İnsanlara hürriyət, millətlərə istiqlal!

Absurd hesabat: dağılan Ermənistan sabit Azərbaycandan öndə...

Ekspertlərdən Qlobal Sülh İndeksinin sənədinə reaksiya: “Sanki həmin siyahını reytinq sorğusu adı altında ermənilər tərtib ediblər”

İqtisadiyyat və Sülh İnstitutu 2022-ci ilin Qlobal Sülh İndeksini açıqlayıb. Daxili və xarici təhdidlər meyarlarına əsaslanan reytinqdə İslandiya, Yeni Zelandiya, İrlandiya, Danimarka, Avstriya ən dinc 5 ölkə kimi göstərilir.

Novator.az-ın məlumatına görə, 163 ölkənin yer aldığı siyahıda Rusiya 160-cı sırada qərar tutub. Estoniya 33-cü, Latviya 35-ci, Litva 37-ci, Moldova 63-cü, Ermənistan 83-cü, Özbəkistan 87-ci, Qırğızıstan 91-ci, Tacikistan 92-ci, Gürcüstan 95-ci, Qazaxıstan 97-ci, Türkmənistan 104-cü, Belarus 116-cı, Azərbaycan 128-ci, İran 141-ci, Türkiyə 145-ci, Ukrayna 153-cüdür. Qeyri-sabitliyin hökm sürdüyü Ermənistanın bu hesabatda Azərbaycanı “qabaqlaması” təəccüb doğurur.

 

Azərbaycanda sənayenin ÜDM-də payı 43 faizə çatıb - Aydın Hüseynov -  ArazMedia.Az

Aydın Hüseynov 

Milli Məclisin İqtisadiyyat, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov bildirdi ki, bu reytinq sorğusunun düzgünlüyünə və obyektivliyinə çox böyük şübhə var: “Sanki həmin siyahını reytinq sorğusu adı altında ermənilər və ya ermənilərlə bağlı olan şəxslər tərtib ediblər. Ermənistan kimi barıt çəlləyinə bənzəyən, sabitlik, heç bir cəlbediciliyi olmayan bir dövlətin siyahıdakı yeri şübhənin əsaslı olduğunu təsdiqləyir. Diqqət edin, bu siyahıda Ermənistanı hansı ölkələrdən önə yazıblar. Məsələn, Türkiyə, Azərbaycan, Qazaxıstan, Özbəkistan kimi güclü dövlətlərdən öndə qeyd ediblər. Ermənistanın nə iqtisadiyyatı, nə demoqrafiq sosial durumu, nə daxilində siyasi durumu bu dövlətlərlə müqayisə ediləsi vəziyyətdədir. İqtisadiyyat və Sülh İnstitutu adlı qurum isə Ermənistanı hətta bu ölkələrdən önə çıxarır. Ermənistanın daxilindəki vəziyyət nəinki bu ölkənin özü üçün təhdiddir, həmçinin Cənubi Qafqazda sülh və sabitliyə böyük təhlükə yaradır. Bu ölkədə hər an vətəndaş müharibəsi, siyasi terror hadisələri gözlənilir. Yəni vəziyyət bu qədər acınacaqlıdır. Həmçinin iqtisadiyyatı çöküb, tamamilə xaricdən asılı vəziyyətdədir. Heç bir iqtisadi müstəqilliyindən söhbət gedə bilməz. Ermənistanın bu acınacaqlı vəziyyəti onu xarici təhdidlər üçün də açıq ölkəyə çevirir. Nəinki güclü dövlətlər, hətta xaricdəki erməni diaspor təşkilatları da Ermənistana təzyiq edə, hökumətinə təsir göstərə, bir çox hallarda təhdid də yarada bilirlər. Ermənistan əhalisi sürətlə ölkəni tərk edir. Çünki artıq görürlər ki, bu ölkədə normal yaşamaq, işləmək perspektivi yoxdur, bu gedişlə ölkənin gələcəyi yoxdur. Ermənistan əhalisinin sayı 30 il bundan əvvəllə müqayisədə artmaq əvəzinə, azalıb. Sorğuda kriteriyalarda biri kimi, ölkələrdə militarizasiya səviyyəsi götürülüb. Təkcə bu kriteriyaya görə gərəkdir ki, Ermənistan ən sonuncu yerdə qərarlaşmalıydı. Çünki Ermənistan qonşu ölkəyə qarşı işğalçılıq siyasəti yürüdür, silahlanır, Ermənistan monoetnik dövlətdir. Belə bir vəziyyətdə olan dövlətin hansısa “rəy sorğusu”nda ön sıralara adının çıxarılması həmin sorğuya və nəticələrinə etimad yarada bilməz. Böyük ehtimalla o siyahını ya ermənilər, ya da ermənilərlə əlaqəsi olan insanlar hazırlayıblar".

Azərbaycan Ordusunun cavabı çox ağır oldu - Abutalıb Səmədov

Abutalıb Səmədov

Azərbaycan Naminə Alyans Partiyasının sədri Abutalıb Səmədov isə bildirdi ki, İqtisadiyyat və Sülh İnstitutunun açıqladığı 2022-ci ilin Qlobal Sülh İndeksi qətiyyən mötəbər və obyektiv hesab oluna bilməz: “Təəssüf doğuran odur ki, Ermənistan bu siyahıya görə Azərbaycanı təkcə bu il xeyli qabaqlamayıb. Əgər belə olsaydı, bu nəticəni ermənilərin və bəzi "həmvətənlərimizin" əleyhimizə apardığı təbliğatla əlaqələndirmək və institutun bu amilin təsirinə düşdüyünü düşünmək olardı. Ancaq  Ermənistan torpaqlarımızın 20%-ni işğal altında saxladığı illərdə də bu institutun “araşdırmalarında” Azərbaycandan daha “sülhsevər” olub və ölkəmizi xeyli qabaqlayıb. 2013-cü ildə işğalçı Ermənistan 98-ci, torpaqları işğal olunan Azərbaycan 126-cı, 2014-cü ildə Ermənistan 97-ci, Azərbaycan 123-cü, nəhayət, 2015-ci ildə Ermənistan 91-ci, Azərbaycan isə 132-ci olub. 2016-cı ildən sonrakı dövrü deməyə ehtiyac yoxdur.

 Digər tərəfdən, ölkədaxili sabitliyin əsas kriteriyalardan biri olduğu halda çevriliş cəhdlərinin “gündəlikdən düşmədiyi” bir dövlətin bu qədər yüksək qiymət alması azı anlaşılmazdır. Daha bir kriteriya militarizasiya səviyyəsidir ki, bu göstəriciyə görə Ermənistan dünyada ən yüksək yerlərdən birinə sahibdir. “Sülhsevər” qonşumuzun ümumdaxili məhsuldan hərbi xərclərə ayrılan vəsaitin həcminə görə Azərbaycanı xeyli qabaqlamasına baxmayaraq daha  yüksək reytinqə layiq görülməsi ən azı anlaşılmazdır. Qlobal reytinqdə anlaşılmazlıqlardan biri də fasiləsiz olaraq Türkiyəyə qarşı müxtəlif təxribatlar törədən, beynəlxalq razılaşmaların ziddinə olaraq yunan adalarını silahlandıran Yunanıstanın daha yüksək pillədə qərarlaşmasıdır. Nəhayət, ən böyük anlaşılmazlıq dünyanı məhvolma həddinə gətirən, Ukraynada dinc insanları, uşaqları qətlə yetirən Rusiyanın Suriyanı, Yəməni və Əfqanıstanı qabaqlamasıdır. Rusiya, görəsən, daha nə etməlidir ki, bu “mötəbər” reytinqdə sonuncu yerə layiq görülsün".

A.Səmədov təəssüflə onu da qeyd etdi ki, bu cür qlobal reytinqlər ölkələrin  nüfuzuna ciddi təsir göstərir və aşağı göstəricilərə malik dövlətlərin iqtisadiyyatına, ilk növbədə ölkəyə gəlmək istəyən turistlərin sayının azalmasına gətirib çıxarır: “İqtisadiyyat və Sülh İnstitutunun bu cür ədalətsiz addımlar atmasında "erməni barmağı"nın olması şübhəsizdir. Ancaq bu ədalətsizliyi təkcə ermənilərin Azərbaycan əleyhinə apardıqları işlə əlaqələndirmək yanlış olardı. Bir az da fəallaşmalı və haqqımızda yaranmış yanlış rəyi dəyişmək üçün əlimizdən gələni etməliyik".

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR