Onlayn ictimai-siyasi qəzet
Elman Nəsirov: “Baydenə bir təşəkkür düşür” Naqif Həmzəyev: “Bu əfv qərarı ləğv edilə bilər”
ABŞ uzun illərdir müxtəlif ölkələrə təzyiqlər etmək üçün “siyasi məhbus” alətindən istifadə edir. Siyasi maraqları tələb edəndə hətta terrorda suçlanan şəxsləri belə siyasi məhbus elan edirlər.
Bu cür iddialarla Azərbaycana qarşı da zaman-zaman basqılar olub və bu gün də var. Hansı ki, ABŞ öz daxilində açıq şəkildə siyasi məhbus problemi yaşayır. Prezident Co Baydenin oğlunu əfv etməsi bu məsələni açıq şəkildə ortaya qoyur.
Məsələyə dair deputat Azay Quliyev maraqlı açıqlama verib: “ABŞ prezidenti Co Bayden oğlu Hunter Baydenin yalnız soyadı səbəbilə ittiham olunduğunu və siyasi motivlərlə həbs olunduğunu əsas gətirərək onun azad olunması haqqında əfv qərarı verib. Hunter bu yay silah alarkən narkotik istifadəsini yalan bəyan etməyə və vergidən yayınmaya görə məhkum edilib və hər iki iş üzrə cəza bu ayın sonlarında elan olunmalı idi. Bayden əfv qərarını əsaslandıran zaman deyib ki, "Hunterin işlərinin faktlarına baxan heç bir məntiqli şəxs onun yalnız mənim oğlum olduğu üçün hədəf alındığını inkar edə bilməz, bu, yanlışdır və siyasi motivli həbs ədalətin pozulmasıdır. Daha sonra o əlavə edib: "Oğlum Hunterı “sındırmağa” çalışıblar, lakin o, beş il yarımdır ki, təmizdir, buna baxmayaraq, amansız hücumlar və selektiv ittihamlarla üzləşib. Onu qırmağa çalışarkən məni də sındırmağa çalışıblar və bunun (siyasi repressiyanın) burada dayanacağına inanmaq üçün heç bir səbəb yoxdur. Yetər, bəsdir".
Beləliklə, Bayden etiraf edib ki, ABŞ-da hakimiyyətin 3 müstəqil qolundan biri olan məhkəmə daim iddia etdikləri kimi ədalət və qanunun aliliyi prinsipi ilə deyil, siyasi sifarişlə və siyasi motivlər əsasında oğlunu həbs edib.
Ancaq Baydenin gərək haqqını verəsən, heç olmasa, hakimiyyətinin son günlərində özündə cəsarət tapıb ABŞ-da baş verən siyasi repressiyaları, hücumları və həbsləri etiraf etmiş oldu.
İndi ən maraqlı sual budur: Azərbaycanda guya siyasi motivli həbslərin olması, erməni terrorçularının azad edilməsi barədə az qala hər ay bəyanat verən konqresmenlər, senatorlar və Dövlət Departamenti (özü-özünə məktub yazan) Baydenin ABŞ-da siyasi həbslərin olması ilə bağlı açıqlamasına nə deyəcəklər?
Onlar da özlərinin riyakarlığını və ikiüzlülüyünü, demokratiya və insan haqları adı altında ölkəmizə təzyiq etdiklərini etiraf edəcəklərmi?"
Nəzərə çatdıraq ki, yenidən prezident seçilən Donald Tramp da bir neçə dəfə ABŞ-da siyasi məhbus olduğuna dair açıqlama verib. Onun tərəfdarları kimi tanınan “Qanon” hərəkatı üzvlərinin konqresə basqını zamanı həbs edilənləri Tramp siyasi məhbus hesab edib.
ABŞ bu cür açıq faktlardan sonra kiçik ölkələrə qarşı siyasi məhbus alətindən əl çəkə bilərmi? Yoxsa Birləşmiş Ştatlar üçün bu dəyişməz siyasətdir?
Elman Nəsirov
Deputat Elman Nəsirov “Yeni Müsavat” açıqlamasında bu etirafa görə Baydenə təşəkkür etdi: “Amerika Birləşmiş Ştatları özünü demokratiyanın beşiyi adlandırır. Onların fikrincə, dünyada Amerikadan demokratik dövlət yoxdur, insan hüquq və azadlıqları ən yüksək səviyyədə müdafiə olunur, hüququn aliliyi əsas prinsipdir. Eyni yanaşmanı başqa ölkələrdən də tələb edir və onu pozanlara qarşı sanksiya rejimi belə tətbiq edir. Necə deyərlər, özünü hakimi mütləq kimi aparır. Demokratiyanın, insan hüquqlarının çərçivələrini öz bildiyi arşınla ölçür. Kimlər ki, buna riayət etmirsə, onları ittiham edir, siyasi məhbus saxlayan ölkələr kimi beynəlxalq ictimai fikrə çatdırır, cürbəcür təzyiq üsullarını işə salır. Lakin Birləşmiş Ştatlarda baş verən son hadisələr bütün bu deyilənlərin bir mif olduğunu ortalığa qoydu. Bütün bu deyilənlər bir sabun köpüyü kimi faş oldu. Məlum oldu ki, əslində reallıq tamamilə başqadır. Birləşmiş Ştatların demokratiyadan bəhs edə-edə onu nə dərəcədə pozduğunun, siyasi məhbus institutundan istifadə edib bir çox ölkələrə təzyiq etdiyinin zaman-zaman şahidi olmaqdayıq. İndi bir daha məlum oldu ki, bu məsələlərdə Birləşmiş Ştatlarda vəziyyət nə qədər acınacaqlıdır. Bu etirafı ABŞ-da hakimiyyətdən getməkdə olan prezident Co Bayden etiraf etmiş oldu. Buna görə də ona bir təşəkkür düşür. O öz oğlunu müdafiə etdi. O oğlunu ki, əyyaş, narkotik istifadəçisi kimi məşhur idi. Eyni zamanda adı Ukraynada çox ciddi cinayətlərdə hallanırdı. Həm də onun silah alarkən narkotik qəbul etdiyi kimi faktlar da üzə çıxmışdı. Bununla bağlı məhkəmə qərarı da var idi. Ancaq Bayden o zaman söylədi ki, Birləşmiş Ştatlar hüquqi dövlətdir, hər şey qanun çərçivəsində həllini tapmalıdır, heç bir halda oğlunun azad olunması ilə bağlı addım atmayacaq, hamı qanun qarşısında bərabərdir. Amma hakimiyyətinin son günləri yaxınlaşdıqca o öz vədinə naxələf çıxdı və bəyanat verdi ki, oğlu siyasi motivlərlə həbs olunub. Oğlu Hunter Bayden məhz onun oğlu olduğuna, eyni familyanı daşıdığına görə siyasi sifariş əsasında həbs edilib. Bilirsiniz, bu ittihamları eşidəndə adama elə gəlir ki, söhbət Birləşmiş Ştatlardan deyil, onun ittiham etdiyi hər hansı bir ölkədən gedir. Amma xeyr, söhbət elə Amerikadan, hələ də onun prezidenti olan Co Baydendən gedir. O ittiham edir ki, Birləşmiş Ştatlarda oğlunu siyasi sifariş əsasında həbs ediblər. Siyasi sifariş əsasında həbs olunan şəxsə isə siyasi məhbus deyirlər. Bəs ABŞ ayrı-ayrı dövlətləri siyasi məhbus məsələsinə görə hədələyir, sanksiyalar tətbiq edir, indi nə baş verir? Birləşmiş Ştatların özündəmi siyasi məhbus var? Bu nə deməkdir? Co Bayden etiraf edir ki, Birləşmiş Ştatlarda hakimiyyətin bir qolu, yəni məhkəmə hakimiyyəti AĞ Evdən, yaxud Dövlət Departamentindən, yaxud da Konqresdən, hər hansı bir siyasi güc mərkəzindən gələn sifariş əsasında qanunazidd addımlar ata bilir?”
Deputat bir maraqlı məqamı da önə çəkdi: “Baydenin mövqeyi, bəyanatı bu qənaətə gəlməyə əsas verir. Baydenin mövqeyindən bir daha hasil olur ki, Birləşmiş Ştatlarda siyasi məhbus var, bunu sübut etmək üçün oğlunu misal gətirir, bunun məhkəmə hakimiyyəti tərəfindən həyata keçirildiyini bildirir. Yeri gəlmişkən, Amerikanın yenidən seçilmiş prezidenti Donald Tramp 2021-ci ilin 6 yanvar hadisələrinə-söhbət seçkinin nəticələrindən narazı qalan respublikaçı kontingentin Konqresə hücumundan gedir - qiymət verərkən həmin dövrdə həbs edilənləri siyasi məhbus adlandırıb, onların siyasi sifariş əsasında həbs edildiklərini söyləyib. Fikir verin, Birləşmiş Ştatların hakimiyyətdən getməkdə olan prezidenti, eləcə də yenidən qalib gələn və vəzifəsinin icrasına başlamaq üzrə olan prezidenti səviyyəsində etiraf olunur ki, Amerikada siyasi məhbus var, siyasi sifarişlər əsasında həbslər həyata keçirilir. Bütün bunlardan sonra Birləşmiş Ştatlar hansı haqla ayrı-ayrı dövlətləri insan hüquqlarının pozulmasında, siyasi məhbus məsələsində ittiham edir. Bunun üçün Amerikanın hansı mənəvi haqqı var? Əgər dövlətin ali rəhbərləri səviyyəsində siyasi məhbus məsələsi gündəmə gətirilirsə və bu məsələ sübut olunursa. Bu yerdə artıq necə deyərlər, "no comment". Hesab edirəm ki, bundan sonra Birləşmiş Ştatlarda ayrı-ayrı siyasi qüvvələrin - istər Konqresin, istər Dövlət Departamentinin, istərsə də Ağ Evin - Azərbaycanı müxtəlif məsələlərdə ittiham etməyə heç bir mənəvi haqqı yoxdur, heç bir əsası da olmayacaq. Əgər ittiham etsələr, öncəlikdə güzgüdə özlərinə baxarlar".
Naqif Həmzəyev
Deputat Naqif Həmzəyev hesab edir ki, Baydenin qərarı o, hakimiyyətdən gedəndən sonra ləğv oluna bilər: “Çox təəssüflər olsun ki, demokratiyadan, insan haqlarının aliliyindən dəm vuran Bayden hökuməti, xüsusilə onun özü cinayət törətmiş şəxsin, konkret desək, oğlunun əfv edilməsi ilə yenidən gündəmə gəldi. Düşünürəm ki, bu əfv ədalətli deyil. Bayden onsuz da hakimiyyəti təhvil verməyə hazırlaşır. Hakimiyyət dəyişikliyindən sonra bu araşdırma davam etdirilməlidir. İnanıram ki, Amerikada həqiqətən ədalət varsa, onlar verilmiş bu qərarı yenidən araşdıracaqlar. Böyük ehtimalla, bu əfv ləğv edilə və yaxud yeni faktlar əsasında yenidən Baydenin oğlunun məhkəmə qarşısında cavab verməsi təkrarlana bilər. Amma istənilən halda Baydenin səlahiyyətlərindən sui-istifadə etməsi, hüququn aliliyinin pozulması onu göstərir ki, Bayden hakimiyyəti bir sıra məsələlərdə ikilistandartlardan çıxış edib. Onlar şəxsi maraqlarını yeri gələndə dövlət marağından, xalqların hüquqlarından üstün tutublar. Daha çox öz istəklərinin reallaşdırılması üçün istifadə ediblər. Xüsusilə Baydenin məhz həyata keçirdiyi bu əfv hələ uzun illər Bayden hökumətinin uğursuz addımlarından biri kimi xatırlanacaq. Burada ən maraqlısı odur ki, Bayden hökuməti və bu hökumətdə təmsil olunan şəxslər bəzi dövlətlərə demokratiya dərsi keçməyə cəhdlər edir, təhdid dili ilə danışırdılar. Çox vaxt onlar təəssüflər olsun ki, haqq-ədaləti unudaraq, konkret şəkildə diktə ilə öz istəklərini reallaşdırmaq istəyirdilər. Bir daha göründü ki, onların ədalət prinsipi nəyə əsaslanır. Dedikləri ədalət prinsipi nədir. Danışdıqları insan haqları nədən ibarətdir. Şəxsən mən Baydenin atdığı bu addımı qanunun aliliyinin pozulması, səlahiyyətlərdən sui-istifadə kimi dəyərləndirirəm. Düşünürəm ki, Bayden hakimiyyəti tam təhvil verəndən sonra verilmiş bu qərar yenidən mütləq araşdırılacaq və Baydenin oğlunun törətmiş olduğu bir çox cinayətlər, xüsusilə vergidən yayınma cinayəti xüsusi nəzarətə götürüləcək. Əgər həqiqətən də törətmiş olduğu bu cinayətlər sübut olunarsa, o, yenidən məhkəmə qarşısında cavab vermək məcburiyyətində qalacaq”.
Cavanşir ABBASLI,
“Yeni Müsavat”
04 Fevral 2025
03 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ