İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ-dakı səfirliyimizin avtomobilinə atılan güllə - hədəf həm də Blinkendir...

Azərbaycanın diplomatik korpuslarına radikal ermənilərin hücumları artır; bu hadisə ABŞ dövlət katibinin sülh prosesində aktiv mövqe tutduğu bir vaxta təsadüf edir - deputat və ekspertlərin rəyi

Oktyabrın 10-dan 11-nə keçən gecə Vaşinqtonda Azərbaycanın ABŞ-dakı səfirliyinin xidməti avtomobili atəşə tutulub. “Yeni Müsavat” xatırladır ki, hadisə ilə bağlı Azərbaycanın diplomatik nümayəndəliyi ABŞ-ın müvafiq strukturlarını məlumatlandırıb və kamera görüntülərini təqdim edib. Bununla əlaqədar oktyabrın 12-də ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili Xarici İşlər Nazirliyinə çağırılıb, o, baş vermiş insidentdən ciddi narahatlıq və narazılıq ifadə edib, Azərbaycan diplomatik nümayəndəliyinin təhlükəsizliyinin təmin edilməsi tələbi ilə çıxış edib.

Yada salaq ki, avqustun 4-də bir neçə şəxs Londonda Azərbaycan səfirliyinə hücum etmişdi. Onlar səfirliyin yerləşdiyi binada Azərbaycan bayrağını çıxarıb yerinə dini şüar yazılmış bayraq taxıblar, divarlara, pəncərələrə ərəb dilində şüar yazıb və səsləndirmişdilər. Sentyabrın 18-də isə Azərbaycanın Fransadakı səfirliyinin inzibati binasına radikal erməni qrup üzvlərinin hücum edərək səfirliyə zorla daxil olmağa cəhd etmişdilər, əllərindəki əşyalarla binaya və ətraf əraziyə maddi ziyan vurmuşdular. Sentyabrın 19-da isə Fransanın Azərbaycandakı səfiri Zakari Qros Xarici İşlər Nazirliyinə çağırılıb və görüş zamanı Fransadakı Azərbaycan səfirliyinə qarşı bu ölkədəki radikal erməni qrupları tərəfindən törədilən hücumla bağlı XİN-in etiraz notası Fransa səfirinə təqdim edilib.

Elə həmin gün Gürcüstanın paytaxtı Tiflisdə də ermənilər Azərbaycan səfirliyinə qarşı təxribata cəhd ediblər. Belə ki, Tiflisdə yaşayan ermənilər Azərbaycanın Gürcüstandakı səfirliyinə doğru yürüş etmək istəyiblər. Londondakı hadisə Azərbaycan Ordusunun Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvlərinin terror-təxribat əməlinə cavab olaraq keçirdiyi “Qisas” əməliyyatından bir gün sonraya təsadüf etmişdi. Fransadakı səfirliyimizə hücum Ermənistanın sərhəd təxribatına Azərbaycan Ordusunun sərt cavabından sonra gerçəkləşmişdi. ABŞ-dakı səfirliyin avtomobilinin atəşə tutulması isə Praqa razılaşmasından sonra baş verib. Üstəlik, bu hadisənin son vaxtlar məhz ABŞ dövlət katibinin sülh prosesində aktiv mövqe tutduğu bir vaxta təsadüf etməsi diqqət çəkir. Bu həm də o anlama gəlir ki, son hücum Amerikanın sülh cəhdinə atılmış güllədir.        

Bu hücumlar müxtəlif ölkələrdə gerçəkləşsə də, şübhə yoxdur ki, bir mərkəzdən idarə olunur. Nəzərə almaq lazımdır ki, ermənilərin ASALA və başqa terror təşkilatları var. Onlar yarandıqları gündən Azərbaycana və Türkiyəyə qarşı fəaliyyət göstərirlər, diplomatik korpusları hədəf alırlar. Son hücum cəhdlərinin arxasında da erməni terror qruplarının durduğu şübhə doğurmur. Səfirlik qarşısında etiraz aksiyaları bütün dünyada normal haldır, Azərbaycanın xaricdə yaşayan fəalları da müxtəlif dövlətlərin səfirlik binaları qarşısında bu cür tədbirlər təşkil edirlər. Amma diplomatik korpusun yerləşdiyi binaya hücum fərqli anlamdır, cinayət əməlidir. Səfirliyə hücum elə həmin dövlətə, konkret halda isə Azərbaycana hücum deməkdir, çünki səfirlik ərazisi, hansı ölkədə olsa da, bizim ərazimiz sayılır. Ancaq ABŞ-dakı hadisə artıq diplomatlarımıza yönəlik açıq terror cəhdidir.

Xarici İşlər Nazirliyinin bəyanatında da qeyd olunur ki, son vaxtlar xarici ölkələrdəki erməni icmalarının radikal nümayəndələri tərəfindən Azərbaycanın diplomatik nümayəndəliklərinə hücumların sistematik xarakter daşıması, o cümlədən Azərbaycanın Vaşinqton, Paris, Beyrutdakı səfirliklərinə qarşı hücumlar və vandalizm aktları ciddi narahatlıq yaradır. Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəliklərinin təhlükəsizliyinin təmin edilməsi beynəlxalq konvensiyaya uyğun olaraq qəbul edən ölkənin üzərinə düşür. Bununla bağlı Azərbaycan XİN hər bir insidentlə bağlı müvafiq araşdırma aparılması və Azərbaycan səfirliklərinin və diplomatlarının təhlükəsizliyinin lazımi səviyyədə təmin edilməsi tələbini bir daha vurğulayır. Bəyanatda hadisələrdə erməni izi olduğuna dair xatırlatmalar var: “1991-ci ildə Ermənistan müstəqilliyini elan etdikdən sonra bu dövlət Azərbaycana qarşı ərazi iddialarını həyata keçirmək üçün terrorizmi dövlət siyasəti vasitəsinə çevirib. Ermənistan Azərbaycan ərazilərinin işğalı prosesində ölkəmizin müxtəlif yerlərində terror vasitələrindən istifadə edib, Bakı şəhərində terror aktları törədib. Dünyanın müxtəlif ölkələrində çalışmış 24 türk diplomatı erməni terrorunun qurbanı olub. XİN təəssüflə qeyd edir ki, son günlər törədilmiş hücumlar, 2020-ci ildə Avropa paytaxtlarında və Los-Ancelesdə Azərbaycanın diplomatik nümayəndəliklərinə, eləcə də Azərbaycanın diplomatik korpusunun üzvlərinə qarşı törədilmiş hücumlarla bağlı heç kim məsuliyyətə cəlb edilməyib”.  Bu hücumlar göstərir ki, ermənilər sülh istəmir. Baş verənləri erməni lobbisinin sülhə qarşı müqaviməti kimi izah etmək olarmı?

Fayl:Elman Nəsirov.jpg — Vikipediya

 Elman Nəsirov

Deputat Elman Nəsirov “Yeni Müsavat”a açıqladı ki, son zamanlar xarici ölkələrdə olan səfirliklərimizə radikal erməni qruplaşmalarının hücumları artmaqdadır: “ABŞ-dan öncə də Parisdə, Beyrutda, Tiflisdə təxribatlar baş verdi. Bizə hücumların artmasının yeganə səbəbi odur ki, İkinci Qarabağ müharibəsində qalib gəlmişik və belə olan vəziyyətdə ermənilər öz xislətini göstərməyə çalışırlar, terrorçu addımlar atırlar. Terrorizm zəiflərin silahıdır. Döyüş meydanında üz-üzə gələ bilməyəndə asimmetrik hücumlara əl atırlar, dinc əhalini hədəfə alırlar, diplomatik korpuslara terror etmək istəyirlər. Bu, birbaşa terror əməlidir və arxasında Ermənistan dayanır. ASALA-nı qəhrəmanlaşdıran, Njdeyə heykəl qoyan, Daşnaksütyunu siyasi iqtidara gətirənlərdən nə gözləyirsiniz?” E.Nəsirov hesab edir ki, diplomatik nümayəndəliklərimizə nəzarət güclənməlidir: “Hələ 2020-ci ildən bu basqınlar edilir, lakin həmin ölkələrin hüquq-mühafizə orqanları bu təxribatları törədənləri cəzalandırmır, bu da radikal erməniləri arxayınlaşdırır. Dünyada erməni terrorizmi var və biz onunla üz-üzəyik”.

Rusiyaya agentlik etməyim barədə deyilənlər cəfəngiyyatdır” - Tofiq Abbasov  | Hafta.az

Tofiq Abbasov

Politoloq Tofiq Abbasovun qəzetimizə bildirdiyinə görə, bu hadisələrdə açıq-aşkar erməni izi görünür. Onun fikrincə, səfirliklərimizə hücum olan ölkələrə baxanda bu aydın olur: “Həmin ölkələrdə ermənilər var, aktivdirlər və Türkiyəyə, Azərbaycana qarşı fəaliyyətdədirlər. Onlar çalışırlar ki, həmin ölkələrdə siyasi bazarları genişləndirsinlər, bizi buna cavab verməyə sövq etsinlər, sonra desinlər ki, görürsünüz, ermənilərə hücum olunur. Ona görə bu cür hərəkətlərlə onlar qarşıdurmanı gündəmə gətirmək arzusundadırlar. Ancaq anlamırlar ki, azərbaycanlılar ermənilər kimi vəhşi, barbar deyil, biz mülayimik, dialoq tərəfdarıyıq”. Politoloq qeyd edir ki, 1918-20-ci illərdə də ermənilər ziyalılarımızı öldürüblər: “Erməni terroru həmişə olub. Onların içində normal adamlar var, amma bu xətt daha çox üstünlük təşkil edir. Bunlar çalışır ki, körpülər yansın, prosesi üçüncü ölkələrdə həyata keçirsinlər, münasibətlər qurulmasın. O baxımdan, Blinken Bakıya zəng edir, bunlar ardınca məntiqsiz addımlar atırlar. Biz nə qədər "gəlin danışaq" deyirik, onlar getdikcə azğınlaşırlar, qarşıdurmanın zolağını genişləndirməyə kökləniblər. Amma Azərbaycan 30 il əvvəlki deyil və heç nəyə nail olmayacaqlar".

Oxu.az - Ramiyə Məmmədova: “Ermənilər Türkiyədə pul qazanır, amma  Ermənistanda türk görmək istəmirlər”

Ramiyə Məmmədova

Siyasi şərhçi Ramiyə Məmmədova səfirliklərə olan hücumların bir kampaniya olduğunu düşünür: “Rusiyada deyil, Qərb ölkələrində belə hallara rast gəlinir. Erməni diasporu var gücü ilə vəziyyəti qızışdırmağa, revanşist əhval-ruhiyyə yaratmağa çalışır. Hesab edirlər ki, dünya ictimaiyyətində Azərbaycanın "işğalçı" obrazını yaratmağa müvəffəq olacaqlar. Guya ordumuz onlara aid ərazilərdə yerləşib və həşir qoparırlar ki, qoymayın, türklər bizi qıracaqlar. Amma nə Blinkenin zəngində, nə Praqa görüşündə, nə Makronun bəyanatlarında artıq Azərbaycan əleyhinə ifadələrə rast gəlinmir. Onlar sülh sənədinin imzalanmasının vacibliyini dərk edirlər. Bilirlər ki, saziş imzalansa, Rusiyaya zərbə vurmuş olacaqlar. Bunun üçün vasitəçilik yarışında tələsməyə məcburdurlar. Amma erməni lobbisi prosesi pozmağa can atır. Onlar Paşinyanla hesablaşmırlar və səfirliklərə edilən hücumların mahiyyəti də sülh işinə xələl gətirməkdir".

Emil SALAMOĞLU
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR