İnsanlara hürriyət, millətlərə istiqlal!

Apteklərdə COVİD dərmanlarına tələbat artdı

“Omikron”un yeni variantından necə qorunaq? İnfeksionist: “Virus nə qədər sürətli yayılma özəlliyinə malikdirsə, bir o qədər yüngül keçir...”

Yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə qərara dəyişiklik edilib. Bununla bağlı baş nazir Əli Əsədov qərar imzalayıb.

Dəyişikliklə COVİD-19-la mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına verilən əlavənin müddəti 2022-ci il sentyabrın 1-dək uzadılıb.

Qeyd edək ki, ölkədə yoluxma sayı artıq 500 üzərindədir və ölənlərin sayında da artım var. Baş nazirin qərarı da göstərir ki, koronavirus xəstəxanalarında işləyən həkimlərin hələ qarşıda görəcəkləri işlər çoxdur.

Apteklərdə əczaçılar da bizimlə söhbətdə bildirdilər ki, koronovirusa aid dərman alanların sayı çoxalıb. “Bir həftədir ki, bizə müraciət edənlərin sayı artıb. Əsasən COVİD testlərini soruşurlar, parasetamol, müxtəlif sistemlər, antivirus preparatlarını alırlar”, - deyə əczaçı əlavə etdi.

Bəs “Omikron”un yeni alt variantları əvvəlkilərə nisbətdə nə ilə fərqlənir? Pasiyentlər daha çox nədən şikayət edir? Ağır vəziyyətdə olanlar əsasən hansı kateqoriya insanlardır? 4-cü doza vaksin tətbiq edilməlidirmi?

2496fe2a-9921-4f63-a6f8-2a035a025a06.jpg (139 KB)

Zamirə Adilova 

TƏBİB-in İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili şöbəsinin müdiri Zamirə Adilova “Yeni Müsavat”a mövzu ilə bağlı bunları deyib: “İndiki vəziyyətdə koronavirusun ”Omikron" ştamının alt növlərinə yoluxma çoxluq təşkil edir. İndi daha çox qripə bənzər kataral simptomlar qeyd olunur. İnkubasiya dövrü daha qısadır. Təxminən 1-3 günü əhatə edir. Ümumi zəiflik, əzginlik, baş ağrısı, əzələ ağrıları, boğazda qaşıntı və ya ağrı hissi müşahidə olunur. Bəzən burun axması, ürək bulanma, diarreya hallarına da rast gəlinir. Dad və iybilmənin itməsinə indi o qədər də çox rast gəlinmir. Uşaqlar arasında özünü daha çox mədə-bağırsaq simptomları və orta bədən hərarəti ilə büruzə verir.  Xəstəliyi daha ağır keçirənlər isə əsasən  65 yaş yuxarı olan, xroniki xəstəliyi olan insanlar (şəkərli diabet, idarəolunmayan hipertenziya, immunosupresiv hallar) dializ xəstələri, transplantasiya əməliyyatı olmuş insanlar, onkoloji və hemotoloji xəstələr və hamilələrdir".

TƏBİB rəsmisi 4-cü doza vaksinin tətbiqi ilə bağlı verilən sualı da cavablandırıb: “Səhiyyə Nazirliyinin, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin mütəxəssisləri tərəfindən indiki vəziyyətdə də əhaliyə olan müraciətlər və tövsiyələr risk qruplarında olan insanları əhatə edir. Qapalı məkanlarda, insanların sıx olduğu yerlərdə maskadan istifadə etmək məsləhət görülür. Məsafənin saxlanılması, əl gigiyenasına nəzarət, üçüncü - buster doza vaksinin vurulması tövsiyə olunur”.

zakir quliyev hekim.jpg (203 KB)

Aqil Kəməndli 

Həkim-infeksionist Aqil Kəməndli mövzu ilə bağlı “Yeni Müsavat”a bunları bildirdi: ““Omikron”un alt variantları hazırda daha çox Avropa ölkələrində üstünlük təşkil edir. Əsas özəlliyi mutasiya olunmuş formadadır. Virusun mutasiyası dedikdə daha çox biz virusun insan hüceyrəsinə bağlanan proteinindəki dəyişikliklərdir. Virus insan orqanizmində olan antitellərə, yaxud peyvəndlərdən bir növ qaçmaq özəlliyinə sahibdir. Xəstəliyi keçirdiyimiz halda mövcud olan antitellər, yaxud peyvəndlənmiş şəxslərdə olan antitellərə qarşı tam da olmasa müəyyən növ özünü qorumuş sayılır. Xəstəlik immun sistemi sağlam olan insanlarda çox yüngül klinik əlamətlərlə özünü göstərir. Virusun antitellərdən qaçma özəlliyi olduğuna görə daha sürətli yayılır. Amma əvvəlki COVİD ştamlarından da bilirik ki, virus nə qədər sürətli yayılma özəlliyinə sahibdirsə, xəstəlik də bir o qədər yüngül formada, az kliniki simptomlarla keçir. O cəhətdən virusun bu ştamı immunspres, transplant, diabeti olan xəstələrdə bir az ağır formada özünü göztərə bilər. Normal immun sistemi olan xəstələrin, ümumiyyətlə, əhalinin böyük əksəriyyətinin peyvənd olunmasını nəzərə alsaq, virusun bizdə ağır formada keçəcəyinə inanmıram".

İnfeksionist vaksinasiyanın önəmindən də danışıb: “Antikorlara nə qədər dayanıqlı olsa da, vaksinlər virusun bu ştamından bizi qorumağa köməklik göstərir. Virusun yayılması müəyyən ölkələrdə müəyyən sayda olacaq. Bəzi ölkələr var ki, 60 -70 faiz xəstələnmə halları olacaq. Bəzi ölkələrdə 4-5 faiz virusa yoluxma olacaq. Bunun ümumi səbəbini belə izah edirlər ki, virus toplumun immun sisteminin dayanıqlığına bağlı olaraq yayılacaq. Yəni kollektiv immun sisteminin formalaşmasının burada böyük rolu var”.

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR