İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ geri çəkildikcə Putin daha sərt tələblər qoyur: Rusiya Ər-Riyadda yeni şərtlər irəli sürdü

Son iki gündə Ər-Riyadda ABŞ-Rusiya, ABŞ-Ukrayna danışıqlarında müzakirə olunan məsələlər, əldə olunan razılaşmalarla bağlı məlumatlar açıqlanmağa başlayıb.

Musavat.com xəbər verir ki, ABŞ-ın yaydığı açıqlamada Vaşinqton və Moskvanın Qara dənizdə təhlükəsiz naviqasiya haqqında razılığa gəldikləri bildirirlir:

“ABŞ və Rusiya gəmiçilik təhlükəsizliyini təmin etmək, güc tətbiqini aradan qaldırmaq və Qara dənizdə hərbi məqsədlər üçün kommersiya gəmilərindən istifadənin qarşısını almaq barədə razılığa gəliblər”.

Bu razılaşmanı Ukrayna tərəfi də təsdiqləyib.

Ağ Ev bəyan edir ki, ABŞ və Rusiya Rusiya Federasiyası və Ukraynanın enerji infrastrukturuna zərbələrin endirilməsini qadağan edən tədbirlər haqqında da razılığa gəliblər:

"Birləşmiş Ştatlar və Rusiya güclü və davamlı sülhə nail olmaq üçün səylərini davam etdirəcəklər. Birləşmiş Ştatlar Prezident Donald Trampın Rusiya-Ukrayna münaqişəsinin hər iki tərəfdən insanların öldürülməsinə son qoyması imperativini davamlı sülh nizamlanmasına nail olmaq üçün zəruri addım kimi təsdiqlədi. Bu məqsədlə Birləşmiş Ştatlar hər iki tərəf arasında sülh yolu ilə nizamlanmaya nail olmaq üçün danışıqları asanlaşdırmağa davam edəcək".

Kiyev bu bəndlə də razılaşıb.

Vaşinqtonun bəyanatında həmçinin ABŞ-ın Rusiyanın kənd təsərrüfatı məhsulları və gübrələrin ixracı üçün dünya bazarlarına çıxışını bərpa etməyə kömək edəcəyi bildirilir: "Birləşmiş Ştatlar Rusiyanın kənd təsərrüfatı və gübrə ixracı üçün qlobal bazara çıxışını bərpa etməyə, dəniz sığortasının xərclərini azaltmağa və bu cür əməliyyatlar üçün limanlara və ödəniş sistemlərinə çıxışı genişləndirməyə kömək edəcək".

Ukrayna tərəfi Rusiyaya qarşı sanksiyaların yumşaldılmasının çox tez olduğunu əsas gətirməklə bu məsələ ilə razılaşmayıb. Prezident Vladimir Zelenskinin açıqladığı məlumatdan aydın olur ki, Rusiya tərəfi kənd təsərrüfatı məhsulları və gübrələrin ixracına şərait yaradılması tələbini əvvəlcədən razılaşdırılmadan danışıqlara daxil edib.

Kremlin bu saatlarda yaydığı açıqlamadan aydın olur ki, əldə olunan razılaşmaların yerinə yetirilməsi üçün Rusiya yeni tələblər irəli sürüb. Bunlara görə, Rusiya və ABŞ arasında Qara dənizlə bağlı sazişlər Rusiya Kənd Təsərrüfatı Bankı – "Rosselxozbank" və aqrar-sənaye kompleksində ticarəti təmin edən digər banklar üzərindən sanksiyalar götürüldükdən sonra qüvvəyə minəcək. Həmin bankların yenidən SWIFT sisteminə qaytarılması tələb olunur.

Moskvanın digər tələbinə əsasən, Rusiyaya kənd təsərrüfatı texnikasının tədarükünə qoyulan məhdudiyyətlər götürülmədən taxıl sazişi qüvvəyə minməyəcək.

Kremlin açıqladığı bəyanata görə, Rusiya və ABŞ enerji obyektlərinə hücumları dayandırmaq üçün tədbirlər hazırlamaq barədə razılığa gəliblər. Moratorium uzadılma ehtimalı ilə 30 gün üçün nəzərdə tutulub və martın 18-dən başlayır.

Açıqlanan tələblər göstərir ki, Rusiya Ukraynada müharibəni dayandırmamaq üçün ABŞ-a yeni tələblər irəli sürüb. Hansı ki, bu tələblərin yerinə yetirilməsi daha çox Böyük Britaniya və Avropa İttifaqından asılıdır:

- SWIFT sistemi Avropaya məxsusdur, Rusiya banklarını oradan Aİ çıxarıb.

- Gəmilərin sığortalanması əsasən Böyük Britaniyaya və Aİ-yə məxsus şirkətlər tərəfindən həyata keçirilir və Rusiya gəmilərinə qadağanı London və Brüssel tətbiq edib.

- Rusiya gübrələrinin əsas alıcısı Aİ-dir. Bu məsələdə də qərarı Brüssel verməlidir.

Beləliklə, aydın olur ki, Rusiyanın qoyduğu yeni tələblərin müzakirəsi ABŞ-dan daha çox Avropa İttifaqı ilə aparılmalıdır. Bu baxımdan, tezliklə Vaşinqtonun Brüsseli və Londonu danışıqlara cəlb etmək üçün addımlar atmağa başlayacağı gözləniləndir. Rusiyanı danışıqlar yolu ilə dayandırmağa skeptik yanaşan, hətta buna qarşı olan Avropanın tutacağı mövqe prosesin davamı üçün həlledici amilə çevrilir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Mart 2025

BÜTÜN XƏBƏRLƏR