İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ-da kimlər prezident olmaq istəyir? – “Nyu-York Tayms”

ABŞ-da 2024-cü ilin prezident seçkisinə qoşulanlar 11 nəfərə çatıb. Novator.az saytı “Nyu-York Tayms” qəzetinə istinadla bildirir ki, onların 3-ü Demokratlar Partiyasını, 8-i Respublikaçılar Partiyasını təmsil edir.

2024-cü il noyabrın 5-i prezident seçkisinin ilk raundu keçiriləcək. Həmin gün 50 ştat və 1 federal dairədən xüsusi nümayəndələr – Seçicilər Kollegiyası seçiləcək. Ümumxalq səsverməsindən sonra Seçicilər Kollegiyası prezidenti seçməli, bu barədə qərar Konqresin aşağı və yuxarı palatalarının birgə iclasında təsdiqlənməlidir.

Prezident seçilmək üçün 538 nümayəndədən 270-nin səsini qazanmaq lazımdır.

ABSH-prezidentliye-iddiacilar.jpg (87 KB)

2021-ci il yanvarın 20-dən prezident postunu tutan Demokratlar Partiyasının üzvü Cozef Bayden 2024-cü ilin seçkisində də namizəd olacağını bəyan edib.

Demokratlar Partiyasından ali kürsüyə daha iki iddiaçı var: yazıçı və siyasətçi Marianna Uilyamson və hüquqşünas, yazıçı Robert Frensis Kennedi.

Respublikaçılar Partiyasından əsas iddiaçı Donald Tramp 2017-2021-ci illərdə prezidentlik edib. Həmin dövrdə vitse-prezident olmuş Mayk Pens də dövlət başçısı postuna iddialıdır.

Donald Trampın prezidentliyi dövründə ABŞ-ın BMT-dəki daimi nümayəndəsi olmuş Nikki Heyli də dövlət başçısı kürsüsünə oturmaq istəyir.

Respublikaçılar Partiyasından prezidentliyə əsas iddiaçılardan biri Ronald Dion Desantis 2012, 2014, 2016-cı illərdə Florida ştatından Nümayəndələr Palatasına seçilib. 2018 və 2022-ci illərdə Florida ştatının qubernatoru postuna mandat alıb.

Konqresin yuxarı palatası olan Senatın üzvü Tim Skott, Arkanzas ştatının sabiq qubernatoru Asa Xatçinson, sahibkar, yazıçı Vivek Ramasvami, jurnalist Larri Elder də prezidentliyə can atırlar.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR