İnsanlara hürriyət, millətlərə istiqlal!

Aleksanyan Azərbaycanla Ermənistan arasında vasitəçi ola bilərmi - rəy

Deputat: “Ermənistan ictimaiyyəti bu erməni jurnalist kimi düşünsə, sülh üçün ümidlər yaranacaq; hüquq müdafiəçisi onu Xankəndinə köçməyə çağırdı

Tanınmış erməni jurnalist, xalqlar arasında sülh yaradılması uğrunda fəal mübariz Natali Aleksanyanın ermənicə növbəti açıqlaması haqda məlumat vermişdik. Həmin açıqlamada deyilir ki, 1990-cı illərdə Ermənistan Qarabağı işğal altında saxlayanda dünya onu Ermənistanın bir hissəsi kimi tanımadı. Həmin dövrdə Qarabağda Ermənistan bayrağı dalğalanmadı, əksinə, Ermənistanla heç bir əlaqəsi olmayan bir bayraq istifadə edildi. 44 günlük müharibədən sonra Qarabağda yalnız Azərbaycanın bayrağı dalğalanmağa başladı və beynəlxalq ictimaiyyət Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıdı. Lakin bu gün eyni beynəlxalq ictimaiyyət müxtəlif səbəblərdən Azərbaycan prezidenti İlham Əliyevi tənqid edir.

“Sülh tərəfdarı olaraq ədalətə can atıram və İlham Əliyevlə Nikol Paşinyanın üz-üzə görüşünü təmin etmək niyyətindəyəm. Onlar birlikdə, ədalət və qarşılıqlı razılıq prinsiplərinə əsaslanaraq, xalqlarımızın taleyini müəyyən etməlidirlər. Rusiya ilə əməkdaşlıq etdiyi üçün İlham Əliyevə qarşı səsləndirilən ittihamlar əsassızdır. Onu ittiham etmək olmaz, çünki 30 il ərzində Qarabağda "Qarabağ bayrağı"nın yanında Rusiya bayrağı da dalğalanırdı və bu gün Rusiyanın təsiri orada demək olar ki, hiss olunmur.

Azərbaycanın “Qərbi Azərbaycan” tələbinə gəldikdə isə bu, Azərbaycanın 30 il ərzində bizdən eşitdiyi “Bakı bizimdir” şüarının nəticəsidir. Lakin bu gün artıq hər iki dövlətin taleyini məhv edən “Qarabağ klanı”nın yaratdığı vəziyyətə görə bu iki xalqı günahlandırmaq olmaz.

Nikol Paşinyana və İlham Əliyevə müraciət edərək, bu vəziyyəti uzun illər ərzində yaradan və xalqlarımız arasında münaqişənin dərinləşməsində günahkar olan şəxslərin məsuliyyətə cəlb edilməsini tələb edirəm. Münasibətlərimiz beynəlxalq hüquq prinsiplərinə və qarşılıqlı hörmətə əsaslanaraq tənzimlənməlidir. Yalnız bu yolla bölgəmiz üçün sabit və dinc gələcək təmin edə bilərik".

Maraqlıdır, Aleksanyan Əliyev-Paşinyan görüşünə nail ola bilərmi? Ümumiyyətlə, iki xalqın barışığı məsələsində Azərbaycandan asılı nəsə qalıbmı? Hələ də “miatsum” virusundan qurtulmayan erməni toplumu, özəlliklə onun daşnak-terrorçu kəsimin obyektiv, barışdırıcı mövqe sərgiləyən Aleksanyanın həyatına real təhlükə yaratması mümkünmü? Azərbaycan bu xüsusda ona necə kömək edə bilər?

Hikmət Babaoğlu: “MSK üzvlərinin kimi sədr və müavin seçəcəyi...”

Hikmət Babaoğlu 

Musavat.com-a danışan Hikmət Babaoğlu bildirir ki, Natali Aleksanyanın səsləndirdiyi fikirlər Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətinin anatomiyasının bir növ təhlilidir, çox sadə dildə izahıdır: “Jurnalist açıq məntiqlə reallığa səslənən fikirlərini izah edərək bildirir ki, hələ işğal dövründə belə Ermənistan Azərbaycan ərazisində bayrağını dalğalandıra bilmədi. Ümumiyyətlə, Ermənistana aid olmayan hansısa bir bayraq dalğalandı. O, haqlı olaraq bildirir ki, bayraq adlanan o nəsnənin yanında bir də Rusiyanın bayrağı var idi. Bu, çox doğru bir mesajdır. Əvvəlcədən Ermənistanın işğalçılıq siyasətinin, hətta konstitusiyasına daxil etdiyi  Qarabağın Ermənistana birləşməsinin məntiqinin əsassız olduğuna işarədir. Nəticə etibarı ilə belə də oldu. Aleksanyan aydın məntiqlə izah edir ki, beynəlxalq hüquq Ermənistanın əleyhinə idi və Ermənistanın işğalçılıq siyasəti əvvəldən iflasa məhkum idi. Nəticədə belə də oldu.

N.Aleksanyan Azərbaycan-Rusiya münasibətlərinə toxunaraq izah etməyə çalışır və burada da düzgün nəticəyə gələ bilir. Azərbaycanın Rusiyaya olan münasibəti əslində D. Korneginin “Dostu necə qazanmalı?” əsərində izah etdiyi kimi, düşməni dosta çevirmək siyasəti idi. Azərbaycan buna nail oldu. Rusiyanı obyektiv mövqeyə çəkə bildik. Bunun üçün çox dərin diplomatik alətlərdən, çox strateji siyasətdən istifadə etdik. Bu asan məsələ deyildi".

Deputat deyir ki, bu münaqişədə tək günahkar “Qarabağ klanı” göstərilir. Amma bəllidir ki, tək o deyil, daşnaklar, erməni millətçiləri, radikallar və ermənilərə 200 illik dövlət qurmaqla bağlı məsləhət verən mərkəzlərin siyasətidir: “Həm də "Böyük Ermənistan" xəstəliyidir.  Doğrudur, münaqişə zamanı Qarabağ erməniləri öndə oldu. Bütövlükdə Ermənistanın bir xalq kimi birləşməsi üçün düşünülmüş bir ideyadır. Çünki ermənilər monoetnik millət deyillər. Hətta etməni milləti deyilən millət yoxdur, din ətrafında yaradılmış bir erməniçilikdir. Ona görə də bu toplumdan bir millət düzəltmək üçün belə ideyalar ideoloji cazibə mərkəzinə çevrilir. Bu da məsələnin başqa bir tərəfidir.

Aleksanyan doğru deyir ki, bu münaqişəni yaradanlar, ilkin addımı atanlar mütləq cəzalanmalıdırlar. Bu şəxslər Sərkisyan və Köçəryan cütlüyüdür. 30 illik münaqişə dövründə bu iki şəxs erməniçiliyin Azərbaycana qarşı simvoluna çevrildilər. Və qəddar üsullarla Azərbaycana qarşı çox böyük cinayətlər törətdilər. Onların cəzalandırılmasının tələb edilməsi əslində doğurdan da sülhə doğru gedən yolda mühüm hadisədir. Azərbaycanla- Ermənistan arasında sülh olacaqsa, münaqişəni kim yaradıbsa, xalqımıza qarşı qəddar cinayətləri kim törədibsə, onların hamısının cəzalandırılmasından keçəcək. Yalnız bu halda səmimi barışıq ola bilər. Ermənistanda sülh istəyən qüvvələr varsa, Sərkisyan və Köçəryanın Azərbaycana verilməsini təmin etməlidirlər.

30 il ərzində ermənilər deyirdilər ki, Bakıya nə vaxt gedirik çay içməyə. Biz isə hansısa ölkəni işğal edib, demirik gedirik onun paytaxtında çay içməyə. Qərbi azərbaycanlılar, sadəcə olaraq, Ermənistan vətəndaşı kimi ora qayıtmaq istəyirlər. Burada beynəlxalq hüquqa zidd heç bir məsələ yoxdur. Ona görə də yaxşı olardı ki, bu məsələ Ermənistan ictimaiyyətinə yenidən izah olunsun. Qərbi azərbaycanlılar Ermənistanı işğal etməyə deyil, onun vətəndaşı olaraq, ölkəni gücləndirməyə gəlirlər. Ermənistanı monoetnik olmaqdan xilas edib, çoxmillətli, müasir inkişaf edən dövlətə çevirməyə gəlirlər.

Bunun üçün Ermənistan Konstitusiyasından təhlükəsizlik zəmanəti tələb edirlər. Ona görə də mən düşünürəm ki, bu yanaşma bir qədər fərqlidir. Bütövlükdə isə N. Aleksanyanın fikirləri Ermənistan ictimaiyyətinin rəyinin gələcək pozitiv məzmunlu  tezisləri ola bilər. Ermənistan ictimaiyyəti  bu erməni jurnalist kimi düşünsə, sülh üçün ümidlər yaranacaq.

Aleksanyanın istəyi xoş niyyətdir. Onun baş tutub-tutmayacağı bu fikirlərin realizə olunmasından keçir.

Qərbi azərbaycanlıların məsələsi ilə bağlı Ermənistanın hakim dairələri bunu başa düşüb düzgün reaksiya verərlərsə, Paşinyan Fransanın, ABŞ-ın, İranın təhrikindən, silahlanmadan əl çəkərsə, sülhü real zəmində üzərinə götürdüyü öhdəlik də daxil olmaqla, səmimi şəkildə müzakirə etmək istəyərsə, Ermənistan-Azərbaycan liderləri görüşə bilərlər. Burada vasitəçi Aleksanyan və ya bir başqa subyekt də ola bilər. Şübhəsiz ki, jurnalist bu fikirlərinə görə təhdid və terrora məruz qala bilər. Çünki Ermənistan demək terrorçu dövlət deməkdir. Ermənistan vətəndaşlarının böyük bir hissəsi potensial terrorçulardır. Biz dəfələrlə bunun şahidi olmuşuq. Bu gün də ermənilərin mina terrorundan əziyyət çəkən xalq kimi bunu deməyə haqqımız var. 4 ildir müharibə bitib, lakin ermənilərin basdırdığı minalar hələ də can alır".

Novella Cəfəroğlu: Mənə ən çox əzab verən bu millətlərarası münaqişədir

Novella Cəfəroğlu

Hüquq müdafiəçisi Novella Cəfəroğlu bildirir ki, Azərbaycan və Ermənistan bu prosesə heç kimi cəlb etmədən qonşuluq münasibəti qurmaq istəyir: “Aleksanyan Ermənistanı, millətini sevib bu sözləri deyir. Çünki o, Ermənistanın uçuruma getdiyini görür. Amma danışıqlar başlamamışdan əvvəl Ermənistanın konstitusiyasından Qarabağ  məsələsi çıxarılmalıdır. Həmçinin Zəngəzur  məsələsinin həllini də  tezləşdirməlidirlər. Bu məsələlər həm təhlükəsizlik baxımından, həm də iqtisadı baxımdan bütün Qafqaz üçün vacibdir. Birgə işləmək, bir-birinin ərazisinə girməmək -  bu, sülhün ən vacib məsələlərindən biridir.  Azərbaycan  bu mövzuda öz sözünü deyib. İndi növbə Ermənistanındır, amma qarşı tərəf oyun oynayır, Avropadan, Amerikadan adamları Ermənistana yığır, silahlanır.

Ermənistan birdəfəlik  düşməlidir ki, Azərbaycanın da müasir silahları var, həmişə  cavab verməyə hazırdır.

Aleksanyan öz milləti arasında təbliğat aparsın, onlara başa salsın ki, nə miatsum, nə müharibə onlara kömək etməyəcək! Müharibəsiz yaşamaq hər iki dövlətə lazımdır. Bunu təkcə Aleksanyan demir, butun ermənilərin arasında bir çox insan dilə gətirir. Hətta Moskvada yaşayan ermənilər açıq şəkildə deyirlər ki, Ermənistan dövlət kimi qalmaq  istəyirsə, Azərbaycanın yanında olmalıdır. Nə Avropa, nə digəri ona köməklik edə bilməyəcək. Erməni ziyalıları həyəcan təbili çalır ki, bu gün  Ermənistan xəritədən silinmək təhlükəsi ilə üz-üzə qalıb, onların yeganə nicatı Azərbaycandır.

İctimai təşkilatlar ermənilərlə  görüşlər keçirməli,  onlarda rəy yaratmalıdırlar. Moskvada belə forumlar keçirmək olar.

Zəngəzur dəhlizinin açılması ilə Ermənistanın Türkiyə, Orta Asiya ölkələri ilə geniş əlaqələri yaranar. Bu yol hər şeyi həll edə bilər".

N.Cəfəroğlu deyir ki, Aleksanyanın həyatına təhlükə yaranarsa, Azərbaycandan kömək istəsin: “Təhlükə yaransa, Xankəndinə gəlsin, Azərbaycanın  bayrağını, konstitusiyasını tanısın və vətəndaşlıq alsın. Bununla qorunmasını təmin edə bilər”.

Şahanə RƏHİMLİ,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

22 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR