən insanlara deyilir. Onlar Ermənistan vətəndaşlarıdır Qarabağda onlar üçün heç bir təhlükə də olmayıb". Ekspert qeyd etdi ki, burada əsas hədəf rəqəmləri şişirtmək, Qarabağ ermənilərinin sayını artırmaqdır: “O şəxslər qaçqın statusu daşıya bilməzlər, çünki Azərbaycan pasportu daşımırlar. Ermənistan vətəndaşı Qarabağdan necə qaçqın düşə bilər? Məntiq yoxdur. Sadəcə, rəsmi İrəvan bir şou yaradıb və beynəlxalq təşkilatlardan ermənilərə yardım üçün maliyyə almaq məqsədi güdür. Ümumiyyətlə, Ermənistanın heç bir arqumenti, beynəlxalq sənədlərə istinad edəcək sübutu yoxdur. Onlara elə gəlirdi ki, ermənilər Qarabağdan köçdükdən sonra üstümüzə böyük bir məsuliyyət qoyulacaq, amma bunun üçün beynəlxalq konvensiyalara əsaslanıb hər hansı fakt təqdim edə bilmirlər. BMT missiyası da regiona səfərində hər hansı mənfi hal aşkarlaya bilmədi. Bu baxımdan, ATƏT sədrinin çıxışı da ölkəmizə qarşı qərəzi olan beynəlxalq qurumlardan daha birinin açıqlaması kimi dəyərləndirlə bilər”.
Məhəmməd Əsədullazadə
Siyasi təhlilçi Məhəmməd Əsədullazadənin sözlərinə görə, Azərbaycanın Qarabağdan könüllü köçən ermənilərin, ümumiyyətlə, Qarabağda doğulub boya-başa çatan ermənilərin geri qayıtması üçün planı var: “Həmin plan beynəlxalq ictimaiyyətə də təqdim edilib. Bu məsələnin qaldırılması absurddur. Çünki Azərbaycan bu istiqamətdə özü maraqlıdır ki, ermənilərin geri qayıtsın və reinteqrasiya prosesinə uyğun şəkildə Azərbaycan işi tamamlasın. Bu məsələlərin Beynəlxalq Ədalət Məhkəməsi müstəvisinə, ATƏT sədri ilə görüşə çıxarılması da yersizdir. Ermənistan 30 ilə yaxın müddət ərzində Azərbaycan ərazilərini işğal altında saxlayıb, etnik təmizləmə aparıb. Həmçinin qərbi azərbaycanlıları vətənlərindən deportasiya edib. Belə olan halda Ermənistan baş nazirinin ATƏT PA-dakı mövqeyi onu göstərir ki, Ermənistan hökuməti azərbaycanlıların oraya qayıdışına hazır deyil. Bu, Ermənistan tərəfinin beynəlxalq hüququn norma və prinsiplərini pozması deməkdir”.
Xəzər Teyyublu
Hüquq müdafiəçisi Xəzər Teyyublu ATƏT PA sədrinin tələskənliyə yol verdiyini düşünür. Onun sözlərinə görə, peçenye, şokolad yeyərək Qarabağdan getmək qaçqınlıq deyil: “Qaçqınlıq Qəzzada olur, Ukraynada olur. Çünki raketin, bombanın altından qaçaraq sığınacaq tapıblar. Birinci Qarabağ müharibəsində zülmün, artilleriyanın, gülləbaranın əlindən qaçqın düşən azərbaycanlılarla xunta rejiminin məhvindən sonra bölgəni öz xoşu ilə tərk edən ermənilərə fərq qoyulmursa, o zaman Qərb təşkilatları ya kordur, ya da öz dəyərlərinə tüpürürlər. Biz antiterror tədbiri həyata keçirərkən bir dinc erməninin burnu qanamadı, onlara köçərkən hər bir şərait yaradıldı, hətta avtobuslar ayrıldı, üstəlik, rəsmi səviyyədə çağırış edildi ki, getməsinlər, dövlət bütün sosial-iqtisadi təminatı verir. Prezident Administrasiyası fermerlərə subsidiya, vergi yükündən azad olmaq və başqa sosial güzəştlər paketi təklif etmişdi. Əgər onlar bununla razılaşmayıb Ermənistanda yaşamaq qərarı veriblərsə, buna qaçqınlıq demək olmaz”. Hüquq müdafiəçisinin fikrincə, onsuz da ATƏT-in Minsk Qrupunun nə mal olduğunu görmüşdük, indi qurumun PA sədrindən də qeyri-adi çıxış gözləməyə dəyməzdi: “BMT-nin qaçqınların statusu haqqında konvensiyası var. Yaxşı olardı ki, onun üzünü açıb oxusunlar. Yəni artıq Qərb təsisatları bizi təəccübləndirmir. Amma biz bu məsələdə diplomatik fəaliyyətimizi gücləndirməliyik və "etnik təmizləmə" ittihamına qarşı aparılan çirkin kampaniyaya qarşı mübarizəni aparmalıyıq".
Emil SALAMOĞLU
“Yeni Müsavat”
29 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ