İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ-dan Gürcüstana hədə - Azərbaycana yan təsirləri...

Deputat: “Amerika heç də çətin günün dostu deyil və ümumiyyətlə...”

Gürcüstan-ABŞ əlaqələri özünün ən kritik dönəmindən keçməkdədir. Bu da xeyli dərəcədə hazırkı hökumətin Qərb üçün oyuncaq olmaq istəməməsi və milli (ailə) dəyərləri və maraqlarını üstün tutması ilə bağlıdır.

(Elə iki gün öncə Gürcüstan parlamenti ölkədə LGBT təbliğatını qadağan edən dəyişikliklər paketini qəbul edib).

Bu fonda Qərbin, özəlliklə ABŞ-ın xüsusilə qarşıdakı (oktyabr) parlament seçkiləri ərəfəsində hakim partiyaya təzyiqləri artmaqdadır. Bu da növbəti fakt.

ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller deyib ki, “Gürcüstan hökuməti ölkəni Avroatlantik trayektoriyadan uzaqlaşdıran olduqca narahatedici istiqamətdə irəliləməkdə davam edir”.

Onun sözlərinə görə, ABŞ və Gürcüstan arasında münasibətlərin hərtərəfli nəzərdən keçirilməsi prosesi gedir.

“Gürcüstan hökuməti çox yanlış istiqamətdə irəliləyir. Biz qanunvericiliyin könüllü qeydiyyatdan keçməmiş təşkilatlara, o cümlədən tənqidi vətəndaş cəmiyyəti təşkilatlarına və müstəqil mediaya tətbiqindən narahatıq. Dövlət katibi Antoni Blinkenin sözlərinə görə, iki ölkə arasında münasibətlər hərtərəfli nəzərdən keçirilir və bu prosesin tərkib hissəsi kimi ABŞ artıq müəyyən tədbirlər görüb. Biz onlarla insana və onların ailə üzvlərinə, o cümlədən ”Gürcü Arzusu" Partiyasının (hakim partiya - red.) üzvlərinə, parlamentarilərə, hüquq-mühafizə orqanlarının əməkdaşlarına və digər şəxslərə viza məhdudiyyəti tətbiq etmişik. Gürcüstan hökumətinin birbaşa xeyrinə olan 95 milyon dollar yardımı dayandırmışıq. Prosesin ikinci hissəsi hazırda davam edir, lakin mən növbəti addımlar barədə danışmaq fikrində deyiləm", - Miller bildirib.

ABŞ-Gürcüstan münasibətlərinin kritik həddədək korlanması mümkünmü və bunun Azərbaycana hansı yan təsirləri ola bilər? Nəzərə alsaq ki, ölkəmizin Avropaya əsas logistik marşrutları Gürcüstandan keçir?

Kamran Bayramov: Heç bir təxribat polisimizin cəmiyyətdə olan nüfuzunu  sarsıda bilməz - AZƏRTAC

Kamran Bayramov

Deputat Kamran Bayramovun sözlərinə görə, ABŞ Gürcüstana əsl simasını göstərdi: “Vaxtilə Gürcüstana qucaq açan Amerika bu gün bu ölkə ilə əlaqələrini kəsməyə yönəlik addımlar atır. Bu gün belə demək mümkünsə, ABŞ Gürcüstana əsl simasını göstərdi. Və bəlli oldu ki, Amerika heç də çətin günün dostu deyil və ümumiyyətlə, heç kimə, o cümlədən də Gürcüstana dost deyilmiş. Sadəcə, Ağ Evdəkilər öz siyasi və iqtisadi maraqlarına görə hər bir ölkəyə fərdi yanaşır. ABŞ-ın və Aİ-nin, hətta NATO-nun ”incikliyinin" tək səbəbi isə “Xarici təsirin şəffaflığı haqqında” qanunun qəbulu və qüvvəyə minməsidir. Belə ki, bu günlərdə tək bir qanunvericilik aktına görə Qərb Gürcüstanla bütün körpüləri yandırdı. Halbuki, bu qanun ABŞ-da və Aİ ölkələrində çoxdan qüvvəyə minib. Amma nədənsə Qərb özlərində qüvvədə olan qanunun Gürcüstanda icra edilməsini istəmir. Beləliklə, Qərb bütün diplomatik nəzakət qaydalarını pozaraq Gürcüstanı siyasi, iqtisadi və diplomatik təzyiq altında saxlayır. Dünənə qədər Gürcüstanın Avropa dəyərlərini bölüşdüyünü bəyan edən Qərb hökumətin müstəqil xarakter nümayiş etdirməsindən sonra rəsmi Tiflisi birdən-birə demokratiyanı təhlükə altına salmaqda ittiham edir. Bunun ardınca, Aİ üzvlüyünə namizədliklə bağlı danışıqların dondurulacağı, yerli vətəndaşlara qarşı viza rejiminin yenidən bərpa ediləcəyi, qanunun qəbulu ilə bağlı rəsmi şəxslərə qarşı sanksiyaların tətbiq olunacağı ilə bağlı hədələr səslənir. Təsadüfi deyil ki, bir müddət əvvəl Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozef Borrell bu qanunun Aİ-nin əsas prinsip və dəyərlərinə zidd olduğunu, Gürcüstanın təşkilata gedən yoluna mənfi təsir göstərəcəyini bəyan edərək bildirmişdi ki, biz, Gürcüstan hakimiyyətini bu tendensiyanın qarşısını almağa və Aİ yoluna qətiyyətlə qayıtmağa çağırırıq. Dinamikanı dəyişdirmək üçün hələ vaxt var, lakin idarəetmə orqanlarından güclü öhdəlik tələb olunur. Aİ və ona üzv dövlətləri bu hadisələrə cavab vermək üçün bütün variantlarını nəzərdən keçirir. ABŞ-ın addımları isə daha konkret oldu. Belə ki, ABŞ Gürcüstana qarşı sanksiyaların tətbiqinə başladı. Rəsmi Vaşinqton Gürcüstan vətəndaşına, o cümlədən, rəsmi şəxslərə və onların ailə üzvlərinə qarşı viza sanksiyaları tətbiq edir. Bundan sonra bir sıra Gürcüstan rəsmləri və o cümlədən, parlamentin üzvləri ABŞ-ın viza sanksiyaları ilə üz-üzə qalacaq".

K.Bayramov diqqətə çatdırıb ki, göründüyü kimi Gürcüstan üçün çətin günlər gəlir: “Bildiyimiz kimi,  Gürcüstan hər il həm ABŞ-dan, həm də Aİ-dən maliyyə dəstəyi alırdı. Amma agentura şəbəkəsi haqqında qanunun qüvvəyə minməsindən sonra bu yardımlar müəyyən müddətə də olsa dayanacaq. Çünki Qərb, Gürcüstana lazım olduğu qədər, Gürcüstan da Qərbə lazımdır. Aydın məsələdir ki, əgər Qərb Gürcüstandan əlini çəksə, o zaman məcburən Rusiyaya yaxınlaşmalı olacaq. Bu isə Qərb üçün ən arzuolunmaz variantdır. Bu aspekdən yanaşsaq, Qərbin təhdidləri tədricən səngiyəcək. Gürcüstan hökuməti və xalqı qəti iradə ortaya qoyaraq öz daxil işləri ilə bağlı qərarı özünün verdiyini, kənardan müdaxilələrə sərt cavab verməkdə israrlı olduğunu göstərdi. Gürcüstanda son baş verənlər belə qənaətə gəlməyə əsas verir ki, Qərb onunla hesablaşmayan istənilən ölkəni təzyiq altına sala, sanksiyalara məruz qoya bilər. Gürcüstan hökuməti və xalqı ”Xarici təsirin şəffaflığı haqqında" qanunu qəbul etməklə ölkənin müstəqilliyini və suverenliyini qorumaq məqsədi güdür. Bu isə Qərb dairələrinin xoşuna gəlmir. Onlara müti, Avropanın vassalı olan Gürcüstan lazımdır. Qərbin, Avropanın onunla hesablaşmayan Gürcüstanı qarışdırmaq cəhdləri isə göz qabağındadır. Hesab edirəm ki, Gürcüstan inad edəcəyi təqdirdə qazanacaq. Ən azı ölkənin ərazi bütövlüyü və suveren hüquqları bərpa olunacaq. Lakin həmin zamana qədər Gürcüstan ciddi siyasi və iqtisadi təzyiqlərlə üzləşəcək. Əgər rəsmi Tiflis Qərbin təzyiqlərinə boyun əyməsə, o zaman Rusiya Gürcüstanla münasibətlərinə yenidən baxa bilər. Çünki Rusiya Cənubi Osetiya və Abxaziyanı vaxtilə Gürcüstanın Qərbə meyillənməsi münasibəti ilə işğal etmişdi. Öz sərhədlərində avropalıları və amerikalıları görmək  istəmədiyini bununla bildirmişdi. Artıq 16 ildir ki, Gürcüstanın 20 faiz ərazisi işğal altındadır. Göründüyü kimi, rəsmi Tiflis anlayır ki, Qərb heç zaman 20 faiz torpaqlarının azad olmasında Gürcüstana kömək etməyəcək. Bunun ən bariz nümunəsi Azərbaycan gerçəkliyidir. Azərbaycan 30 ilə yaxın Qərbə inandı, gözlədi. Sonda isə ərazi bütövlüyünü və suveren hüquqlarını öz qətiyyəti hesabına bərpa etdi. Qərbə inanan Moldova da eyni acı aqibəti yaşayır. Ukraynada da həmçinin... Bütün bunlara rəğmən Gürcüstan seçim anındadır. Ya Qərbin arxasınca gedib, ərazilərinin işğal müddətini bir qədər də uzadacaq, ya da heç bir bloka qoşulmadan regional inkişafa və mehriban qonşuluğa meydan açacaq. Bu halda isə Gürcüstanın ərazi bütövlüyünün və suveren hüquqlarının bərpası heç də uzaq görünmür.

K.Bayramov əlavə edib ki, Azərbaycan hər zaman qonşuluq münasibətlərinə önəm verib: “Ölkəmizin son illər artan iqtisadi imkanları, əlverişli coğrafi mövqeyindən maksimum fayda əldə etmək bacarığı, beynəlxalq aləmə inteqrasiyası ölkənin qonşuları ilə münasibətlərinə müsbət təsir göstərib. Azərbaycanın qonşu dövlətlərlə olan siyasətində Gürcüstanla əlaqələr xüsusi əhəmiyyət kəsb edir. Beləliklə, Gürcüstan Azərbaycanın enerji resurslarının Avropa bazarlarına çatdırılmasında, eləcə də, Şərqdən Qərbə yüklərin daşınmasında mühüm tranzit rolunu oynayır. Azərbaycan Gürcüstanla birlikdə Cənubi Qafqazın Avropa və Asiya arasında inkişaf mərkəzi olmasına kömək edən yaxşı tandem yaradıb. Ona görə də Gürcüstan Azərbaycansız Asiya ilə Avropa arasında dəhliz ola bilməz. Eyni zamanda, Azərbaycan-Gürcüstan dostluğunun çox qədim tarixi var. Bu iki ölkə təkcə qonşu və dost deyil, həm də mühüm strateji tərəfdaşdır. Hesab edirəm ki, heç bir maneə bu münasibətlərə xələl gətirə bilməz”.

Rəşad Bayramov: “Azərbaycan nümayəndə heyəti 2016-cı ildə İranda təzyiq  altındamı olub?” » Ovqat.com

Rəşad Bayramov

AMİP Ali Məclisinin sədri, politoloq Rəşad Bayramov Qərb tərəfindən Gürcüstana qarşı sanksiyaların daha da genişlənəcəyini proqnozlaşdırır: “Gürcüstanın ABŞ-la və bir sıra Avropa İnstitutları ilə münasibətlərinin korlanmasının arxasında həmin ölkələrin Gürcüstanı özlərinə tabe etdirmək və Ermənistan hakimiyyətini olduğu kimi, Gürcüstan hakimiyyətini də oyuncaq hakimiyyətə çevirmək istəyi dayanır. Yəni söhbət heç də Gürcüstanda qəbul olunan qanunlarla hansısa azadlıqların məhdudlaşdırılmasından və Qərbin buna etirazından getmir. Qərb üçün Gürcüstanda xarici təsirlər və ya LGBT-nin təbliğatının qadağan olunması ilə bağlı qəbul olunmuş qanunlar sadəcə bəhanədir. Cənubi Qafqazı öz təsiri altına almaq istəyən və nəticə etibarilə Rusiyanı regiondan tamamilə sıxışdırıb çıxarmağa cəhd edən Qərb Ermənistanı ram etdikdən sonra Azərbaycan və Gürcüstana qarşı təzyiqləri artırıb. Azərbaycanla bağlı təzyiqlərin fayda vermədiyini gördükdən sonra indi bütün imkanları ilə Gürcüstanı hədəfə alır.

ABŞ tərəfindən Gürcüstana ayrılmış 95 milyon dollar yardımın dayandırılması, Gürcüstanın hakim partiyası olan “Gürcü arzusu” təmsilçilərinə və hökumət nümayəndələrinə qarşı sanksiyaların tətbiqi də bu təzyiqlərin tərkib hissəsidir.

Düşünürəm ki, biz yaxın vaxtlarda Gürcüstana qarşı daha geniş sanksiyaların şahidi olacağıq. Gələn ay Gürcüstanda parlament seçkilərinin keçiriləcəyini nəzərə alsaq, Qərbin bütün imkanları ilə hakimiyyətin nüfuzdan düşməsi üçün addımlar atacağını gözləmək olar. Etiraz aksiyalarının stimullaşdırılması üçün külli miqdarda maliyyə vəsaitinin ayrılacağı da sirr deyil. Gürcüstanın mövcud hakimiyyətinin bu təzyiqlərə hansı şəkildə davam gətirə biləcəyini proqnozlaşdırmaq çətindir və bunu zaman göstərəcək. Amma istənilən halda bunun bizim üçün elə də ciddi yan təsirlərinin olacağını düşünmürəm. Əvvəla ona görə ki, Gürcüstanda kimin hakimiyyətə gəlməsindən asılı olmayaraq həmin hakimiyyət Azərbaycanla yaxşı münasibətləri qoruyub saxlamağa məhkumdur. Çünki, birincisi, bu ölkənin bir sıra strateji məhsulları məhz bizim tərəfimizdən təmin olunur. İkincisi isə Gürcüstan iqtisadiyyatının əsasını məhz elə logistik imkanlardan əldə olunan gəlirlər təşkil edir.

Vacib məqamlardan biri də istər Bakı-Tiflis-Qars dəmir yollu xətti, istərsə də Bakı-Tiflis-Ceyhan neft kəməri xətlərinin Qərbin özü üçün də vacib olmasından ibarətdir. Yəni başqa sözlə hakimiyyətə hansı qüvvələrin gəlməsindən asılı olmayaraq logistik marşrutların hədəfə alınacağına inanmıram".

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR