İnsanlara hürriyət, millətlərə istiqlal!

Aİ “müşahidəçiləri”nin Laçına baxan gözlərini necə oyaq? - ilginc rəylər

Qarabağ məsələsi bitib! Bunu Azərbaycan Prezidenti ən yüksək səviyyədə dəfələrlə bəyan edib və dünyanın özünə hörmət edən böyük bir hissəsi reallıqları qəbul edir.

Lakin bəzi qərəzli, bölgədə fitnə salmaq istəyən dövlətlər hələ də Ermənistanı silahlandırmaqla yanaşı, digər siyasi təxribatlardan da çəkinmirlər.

Postmüharibə dövründə Ermənistanın Azərbaycanla sərhədinə yerləşdirilmiş Avropa İttifaqı müşahidəçiləri hələ də orada qalmaqdadır və onlar son vaxtlar qəribə şəkildə aktivləşib.

Daha əvvəl mediada dövlət sərhədi yaxınlığına gələn 8 nəfər Aİ missiyasının üzvü və erməni hərbçilərin müşahidə cihazları ilə Azərbaycan ərazilərini müşahidə etməsi əks olunan kadrları yayılmışdı. Bir çoxları bunu Aİ və Ermənistanın Azərbaycana qarşı təxribat hazırlığı kimi qiymətləndirmişdi.

Dünən yayılan yeni görüntülərdən isə aydın olur ki, oktyabrın 8-də saat 13.10 radələrində “müşahidəçilər” Aİ-yə məxsus 2 ədəd “Toyota” markalı avtomobildə Ermənistan ordusunun hərbçilərinin müşayiəti ilə Gorus rayonunun Kornidzor kəndi ərazisində yerləşən yolun üzərində yerləşiblər.

Ermənistana məxsus 1 ədəd “Niva” və 1 ədəd “UAZ Patriot” markalı minik avtomobili ilə əraziyə gələn 4 “müşahidəçi” və 4 erməni hərbçinin müşahidə cihazları ilə Azərbaycan ərazilərini müşahidə etməsi qeydə alınıb.

Müşahidə keçmiş “Laçın dəhlizi” istiqamətinə doğru aparılıb.

Bu aktivləşmə bir daha göstərir ki, təxribat ehtimalı əsassız deyil.

Aİ “müşahidəçilərinin” erməni hərbçilərlə birgə sərhəd “reydlərini” Ermənistanda revanşist qüvvələrin aktivləşməsi, ölkənin silahlandırılması, danışıqlarda daha qeyri-konstruktiv mövqe tutması kimi qiymətləndirmək olar. (APA)

Aİ bununla bir daha nümayiş etdirir ki, Azərbaycan və Ermənistan arasında sülh əldə olunmasında maraqlı deyil. Əksinə, Ermənistanı revanşizmə həvəsləndirir, Azərbaycanla sülh danışıqlarından çəkilməyə sövq edir.

Bəs Ermənistan-Azərbaycan sərhədində siyasi təxribatlarla məşğul olan, Laçına boylanan Aİ müşahidəçilərinin, erməni revanşistlərin gözünü necə oyaq? Onların “müşahidələri” suveren dövlətə, ərazi bütövlüyümüzə qarşı həqarət sayılır. 

Aydın Mirzəzadə qadın deputatlara zəng etdi

Aydın Mirzəzadə 

Aydın Mirzəzadə “Yeni Müsavat”a bildirdi ki, Ermənistan ərazisində Avropa Birliyinin müşahidəçilərinin yerləşdirilməsi Azərbaycana qarşı bu beynəlxalq təşkilat tərəfindən hörmətsizlik kimi qəbul oluna bilər: “Bu gün onların həyata keçirdiyi binokl diplomatiyasının Cənubi Qafqazda süni yaradılmasına heç bir lüzum yoxdur. Bu, sadəcə olaraq, Ermənistanın Azərbaycanla vaxtaşırı yaydığı yanlış təəssüratlara Avropa Birliyinin müəyyən dairələri tərəfindən bir dəstək kimi qəbul edilə bilər. Bu gün Azərbaycan və Ermənistan öz problemlərini birbaşa danışıqlar vasitəsilə həll etməyə çalışırlar. Avropa Birliyi isə buna dəstək vermək əvəzinə daha da gərginlik elementlərini çoxaldır. Ermənistan ərazisindən Azərbaycan ərazisinin binokl vasitəsilə müşahidə edilməsi nə sülh prosesinə, nə problemin həll edilməsinə hər hansı bir aidiyyəti yoxdur. Eyni zamanda onların müşahidə etdikləri dövrdə Ermənistan tərəfindən Azərbaycan ərazisinin vaxtaşırı atəşə tutulması da nədənsə bu "beynəlxalq müşahidəçilər"in diqqətindən qaçır. Nədənsə buna münasibət bildirmək istəmirlər, Ermənistanı məsuliyyətli olmağa dəvət etmirlər. Yəni bu baxımdan müşahidə missiyası daha konkret, daha səmərəli bir mövqe tutsaydı, bu məsələyə beynəlxalq hüquq norması çərçivəsindən yanaşsaydı, daha tez nəticə əldə etmək mümkün olardı. Avropa Birliyinin əcaib hərəkətləri təəssüf doğurur".

Oqtay Qasımov: “Bu, bölgədə yenidən gərginliyin yaranmasına gətirib  çıxaracaq”

Oqtay Qasımov

Politoloq Oqtay Qasımov isə bildirdi ki, Avropa İtifaqının “mülki” adlandırılan casuslardan ibarət missiyasının bölgəyə göndərilməsinin məqsədi təxribatlara hazırlıqdır: "Təxribatlar həyata keçirib Azərbaycan əleyhinə hesabatlar hazırlamaqla təzyiq kampaniyası təşkil etmək və Azərbaycanı təzyiq altında saxlamaq niyyətləri güdülür. Bu müşahidə missiyasının xüsusilə də Gorus-Laçın sərhədində peyda olması və xüsusən vaxtı ilə Xankəndini Ermənistanla birləşdirən Laçın yolunun üzərində sərhədə dayanmaları əslində həm təxribatdır, eyni zamanda təhrikdir. Belə ki, son dövrlər Azərbaycana qarşı Amerika, Fransa, Qərb strukturlarından Ermənistanla bərabər koordinasiyalı bir əks-təbliğat kampaniyası aparılır. Bu əks-təbliğat kampaniyası vasitəsilə Azərbaycana təzyiq etmək və Amerikanın, Avropanın istədiyi şərtlərlə Ermənistanla hansısa bir sənəd imzalanmasına nail olmağa çalışılır. Bunun üçün ən müxtəlif çirkin formalardan istifadə edilməkdədir. Xüsusilə də Qarabağ erməniləri məsələsi, o cümlədən Bakıda saxlanılan hərbi cinayətkarlarla bağlı məsələlər üzərindən manipulyasiyanın edilməsi də məhz həmin təzyiq kampaniyasının tərkib hissəsi kimi sayılmalıdır. Bugünlərdə məhz Laçın yolunun üzərində dayanaraq Azərbaycan ərazilərinin müşahidə edilməsi həm də müəyyən mesaj xarakteri kimi dəyərləndirilməlidir. Həmin missiya nümayəndələrinin erməni hərbçilərlə birgə əraziyə gəlməsi, müşahidələr aparması Ermənistanın revanşist duyğularını qızışdırmaq məqsədi daşıyır. Məhz bu yolda müşahidələrin aparılması sanki bir mesajdır ki, Qarabağ ermənilərinin geri qayıtması ilə bağlı Qərbin planı var. Amma ən önəmlisi COP29 ərəfəsində müəyyən təxribatlarla Azərbaycanı cavab tədbirlərinə təhrik etmək niyyəti açıq görünməkdədir. ABŞ, Qərb strukturlarında məhz COP29-un keçirilməsindən istifadə edərək Azərbaycana qarşı təzyiq kampaniyası aparmaq, həm bu tədbiri gözdən salmaq, həm də Azərbaycanı güzəştlərə məcbur etmək kimi niyyətlər var. Məhz bu təhrikçi, təxribatçı hərəkətlər də buna görə baş verir”.

Politoloq qeyd etdi ki, Azərbaycanın bununla bağlı mövqeyi bəllidir: “Xatırlayırsınızsa, hələ iki ay öncə Azərbaycan Müdafiə Nazirliyi məhz sərhəddə baş verən təxribatlarla bağlı Ermənistanı və onun arxasında dayanan havadarlarını xəbərdar edərək təxribatlara sərt cavab veriləcəyi ilə bağlı mövqe ifadə edib. Yəni Azərbaycan hazırda kifayət qədər səbr və təmkin nümayiş elətdirirsə, bu o demək deyil ki, təxribatçı hərəkətlər cavabsız qalacaq. Prezident İlham Əliyev də bu ayın 4-də Cəbrayıl şəhərində açıq mətnlə qeyd edib ki, əgər Ermənistan təxribatları davam etdirəcəksə və Ermənistanın silahlandırılması Azərbaycanın təhlükəsizliyinə təhdid yaradacaq səviyyəyə gələcəksə, o zaman Azərbaycanı heç bir qüvvə saxlaya bilməz. Və bu zaman baş verəcək hadisələrə görə məsuliyyət Ermənistanla yanaşı Ermənistanı revanşa təşviq eləyən Fransa, ABŞ və digər Qərb strukturlarının üzərinə düşəcək. Azərbaycana təhdid yaradan istənilən təhlükə yerindəcə məhv ediləcək”.   

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

22 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR