Onlayn ictimai-siyasi qəzet
Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfiri Mark Libbi İTV-yə müsahibəsi zamanı ABŞ-nin Ermənistanı silahlandırması ilə bağlı “Caliber.az” portalının təqdim etdiyi konkret faktları cəfəngiyyat adlandırıb.
“Caliber.az-ın hesabatı tam cəfəngiyatdır. Dedikləri hər bir şey uydurmadır. Mən bunu təkzib edirəm. Aranı qarışdırmağa, Ermənistanla Azərbaycan arasında çətinlik yaratmağa çalışırlar. Caliber.az-da belə qüvvələrdən biridir. Onun dərc etdiiyi bütün məlumatları təkzib edirəm”, - deyə müsahibəsində açıqlama verib.
O, Ermənistandakı ABŞ səfirliyinin dediyini təsdiq edərək bildirib ki, bu ölkəyə hərbçilərin və hərbi yükün göndərilməsini ABŞ və Ermənistan arasında keçirilmiş hərbi təlimlə əlaqəli olub.
Göründüyü kimi səfir konkret fakt və sübutları təkzib etməklə kifayətlənmir, həyasızcasına Azərbaycan mətbuatını təhqir edərək ara qarışdıran qüvvə adlandırır. Bunu o diplomat deyir ki, daima açıqlamaları ilə elə özü-özünü təkzib edir. Misal olaraq Şuşaya səfər etməsi ilə bağlı sonuncu açıqlamalarını göstərmək olar. Cənab səfirdən azad edilmiş ərazilərə səfər etməməsinin səbəbini soruşduqda bildirmişdi ki, hansısa şouda iştirak etmək istəmir. Yəni, onun sözündən belə çıxmışdı ki, Şuşaya səfər etmək şoudur və o, buna qatılmır. Sonradan Mark Libbi Qarabağa səfər edən zaman yalandan dedi ki, iki aya yaxındır ki, həmin səfərə hazırlaşırmış. Bu, onun şou adlandırdığı əvvəlki açıqlamasına zidd idi və özü-özünü təkzib edirdi.
Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin (SHAM) rəhbəri politoloq Xəyal Bəşirov Musavat.com-a bildirib ki, Mark Libbi yaxın 30 il ərzində bədnam ATƏT-in Minsk qrupu adlı institutun həmsədrlərindən biri olan dövlətin səfiridir.
Onun belə ziddiyətli açıqlamalar verməsi artıq təəccüblü deyil.
“Bu qədər diplomatik çərçivəyə sığmayan, dimpolamatların etik-davranış qaydalarına uyğun olmayan ziddiyətli fikirlər səsləndirirsə, belə fiqurlardan istənilən açıqlamanı gözləmək olar. Azərbaycanın ABŞ-nin Ermənistanı silahlandırması ilə bağlı konkret dəlil və faktlarına, sübutlarına bu şəkildə cavabın verilməsi yalanın ört-basdır edilməsinə xidmət edir.
Hər birimiz çox gözəl anlayırıq ki, Ermənistan kütləvi silahlanma prosesini həyata keçirir. ABŞ bu məsələdə çox ciddi aktivlik nümayiş etdirir.
Nəyinki, Ermənistanın silahlandırılmasında iştirak edir və ya buna şərait yaradır, eyni zamanda Ermənistanda dünyada ikinci ən böyük diplomatik korpusunu və özünün silahlı qüvvələrini saxlayır. Ötən ildən başlayaraq ABŞ Azərbaycanla müharibədə məğlubiyyətə uğramış, 6 milyardlıq silah və texnikası Azərbaycana hərb qənimət kimi gətirilmiş ordu ilə “Qartal tərəfdaşlığı” adı altında təlimlər keçirir. Bütün bunların hamısı göstərir ki, əsas məqsəd Cənubi Qafqazda əldə edilmiş sülhü pozmaqdır.
Səfirin “Caliber.az” saytının yaydığı məlumatları cəfəngiyyat adlandırması özü-özlüyündə cəfəng fikirlərdir. Çünki biz informasiya dönəmində yaşayırıq. ABŞ-nin dünyanın istənilən nöqtəsində baş verən proseslərlə bağlı əlində səhih məlumatların olması imkanı çox yüksəkdir. Onların əlində Caliber.az saytından da çox məlumat var.
ABŞ-nin xüsusi ximət orqanlarının, informasiya ilə məşğul olan müvafiq qurumarının Ermənistanın silahlandırılması ilə bağlı kifayət qədər məlumatı olduğu halda onu açıq-aşkar təkzib edirlər. Bu isə o deməkdir ki, ABŞ danışıqlara və sülh prosesinə səmimi yanaşmır.
Səfirin səsləndirdiyi bu fikirlər hər bir halda xalqımızın və dövlətimizin yürütdüyü siyasətə, haqq mübarizəsinə hörmətsizlikdir. Azərbaycan tərəfi həmişə qarşı tərəfə onun sərgilədiyi münasibəti, yanaşmanı, yürütdüyü siyasətin eynisini ərmağan edir. Bizim də buna eyni cavabımız olacaq.
Bundan daha dəhşətlisi odur ki, Qərbin, ABŞ-nin və digər güclərin, dövlətlərin Ermənistanı faktiki olaraq Cənubi Qafazda müharibəyə sürükləməsinin şahidi oluruq”.
Qeyd edək ki, ABŞ-nin Ermənistanı silahlandırması ilə bağlı məlumatlar neçə müddətdir ki, siyasi gündəmin mərkəzindədir. Caliber.az bildirib ki, ABŞ Silahlı Qüvvələrinə məxsus "Boeing C-17" hərbi yük təyyarəsi ilə Ermənistan Silahlı Qüvvələri üçün yeni nəsil silahlar - snayper tüfəngləri, gecəgörmə cihazları, xüsusi rabitə vasitələri, zirehli texnika gətirilib.
ABŞ Ermənistanı silahlandırmaqla yanaşı, həm də onun ərazisindən istifadə etməklə İranda kəşfiyyat işləri aparır. ABŞ-nin Ermənistandakı səfiri isə bununla bağlı news.am saytına açıqlama verib. Səfir demək olar ki, məlumatın ətrafında söz oyunu oynayıb. Faktla bağlı konkret fikir bildirməyib.
Şahanə Rəhimli
Musavat.com
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ