İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ seçkilərində mübarizə cəmi 7 ştatda gedir - Politoloq

Dünyanın supergücü olan ABŞ-da hazırda keçirilən prezident seçkiləri ən çox müzakirə olunan hadisədir.

Musavat.com xəbər verir ki, politoloq Şahin Cəfərliyə görə, seçkinin qalibini Pensilvaniya, Corciya, Şimali Karolina, Miçiqan, Arizona, Viskonsin və Nevada ştatları müəyyən edəcək: “Səsvermə bitdikdən sonra məhz buralardakı nəticələrə diqqət etmək lazımdır. Bu ştatlarda Seçicilər Kollegiyasına ümumən 94 nümayəndə seçiləcək.

Digər 43 ştatda isə nəticələr məlumdur. (Yalnız 1 ştat – Ayovada sürpriz ola biləcəyi deyilir, amma çox zəif ehtimaldır). Hazırda 43 ştat üzrə nəticə belədir: Kamala Harris – 226 nümayəndə, Donald Tramp – 219 nümayəndə”.

Şahin Cəfərli: Azərbaycanda Türkiyə haqqında təhrif olunmuş reallıq  mövcuddur

Politoloq bildirir ki, ABŞ-da prezident xalq tərəfindən birbaşa seçilmir və ölkə üzrə kimin çox səs alması həlledici əhəmiyyət daşımır6 “Prezidenti Seçicilər Kollegiyası adlanan 538 nəfərdən ibarət formal orqan seçir və oraya azı 270 nümayəndə göndərən namizəd qalib sayılır. Seçkidə xalqın rolu budur ki, Seçicilər Kollegiyasına nümayəndələri vətəndaşlar seçir. Hər ştat Kollegiyaya əhalisinin sayına uyğun olaraq nümayəndə göndərir: əhalisi çox olanlar çox, az olanlar az. Bir namizəd digərindən hətta cəmi 1 səs üstün olarsa, həmin ştatın bütün nümayəndələrini o qazanmış olur. (Nebraska və Men istisnadır). Əslində sırf hüquqi baxımdan ştat nümayəndələri Seçicilər Kollegiyasında istədikləri namizədə səs verə bilər, qanunda hər hansı məcburiyyət yoxdur. Amma ənənəyə və presedentə uyğun olaraq (anqlo-sakson hüququ) Seçicilər Kollegiyasının üzvləri adətən xalqın seçiminə uyğun səs verirlər, yəni faktiki olaraq vətəndaşların qərarını təsdiqləyirlər.

Bu arxaik sistem hazırda respublikaçıların maraqlarına daha çox cavab verir. Çünki demokratlar və onlara meyl edənlər sayca daha çoxdur. Məsələn, yaxın tarixin demokratlar üçün ən böyük fiaskolarından biri olan 2016-cı il seçkilərində H.Klinton ölkə üzrə Trampdan 3 milyon çox səs almışdı. Dünyada olduğu kimi, ABŞ-da da ölkə üzrə sadə çoxluq sistemi tətbiq olunsa, respublikaçıların prezident seçkilərində qələbə şansı həddən artıq azalmış olar.

7 ştat üzrə keçirilən bütün sorğularda tərəflərin bir-birindən üstünlüyü sorğuların xəta payı içərisindədir. Bu o deməkdir ki, hər iki namizədin şansı bərabərdir. Bəzi ştatlarda qələbə çox minimal üstünlüklə, hətta 0,1 - 0,2 faiz fərqlə əldə oluna bilər. Bu halda, nəticələrin mübahisələndirilməsi, məhkəmə iddiaları qaldırılması, səslərin sayılması prosesinin uzanması mümkündür”.

Ş.Cəfərlinin sözlərinə görə, ən kritik bölgə 19 nümayəndənin seçiləcəyi Pensilvaniyadır: “Burada ölkənin ilk paytaxtı Filadelfiya şəhəri yerləşir. Pensilvaniya, Miçiqan və Viskonsin ölkənin orta qərbində yerləşən sənaye zonasıdır, bura obrazlı olaraq “paslı qurşaq” adlandırılır. Corciya, Şimali Karolina, Arizona və Nevada isə ölkənin cənub, cənub-qərb hissəsində yerləşir və öz iqliminə görə “Günəş qurşağı” adlandırılır. “Paslı qurşaq”da qazanan çox böyük ehtimalla seçkinin qalibi olacaq.
Bu gün Nümayəndələr Palatasındakı bütün yerlərə (435) və Senatın üçdə birinə (34) də seçki keçirilir. Həmin 34 senatordan 23-ü demokratdır, bu səbəblə demokratların hazırda Senatda olan minimal üstünlüklərini qorumaları çox çətin vəzifə kimi görünür. Senatda minimal üstünlük bu dəfə respublikaçılara keçə bilər. Aşağı palatanı isə demokratların az fərqlə qazanacağı ehtimal edilir”.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR